Bir qədirbilməzə könlümü verdim,
Sevən ürəyimi taladı,getdi.
Nə "hə" deyə bildi,nə "yox" söylədi,
Eləcə başını buladı,getdi.
Deyirdim tapmışam onda özümü,
Silər əlləriylə nəmli gözümü,
Düşündüm güldürər yəqin üzümü,
Sevinci kədərə caladı,getdi.
Kəsib qarşısını dayan bir dedim,
Barı izah eylə, bu nə sirr dedim,
Gedirsən bir ovuc ümid ver dedim,
Onu da başına doladı,getdi.
Ramin Əhmədoğlu
Xəsis adam,simic adam,
Səxavətin yoxsuludur.
Malı-mülkü çox olsa da,
Ləyaqətin yoxsuludur.
Nə yurd sevər, nə el-oba,
Nə bir qohum, nə əqrəba,
Rəftarı var kobud,qaba,
Nəzakətin yoxsuludur.
Oxu atıb, gizlər yayı,
Nadanlıqda hanı tayı,
Kişilikdə olmaz payı,
Cəsarətin yoxsuludur..
Öz suçunu yaxşı bilər,
Fitnə yayar, kələk gələr,
Arsız-arsız baxıb gülər,
Xəcalətin yoxsuludur.
Adam da var qəlbi yara,
Hey axtarar,gəzər çara,
Bəxti qara, ömrü qara,
Səadətin yoxsuludur.
Ramin Əhmədoğlu.
Bu nə dalğın baxış, nə qəmli duruş,
Xəyal acıları bitirmir axı.
Çəkil,pəncərənin önündən çəkil,
İllər apardığın gətirmir axı.
Kədər cizgiləri artıb üzündə,
Görən ürəyindən nə hisslər keçir.
Bir vaxt aramızdan su da keçməzdi,
İndi çaylar axır, dənizlər keçir.
Ayrılıq küləyi əsəndən bəri,
Bir eşqin alovu titrədi, söndü.
Yenicə doğulan saf sevgimizin,
Ömrü kəpənəyin ömrünə döndü.
Suallar önündə aciz qalmısan,
Qoy deyim bizimki niyə tutmadı.
O qədər zirvəyə qaldırdım səni,
Axırda özümün əlim çatmadı.
Ramin Əhmədoğlu..
Bir oğul tanıdım şəkillərindən,
Son halı ürəklər dağlayan oğul..
Qaniçən düşmənə əsir düşsə də,
Bayrağı əlində saxlayan oğul.
Gənc ikən ömrünün çırağı sönən,
Bir tək canı ilə bir ordu yenən,
Döyüş meydanında tufana dönən,
Hirsi dəniz kimi çağlayan oğul.
Sevgilər içindən vətəni seçən,
Uğrunda canından, qanından keçən,
Axırda şəhadət şərbətin içən,
Haqq ilə əhd-peyman bağlayan oğul.
Ramin Əhmədoğlu.
Gedənə sidq ilə "qayıt,gəl" desən,
Qayıdar, özü də elə qayıdar.
Hətta deyərdimki, gözünün yaşı,
Dönər sevincindən selə, qayıdar.
Yüyürüb önünü kəsən də olsa,
İnciyən də olsa, küsən də olsa,
Görüb əsəbindən əsən də olsa,
Aldanmaz fitnəyə, felə qayıdar.
Bir- birin sevərsə iki qəlb əyər,
Dəyər qayıtmağa, doğrudan dəyər,
Həm bu ehtişamı görənlər deyər-
"Adam qayıdanda belə qayıdar"
Ramin Əhmədoğlu.