MEŞƏDƏ ARMUD MİSALI
Özünü yandırır çatdığın ocaq,
Şüşə qab içində quşdur ürəyin.
Taleyin açılan qırxıncı otaq,
Bir "div" pəncəsinə tuşdur ürəyin,
Varlığı büsbütün nəcib olan qız!
Tanıya bilmədim, kimsən axı sən?!
Nə doğmam deyilsən, nə də yadımsan.
Deyəsən tanıdım... məncə axı, sən,
Həmin qızcığazsan, həmin qadınsan,
Xəyallar içində qərib olan, qız!
Ömürdən müjdəli xəbər gəlmədi,
Qədir-qiymətini bilən olmadı.
Başına bu yaşda nələr gəlmədi,
Tale-qismətini bilən olmadı,
Bəxti həyatına eyib olan qız!
Bu ömür yoludur, yönü çox bunun,
Azdın sən, gəzərkən eşqi, vüsalı.
İncimə, başqa bir adı yox bunun...
Səninki "meşədə armud misalı",
"O KƏSİN" birinə nəsib olan qız!
Rüfət Axundlu.
01.06.2018