Masallıda ötən gün axşam saatlarında piyadanın ölümü ilə nəticələnən yol-qəzası başverib. Hadisə Masallı-Yardımlı yolunun rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən piyadaları, Cəlilabad rayon sakinləri, 56-yaşlı Ziyafət Fərzəliyevi və 54-yaşlı Nəsimi Əhmədovu vurub. Piyadalardan Ziyafət Fərzəliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, Nəsimi Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəzanı törətmiş sürücü hadisə yerindən qaçsa da, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq istintaqa cəlb olunub. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.