Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarıdır Qısqanc arxiv alimlərinə praktik tədqiqatçı-tarixçi
tərəfindən özünü təsdiqləmə cavabı Mən tarixçi-etnoqraf Həşim Adil oğlu Kəlbiyev 20 ildir Talışı addım-addım, kənd bə kənd gəzərək bu bölgədə yaşayan xalqın etnoqrafik və arxeoloji tarixini araşdırmaqla məşğulam. Azərbaycan Respublikasında nəşr olunan elmi məcmuələrdə Talışın etnoqrafiyasına və tarixinə dair onlarca məqalə çap etdirmiş, hər biri 7-8 çap vərəqi olmaqla 5 monoqrafiya yazmışam. Son 10 il ərzində çap etdirdiyim bu əsərlərdən Talışın tarixinə həsr olunmuş və AMEA-nın müvafiq şöbələri tərəfindən rəy verilmiş son iki monoqrafiyam "Ərəb müəllifləri Talış haqqında” və "Kadusilərin (qədim talışların) Azərbaycan tarixində rolu” əsərlərim nədənsə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun professoru T.Mustafazadəni və bir vaxt mənim tələbəm olmuş, çox da əla oxumayan "Talış xanlığı” terminini heç bir sübut olmadan "Lənkəran xanlığı” etmək hesabına T.Mustafazadənin himayəsi ilə tarix elmləri namizədi olmuş İ.Məmmədovanı qıcıqlandırmışdır. Onların qısqanccasına öz məcmuələrində ("Tarix və gerçəklik” məcmuəsi, Azərbaycan Tarix Qurumunundur və bu qurumun rəhbəri tənqidi yazının müəllifi T.Mustafazadədir) mənim yazdıqlarımı tənqid etmələri məni Sizə müraciət etməyə vadar etdi. Son ifadəmə (vadar etdi) görə sizdən üzr istəyirəm. Mən elmi araşdırma ilə məşğul olduğuma görə bu vaxta qədər populyar qəzetlərə yazı verməmişəm. Eyni zamanda talışların yeganə qəzeti olan «Tolışi sədo» qəzetinə ünvanladığım bu yazını talış dilində yazmadığıma görə məni bagışlayın, ana dilimdə yazmadım ona gprə ki, yazını bütün Azərbaycan vətəndaşları oxuya bilsin. Əlqərəz, çox uzatmayım. İndi isə keçək mənim öz xalqım haqqında yazdığım kitabları tənqid edənlərin tənqidi yazılarının təhlilinə.
Mənim "Kadusilərin (qədim talışların) Azərbaycan tarixində rolu” əsərimə tənqid yazan T.Mustafazadə (çox ehtimal ki, o yazını T.Mustafazadə yetirməsi İ.Məmmədovaya yazdırıb. Mən T.Mustafazadənin qələmini, ifadə tərzini yaxşı bilirəm və onu da bilirəm ki, T.Mustafazadə mənim yazdığım qədim dövr tarixinin deyil, XVII-XVIII əsr tarixi dövrün mütəxəssisidir. Daha gülünc olanı isə orasıdır ki, mənim tənqid olunan kitabım 2008-ci ilin mart ayında çapdan çıxdığı halda kitabım haqqında tənqidi yazı 2007-ci ilə aid edilən "Tarix və gerçəklik” jurnalında çap olunmuşdur. Qəribədir, görəsən işıq üzü görməyən kitabı ondan 1 il əvvəl çap olunan jurnalda necə tənqid etnək olar? Yox, əgər adı çəkilən jurnal 2008 və ya 2009-cu ildə 2007-ci il tarixi ilə çap olunubsa bu fakt T.Mustafazadənin rəhbəri olduğu qurumun saxtakar qurum olduğunu sübut edir) "Tarix və gerçəklik” adlanan məcmuənin 293 səhifəsindəki yazısının birinci abzastında qeyd edir ki, "kadusilərin talışlarla birbaşa əlaqəsi olub-olmaması, onların qədim talışlar olması mübahisəlidir”. Yuxarıda qeyd etdiyim kimi T.Mustafazadə qədim dövrün mütəxəssisi deyil və çox ehtimal ki, qədim dövrə aid ədəbiyyatları da mütaliə etməmişdir. Bu problemlə bağlı onlarca mütəxəssisdən sitatlar verdiyimizə baxmayaraq qoy T.Mustafazadə bundan sonra heç olmazsa Azərbaycanın tarixçi alimi Q.Qeybullayevin "Azərbaycan türklərinin təşəkkülü tarixindən” (Bakı.1994) kitabını oxusun və görsün ki, o kitabın 222-ci səhifəsində yazılıb: "Atropatenada İrandilli etnoslar da yaşayırdı. Onların ən böyüyü talışların ulu əcdadları olan kadusilər idi”. Daha sonra T.Mustafazadə öz tənqidi yazısında məni "Azərbaycan talışlarının az öyrənilməsi” fikrini söylədiyimə görə tənqid edir. Və təsadüfən əlinə keçən talışlardan bəhs edən iki hesabatı, iki qəzet yazısını (alim özü yaxşı bilir ki, qəzet yazıları elmi hesab olunmur) və iki kitabı göstərməklə guya talışlar haqqında çox yazıldığını sübuta yetirmək istəyir. Bu qısqanclıqla T.Mustafazadə deyəsən söyləmək istəyir ki, talışların da daxil olduğu Azərbaycan tarixi haqqında nə qədər yazılıbsa bəsdir, daha heç nə yazmaq lazım deyil. Halbuki, eşitdiyimizə görə T.Mustafazadənin də daxil olduğu alimlər komissiyasına Azərbaycanın cənub-şərq bölgəsinin (yəni Talışın) səhv etmiriksə 9 fəsildən ibarət tarixinin yazılması artıq bir neçə ildir ki, tapşırılmış və bununla əlaqədar bölgədə AMEA-nın alimlərinin iştirak etdiyi konfranslar da keçirilmişdir (sonuncusu 10 iyul 2008-ci ildə olmuşdur).
T.Mustafazadə tənqidi yazının ikinci abzasında 110 səhifəlik "Kadusilərin (qədim talışların) Azərbaycan tarixində rolu” monoqrafiyamızı yazarkən birbaşa və ya dolayısı ilə istifadə etdiyimiz 8 antik müəllifdən yalnız 3-nün rus dilində olan əsərlərindən istifadə etdiyimizi söyləyir və bizdən nöqsan tutur ki, biz həmin müəlliflərin yunan dilində olan əsərlərindən istifadə etməmişik. Lakin T.Mustafazadə unudub ki, özü də rus dilindən savayı heç bir xarici dili bilmədən onlarca kitab yazıb, yüzlərcə ingilisdilli, almandilli, farsdilli, ermənidilli və s. dillərdə çap olunan müəlliflərə istinad edib.
Görəsən, həqiqətən o, istifadə etdiyi müəlliflərin əsərlərinin hamısını onların yazdığı dildəmi oxumuşdur? Bundan savayı, T.Mustafazadə ümumdünya tarixindən bəhs edən və dünya alimlərinin yazdığı ayrı-ayrı ölkələrin tarixlərini rus və Azərbaycan dilində olanlardan istifadə etməklə bir yerə toplayıb hər biri 1000 səhifədən ibarət II cildlik "Ümumi tarix” kitabını çap etdirib və özünü həmin kitabların müəllifi kimi göstərib. Bu xalturaçı müəllif dərs dediyi universitetdə bu kitabların hər birini 30 manatdan tələbələrə satır. Halbuki, digər müəlliflər kimi bu kitabların heç olmasa bir neçəsini dərs dediyi tələbələrin istifadəsindən ötrü həmin universitetin kitabxanasına bağışlaya bilərdi.
Daha sonra bizim T.Mustafazadədən fərqli olaraq fars dilində olan ədəbiyyatlardan istifadə edə bilməyimizə tənqidi yazı müəllifi qısqanaraq xarici təsir altına düşməyimizdən bəhs edir. Lakin yenə unudur ki, yazdığı yazılarında özü erməni müəlliflərindən istifadə etmişdir. Görəsən, özü onların təsiri altına düşməmişdir ki? Və ya Talış tarixinin talış tərəfindən yazılmasına qısqanclığı hansı təsirdəndir? T.Mustafazadə yaxşı tanıdığı, əleyhinə tənqidi yazı yazdığı müəllif H. Kəlbiyevə nə vaxt bir alim kimi yol göstərmiş, köməklik etmişdir? Və ya H.Kəlbiyevin kitabının nəşr olunmasından sonra on dəfələrlə onunla görüşüb, dəfələrlə bir yerdə çörək kəsdiklərinə baxmayaraq niyə müəllifi bir dəfə də olsun üzünə şifahi tənqid etməmişdir və ya müəllifin elektron ünvanına bir şey yazmamışdır? Bəlkə T.Mustafazadə kompyuterdən və internetdən istifadə edə bilmir (əminik ki, bilmir) və ya bu tənqidi yazı ilə elmi əsərlərinin sayını artırır?
Məcmuənin 294-cü səhifəsində tənqidi yazı müəllifi XIX-XX əsrin əvvəllərində Azərbaycan kənd təsərrüfatı tarixini və kapitalist münasibətlərinin inkişafı tarixini araşdıran alimlərin adlarını qeyd etməklə, əsərlərindən heç bir sitat gətirmədən bizim fikirlərin onlarınkı ilə üst-üstə düşmədiyini söyləyir və qeyd edir ki, biz qədim dillərdən heç birini bilmirik. Lakin T.Mustafazadə yenə unudur ki, (bəlkə də bilmir) prof. İ.M. Dyankonovun və akademik İqrar Əliyevin də qədim hesab etdiyi, mənim danışdığım talış dili qədim dildir. Bunu bilmirsə qoy "Znanie - sila” jurnalına (1985, N-7, s.9) baxsın və görsün ki, ondan fərqli olaraq mən qədim dillərdən heç olmasa birini nəinki bilirəm hətta həmin dildə danışıram.
Daha sonra T.Mustafazadə XIX əsr müəllifi Səid Əli Kazımbəyoğluna istinadən yazır ki, "Talış Gilanın bir hissəsidir...” və cözü gedən məcmüənin 295-ci səhifədə qeyd edir ki, "...onları (yəni talışları - H.K) Azərbaycan ərazisində yerləşdirmək və kadusilərin davamçısı hesab etmək düzgün deyil”. T.Mustafazadənin özünün də tez-tez gəldiyi Lənkəran, Astara, Lerik rayonlarının əhalisi, Yardımlı və Masallı əhalisinin bir hissəsi bu gündə də talış deyilmi? Və ya bu rayonlar Azərbaycanın deyilmi? Həmişə yalnız arxivlərə müraciət edən, real tədqiqatdan uzaq olan T.Mustafazadə bilməlidir ki, istinad etdiyi müəllif Səid Əli XIX əsrdə yaşamış və öz əsərində XVIII-XIX əsrin əvvəllərində mövcud olan Talış xanlığından bəhs etmişdir ki, o vaxt "Azərbaycan dövləti" məfhumu olmamış Xəzər dənizi sahillərinin Gilandan Şirvana qədərki torpaqları Gilanzəmin adlanmışdır.
Məcmuənin 295-ci səhifəsinin 4-cü abzastında Mustafazadə qeyd edir ki, guya yazdığımız kitab "bir tələbə məruzəsi” səviyyəsində işdir, sonra qeyd edir ki, iş qədim tarix üzrə mütəxəssislərin iştirakı ilə müzakirə olunmadan çap edilməməli idi. T. Mustafazadə bilmir ki, Azərbaycanda senzura ləğv edilib və hər kəs öz fikrini azad deyə və yaza bilər? Doğurdan da yazdığımız kitab bir tələbə məruzəsi səviyyəsindədirsə, bəs böyük bir institutun (A.Bakıxanov adına) qədim dövr mütəxxəsislərinin olmadığı şöbəsinin müdiri T.Mustafazadəni niyə qıcıqlandırıb və ya T.Mustafazadə kimi sifarişlə işləyib tənqidi yazı hesabına elmi əsərlərinin sayını artırmaq istəyən qədim dövr mütəxəssisi tapılmadımı?
Daha sonra 295-ci səhifənin 1-2-ci sətirində "..... onları (talışlar nəzərdə tutulur - H.K) Azərbaycan ərazisində yerləşdirmək və kadusilərin davamçısı hesab etmək düzgün deyil” yazan tənqidi yazı sahibi 26 sətirdən sonra özü-özünü təkzib edərək "Bu ərazi (Talış nəzərdə tutulur - H.K) Azərbaycan torpağı olduğundan ərəblərin nəzarətindən çıxması da təbii idi” fikrini söyləməklə özünün yaddaşsızlığını biruzə vermirmi?
Yenə həmin səhifənin 6-cı abzasında yazı müəllifi bizim "Azərbaycanın ayrılmaz və tərkib hissəsi olan Talış torpaqları” ifadəmizdən qıcıqlanaraq nə söyləmək istədiyimizi başa düşmədiyini yazır. Burda müəllifə xatirlamaq yerinə düşər ki, həmin ifadəni başa düşmək üçün "Azərbaycan tarixi coğrafiyası” dərsliyini oxumaq lazımdır, Azərbaycanın ilkin orta əsrlər coğrafi ərazisini bilmək lazımdır və xəritələri oxumağı bacarmaq lazımdır. Daha sonra ən azı bilmək lazımdır ki, bir nahiyyə kimi Talışın da daxil olduğu Ərdəbil eramızın IX-X-cu əsrlərində Saci, Səlari dövlətlərinin, bir müddət Rəvvadilərin də paytaxtı olmuşdur.
Daha sonra "Talış coğrafi ərazi anlamıdır”, "Talış xalq yox, yer adıdır” fikirlərini qeyd edən tənqidi yazı müəllifinə toponomik biliyə malik olmaq üçün T.Əhmədovun "Azərbaycan toponimikasının əsasları” (Bakı. 1991) kitabını oxumağı tövsiyyə edirik ki, qoy oradan oxusun, hər bir coğrafi ad (etnotoponim) etnonimdən yaranır. Görünür, T.Mustafazadə coğrafiya və toponimika fənlərini yaxşı oxumamışdır.
Daha sonra Mustafazadə Bəlləbur haqqında fikirərimizi tənqid etmək üçün XIX əsrin mütəfəkkir maarifçisi (arxeoloq və tarixçi yox) T.Bayraməlibəyovun fikirlərini "Quran” ayəsi kimi sitat gətirərək qalanın XIX əsrdə tikildiyini və qala ərazisində iynəyarpaqlı ağacların olduğunu qeyd edir. Ayda bir yol Lənkəran şəhərində olan T. Mustafazadə bir tarixçi kimi nə üçün bir dəfə Bəlləbur qalasına qalxmır ki, görsün orada bitən palıd və dəmir ağaclarının heç biri iynəyarpaqlı deyil və ya baxıb görmək istəmir ki, qalanın kərpicləri XIX əsrdə və ondan əvvəl Lənkəranda tikilmiş məscidlərin kərpicləri ilə eyniyyət təşkil etmir, daha qədimdir? Daha sonra bu qədim qalanın da Xürrəmilərin istinadgahlarından olması fikrimizə niyə qısqanır? Axı bu qalanın yerləşdiyi ərazi də Xürrəmilərin mərkəzi olan Ərdəbil nahiyyəsinə daxildir. Nəhayət, yox əgər mənim "Talışın maddi-mədəniyyəti” adlı müdafiə işimin hazır olduğunu bilən A.Bakıxanov adına institutun şöbə müdiri T. Mustafazadə kitabımın əleyhinə tutarlı olmayan tənqidi yazı ilə götürdüyüm mövzunu müdafiə edə bilməyəcəyimi (imkan verilməyəcəyini) yazılı mesaj verirsə, yenə unutmasın ki, bu fikri Lənkəranda dəfələrlə şifahi surətdə mənə bildirmiş və yeni mövzu götürüb onun rəhbərliyi altında müdafiə etməyimi də təklif etmişdir. Lakin mən işlədiyim mövzunun vurğunuyam, əlbət 70 yaşınadək müdafiə edərəm, yox əgər edə bilməsəm onda özümü Məhəmməd (s) peyğəmbərin "Elm öyrənənin əcəli çatdıqda, şəhid kimi ölər” ifadəsinə layiq bilmiş olaram.
Ən nəhayət, T.Mustafazadə bilməlidir ki, başqasını sevmək üçün (böyük şair S.Vurğunun öz Göyəzənini sevdiyi kimi) özünü sevmək lazımdır. Necə deyərlər: "Özünü sevməyən başqasını sevə bilməz”, və yaxud "dəvəçini sevmək üçün dəvəni də sevmək lazımdır”.
H.A.Kəlbiyev,
Tarixçi, tədqiqatçı

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев