O, 7-ci sinif şagirdidir.
5 həftəlik sürətli oxuma proqramını öyrənməyə başlayan zaman Vaqif 1 dəqiqə ərzində cəmi 170 söz oxuya bilirdi. Təxmini hesablamalara görə, indi 1 dəqiqə ərzində 15 mindən artıq söz oxuya bilir. Bu isə dünya üzrə yeni rekord deməkdir. Belə ki, sürətli oxuma üzrə mövcud rekorda 1 dəqiqəyə 6 min söz oxuyan amerikalı gənc sahibdir. Amma ötən il Türkiyə vətəndaşı olan 12 yaşlı Tarık Yiğit yeni rekorda imza ataraq 1 dəqiqədə 11 min 725 söz oxuyub. İndi isə bu rekordu 13 yaşlı Vaqif yeniləmək iqtidarındadır. O, bir saat ərzində təxminən 10-12 kitab oxuya bilir. Vaqifin sürətli kitab oxumağa marağı Türkiyə televiziyasında baxdığı verilişdən sonra yaranıb. Bir dəqiqə ərzində 13 min söz oxuyan uşağın rekordunu təzələyəcəyini özünə söz verən Vaqif təxminən 2 ay məşqlə bunu bacarıb.
Bəzən bu cür istedadlı uşaqların hansısa psixoloji pozuntusu var deyirlər. Psixoloq isə bununla razılaşmır və bu cür uşaqların həqiqətən də xüsusi istedada malik olduğunu bildirir.
İndi Vaqifin ən böyük arzularından biri “Ginnesin Rekordlar Kitabı”na düşməkdir. Yəqin ki, 13 yaşlı azərbaycanlı Vaqif Rüstəmovun adı tezliklə istedadına uyğun dünya rekordu sıralamasında yer alacaq.
Günay Elşadqızı, İlkin Mehtiyev, ATV Xəbər