Gözlərim qurbanin olsun, küsmə məndən, ay ana!
And ola öz canıva, səs ver, darıxdım day, ana!
Çox gecə sən sübhədək qaldın oyaq, lay-lay dedin,
İndi sən dincəl bir az, qoy mən deyim lay-lay, ana!
Sən mənə aldın geyindirdin, Hüseynin qarəsin,
Mən sənə amma geyindirdim kəfən, ey-vay ana!
Get ana, oğlu ölən Zəhraya tapşırdım səni,
Sən də Zəhra tək məni nökərlərindən say, ana!
Mən dedim gülsən, olub pər-pər, dağıldın gül kimi,
Tapmadım çünki sənə, güldən gözəl bir tay, ana!
Kaş deyərdim "ay" sənə, gündüz qalardın pərdədə,
Hər gecə barı çıxardım seyrə, misli "ay", ana!
Verdiyin süddən gərək artıq tökəm göz yaşimi,
Göz yaşımtək axmayıb səhraya axmaz çay, ana!
Mən deyəndə "ay ana", sən "can" deyərdin hər zaman,
İndi mən "can" səslirəm, sən verməyirsən hay, ana!