Bir müddət tikintisi yarımçıq qalan, ipək yolu adlanaraq yeni tikilməkdə olan Ələt-Astara yolunda işlərə yenidən başlanılıb. Gələcəkdə ödənişli olacaq bu magistralda hazırda aparılan işləri əməkdaşlarımız araşdırmağa çalışıb.
Yeni salınan Ələt-Astara magistral yolunun tikintisi 3 il bundan əvvəl başa çatmalı idi. Lakin həmin illərdə yolun tikintisini aparan podratçı şirkətin uğursuz fəaliyyəti nəticəsində tikinti işləri dayanaraq 1 ildən çox yarımçıq qaldı. Yenidən tender keçirildi və tenderin qalibi olan şirkət 2014-cü ildə yarımçıq qalmış yolun tikintisinə başladı. Salyandan keçərək Biləsuvar, Cəlilabad, Masallı rayonları istiqamətində davam edən magistral yolda son vaxtlar işlər sürətləndirilib. Sürücülər isə əvvəl ləng aparılan yeni yolda tikinti işlərinin daha da sürətlənməsini istəyir.
Yeni magistral yolda nəzərdə tutulan onlarla yeraltı keçidlərin, tunellərin, su keçidərinin, dairəvi boruların tikintisi artıq başa çatıb. Körpülərin inşası isə davam etdirilir. Hazırda yollarda torpaqbərkitmə işləri aparılır. Lənkəran Rayonu ərazisindən keçən hissədə yeni yol 3 kənddə Şağlakücə və Səpnəkəran və Girdəni ərazisində mövcud olan yollarla kəsişir və burada körpülərin inşası gedir. Uzun müddətdən bəri iş gedən yolun üzərində yol örtüyünün sıradan çıxması isə bu yolla hərəkət edən sürücülər üçün çətinlik törədir. Üstəlik yolun tikintisi ilə bağlı ağır tonnajlı maşınların intensiv hərəkəti bir çox ərazilərdə asfalt qatının sıradan çıxmasına səbəb olub.
Xeyli vaxtdır yeni yolun tikintisində işlərin ləng getməsi və nə zaman yekunlaşacağının məlum olmaması da sürücülər üçün narahatlıq yaradır.
Qeyd edək ki, yolun torpaq yatağı 26,5 metr, ayrıc zolağı 4 metr olan yol 4 hərəkət zolağından ibarət olacaq. Yeni çəkilən yolu digər magistrallardan fərqləndirəcək cəhət ondan ibarətdir ki, Salyanın girişindən başlayaraq Astara-İran sərhədinə qədər davam edən yolda avtomobillər heç bir yaşayış məntəqəsini görmədən birbaşa maneəsiz hərəkət edəcəklər.