DƏYDİ...
Düşdü qəribliyə şeirim-sözüm,
Ələnən ilhamım yellərə dəydi...
Bir sarı saçlını oxşamadım ki,
Deyəydim əllərim tellərə dəydi.
Ögey divardandı yuvam, otağım,
Nə solum tanışdı, nə də ki, sağım.
Bağlı qapıları döyən barmağım,
Neçə düymələrə-zillərə dəydi...
Üzdüm dəryasını, "Nuh" sığalladı,
Gördüyüm məkanlar ruh sığalladı.
Ötürdüm köksümü, "ah" sığalladı,
Gözüm çiçəklərə, güllərə dəydi...
Düşsəm də şəkildə mən gülə-gülə,
Hıçqırdım gizlincə, yaş döndü selə.
Qürbət sazağında çəkdiyim çilə,
Vətəndə keçdiyim illərə dəydi...
Yaşar QAFQAZLI
Raciborz (Polşa)
20.08.2023
SONRA GET...
İzin ver, qoy yazım, şeir baxışlım,
Səni misra -misra düzüm, sonra get!
Çəkim əllərimi siyah tellərə,
Bəyaz buxağında gəzim, sonra get...
İntizar şehini gözdən silək ki,
Kamına yetişsin arzu-dilək ki,
Gəl, elə sarmaşaq, eləbilək ki,
Bu dünya bir anlıq bizim, sonra get.
Eşqim, həyacanım vursa sərimə,
Titrəsin əllərin, mum tək ərimə!
Gülümsə aynada dodaq yerimə,
Qalsın yanağında izim, sonra get...
Döndərsin QAFQAZLI birtəhər səni...
Atsın qollarıma bu şəhər səni.
Öpdükcə, aparsın isti tər səni,
Sıxılsın qoynunda üzüm, sonra get.
Yaşar QAFQAZLI
Tiflis: 07.05.2023