Yaqubtək gözlərin yollarda qaldı,
Yusif tək dadına çatmadım, ata.
Kəmfürsət şərləyib zindana saldı,
Qəribəm tək yandım, yatmadım, ata.
Oldun vətənində qərib, kimsəsiz,
Kəsdi işığını Allahsız, dinsiz.
Min əzab çəkdiniz bilirəm, mənsiz,
Dərdlərinə əlac tapmadım, ata.
Yetişə bilmədim son nəfəsinə,
Səs verə bilmədim sənin səsinə.
Çevrildim mən haqqın divanəsinə,
Yoluma heç haram qatmadım, ata.
Keçmədim namərdin mən körpüsündən,
Təlim-tərbiyəni almışam səndən.
Qorxmadım dünyanın azğın selindən,
Fırtınalar keçdim batmadım, ata.
Doğru-dürüst yolda sən nər igiddin.
Mənsiz son mənzilə bəs necə getdin?
Yıxıb könlüm evin viranə etdin,
Qanlı göz yaşımı tutmadım, ata.
Dustağam, atacan, bağışla məni,
Oğul həsrətiylə öldürdüm səni.
Sənintək çox sevdi oğlun dinini,
Allahsız bir addım atmadım, ata...
Allah senin qapını açsın . A M I N ...