Ramazan ayının 2-ci gününün duası:
İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar ki, (Allah) onlara (əməllərinin) mükafatlarını versin və Öz lütfündən (kərəmindən) onlara artırsın! Həqiqətən, (Allah) bağışlayandır, qədirbiləndir! (Bəndələrinə Ona etdikləri şükür müqabilində bol nemət əta edər).
(Fatir surəsi, ayə 29-30)
(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.
(Bəqərə surəsi, ayə 215)
Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver! O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.
(Həcc surəsi, ayə 34-35)