*** Səndədir ***
Eşqin əsir edib məni fərmanı səndədir,
Bir dərdə salmısan məni, dərmanı səndədir.
Könlüm əsir olubsa da bilməm nə sirrdir ?
Ömrün gözəl məqamı, şirin anı səndədir.
Hicrin əyibdi qəddimi, alnım qırışlanıb,
Dəhrin görən deyir qəmi- hicranı səndədir.
Yol çəkdi gözlərim sənin arxanca, gözlədim,
Sən gəlmədin əgər, demə nöqsanı səndədir.
Gülşəndə bir çiçək sənə nisbətdə görmədim,
Eşqin ətir saçan gülü- reyhanı səndədir.
Almaqdan ötrü canını Ceyhundan istəsən,
Çoxdan fəda verib ürəyin, canı səndədir.
müəllif : Ceyhun Quliyev 10.11.2021
*** Sonet *** ( səri bəhri )
Nəfs ötürür zehninə bir anlığı-
Əyri yol i(y)lən dolana xəlvəti,
,,Taxtabaş"ın eyninə gəlmir qəti,
Çıxsa da hərgah üzə şeytanlığı.
Vay o kəsin halına insanlığı-
Boş verə, sandıqda yığa sərvəti,
Bəlkə dəyişməz belə bədheybəti,
Tənqid edildikcə qudurğanlığı.
İstəyimiz varsa görək cənnəti-
Onda halallıqla çəkək zəhməti,
Anlayaraq sonrakı peşmanlığı.
Bəndənin aqillik ola niyyəti-
Cibdə yox, ağlında arar dövləti,
Tullasa axmaqlığı, nadanlığı.
müəllif : Ceyhun Quliyev 12.11.2021.