İki həftə əvvəl Cəlilabadın Albalan kənd sakinlərinin televiziyamıza etdiyi müraciət əsasında işıqlandırdığımız körpü problemi tam olmasa da öz həllini tapıb. Belə ki, ötən ilin oktyabr ayında Albalan kəndini iki hissəyə ayıran Mişarçayın daşması nəticəsində üzərindəki körpü uçmuşdu. O vaxtdan kənd sakinləri alternativ yollardan istifadə etməklə min bir əziyyətlə qarşılaşırdılar. Sakinlərin bu problemi artıq öz həllini tapmaq üzrədir.
Kənd sakinlərinin bildirdiyinə görə Albalan kənd körpüsü ötən əsrin əvvəllərində inşa edilib. Ötən il sel sularının yuyub apardığı körpü Respublika əhəmiyyətli olmadığı üçün 54 saylı Cəlilabad Yol İstismarı İdarəsinin balansına daxil edilməyib. Elə buna görə də kənd icra nümayəndəliyinin ümidinə qalıb. Sakinlər deyir ki, körpünün uçması səbəbindən ən çox əziyyət çəkən məktəblilərdir. Çünki, kəndin bir hissəsində yaşayan məktəblilər digər hissəsində olan məktəbə getmək üçün uçulmuş körpüdən keçməli olurdular. Bu da xüsusən qış aylarında daha çox təhlükəli idi.
Şahverdi Məmmədov - kənd sakini
“Məktəb qalmışdı bir yanda uşaqların gediş-gəlişi çox pis idi. Vəziyyət çətin idi. Avtomobili saxlayırdıq kənarda. Özümüz üçün ağacdan yol düzəltmişdik, oradan piyada gedib gəlirdik.”
Kənd sakinləri deyir ki, onlara məxsus örüş və əkin sahələri kəndin cənub hisssəsində olduğundan gediş-gəliş tamamilə kəsilmişdi.
Şakir Hüseynov - kənd sakini
“Kənd təsərrüfatı ilə məşğul olan insanlar heç bir iş görə bilmirdilər.”
Kəndliləri narahat edən digər bir məqam isə aparılan işlərin yarımçıq qalmasıdır. Körpüdə bərpa işlərinin tam başa çatmadığını deyən yerli sakinlər bildirir ki, onlara verilən vədə görə yaxın günlərdə qalan digər işlər də yekunlaşacaq.
Şakir Hüseynov - kənd sakini
“Orada biraz iş qalıb. Rayon rəhbərliyi söz verib ki, bu yaxınlarda beton plitələr veriləcək. Onu da kənd camaatının köməyi ilə bərpa edəcəyik.
Şahverdi Məmmədov - kənd sakini
“Birinci mərhələ demək olar ki, yekunlaşıb. Gediş-gəliş artıq mümkündür. Amma iş tam qurtarmayıb. Yaxın vaxtlarda qalan işlər yekunlaşacaq.”
Minə yaxın sakini olan kənddə əkin sahələrinə və rayon mərkəzinə getmək üçün yeganə hərəkət vasitəsi məhz bu körpüdür. Qeyd edək ki, hazırda Cəlilabad rayonunda 16 kənd arası körpüdən 4-ü istifadəyə yararsız vəziyyətdədir.