AĞDAM, BAŞINA DÖNÜM
Nə müddətdir çatmır sənə harayım,
Ömrə yükdür sənsiz keçən hər ayım,
Budurmu Tanrıdan sonuncu payım,
Sənsiz nə söyləyim, mən necə dinim,
Ağdam, anam mənim, başına dönüm.
İllər keçdi, igidlərin qocaldı,
Düşmən bizdən səni sanki bac aldı,
Fəryadımız asimana ucaldı,
Yetişmədi qulağıma öz ünüm,
Ağdam, doğma diyar, başına dönüm.
Şəhidlərin sırasında baş olum,
Anaların gözlərində yaş olum,
Tufanlara sinə gərən daş olum,
Oduna alışım, kül olum, sönüm,
Ağdam, ata yurdum, başına dönüm.
Sənsiz keçən ömür, vallah, hədərdi,
Sənsiz qismətimiz qəmdi, kədərdi,
Çəkə bilmir ürək daha bu dərdi,
Sənsən qibləgahım, imanım, dinim,
Ağdam, şəhid balam, başına dönüm.
Sənsən əl çatmayan arzum, muradım,
Pərən-pərən düşüb qohumum, yadım,
Qaçqın çağırılır hər yerdə adım,
Adım German idi bir vaxtlar mənim,
Ağdam, adım-sanım, başına dönüm.