Düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopter vurulub.
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.
Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
Noyabrın 12-də saat
13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.
Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırılıb.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb. İlkin məlumata görə düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu həlak olub.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.
Cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.
Mənbə:
http://www.mod.gov.az/index2.php?content=news/2014/12_11_melumat_helikopter