Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Eçara kəndinə gətirilib.
Kanal15.tv-nin hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, şəhidin nəşi izdihamlı insan toplusunun müşayiəti ilə qarşılanıb.
Minlərlə insan şəhidin dəfnində iştirak edib. Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndələri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Cəlilabad rayon Şöbəsinin nümayəndələri iştirak ediblər.
Şəhid Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən yaylım atəşi açıldıqdan sonra torpağa tapşırılıb.
Qeyd edək ki, iyulun 30-a keçən gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhali və ərazilərimiz iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1993-cü il təvəllüdlü Əkbərli Hüseyn Zakir oğlu şəhid olub.
Allah rəhmət eləsin.
http://kanal15.tv/2017/07/31/səhid-zabitimiz-torpaga-tapsirildi-video/