KƏNDİM YADIMA DÜŞÜR
Sonalı göl gürəndə,
Bir qərib el görəndə,
Çiçəkli çöl görəndə,
Kəndim yadıma düşür.
Baharın xoş çağında,
Üzü gülər bağında.
Dağların qucağında,
Kəndim yadıma düşür.
Leysan yağış yağanda,
Buludlar toqquşanda,
Göydə şimşək çaxanda,
Kəndim yadıma düşür.
Bülbülün nəğməsində,
Durnanın cərgəsində,
Şəlalənin səsində,
Kəndim yadıma düşür.
Zümrüd meşə görəndə,
Ağca güllər dərəndə,
Qızlar çələng hörəndə,
Kəndim yadıma düşür.
Qəm könlümü dağlasa,
Dost yaramı bağlasa,
Rahilə tək ağlasa,
Kəndim yadıma düşür.