TALIŞLARIN YAŞAM AREALI VƏ SAYLARI.
İ-Cİ yazı
TALIŞ XANLIĞININ İNZİBATİ-ƏRAZİSİ VƏ MAHALLARI
" Cenub.az regional onlayn qəzeti. 01.04.2024. 21.45 https://cenub.az/15627-talis-xanliginin-inzibati-erazisi ...
II-Cİ yazı
TALIŞARIN YAŞAM AREALI VƏ SAYLARI
Talış - Xəzər dənizinin sahillərində, Azərbaycan Respublikasının cənub-şərq və İran İslam Respublikasının şimalında yerləşən ərazinin coğrafi adıdır. Bu ərazi Muğandan başlayaraq Əlborz dağlarına birləşən eyni adlı Talış dağları boyunca yerləşir və bu ərazidə tarixən talışlar yaşamışlar.
Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, talışların yaşadıqları ərazilər uzun əsrlər boyu Xəzər dənizinin sahilləri boyunca, Talış dağları da daxil olmaqla, şimaldan Kür çayından başlayaraq indiki İran İslam Respublikasının şərqdən Məşhəd ostanı (vilayəti), cənubdan Zəncan vilayətinə qədər gedib çıxmışdır. İran İslam Respublikasında talışlar əsasən Xəzər dənizinin sahilləri boyunca Ləvandil, Viznə, Haviq, Lisar, Həştpər (Taleş), Əsalem, Taleş-Dolab, Şandermən, Coğandan, Masulə, Masal, Sovmeh-Səra, Fumən və digər yaşayış məntəqələrində yaşayırlar.
İranın Gilan ostanına 5 Talış vilayəti (“Xəmseye Təvaleş”) - Kərgənrud, Əsalem, Taleş-Dolab, Şandermən, Masal daxildir. Talış mənətəqələrinin Cənub sərhədləri Gilanda Ənzəli, Fumən və Deyləman bölgələri hesab olunur. Buna baxmayaraq həmin zolaqdan kənarda da çoxlu sayda talış kəndlərinə rast gəlinir. Gilanda, Mazandaranda, Ərdəbildə, Qəzvində, Xalxalda yaşayan və tat adlanan etnos da talışlara aid edilir. Bütün bunları nəzərə alsaq, görərik ki, Talış zolağı Tehran və yaxud da köhnə Rey darvazasına kimi uzanır. Digər tərəfdən, İran (Cənubi) Azərbaycanının müxtəlif nahiyələrində də xeyli sayda talış dilli yaşayış məntəqələri vardır.
Sayları statistik göstəricilərdə
Rusiya İmperatorluğunun 1890-1907-ci illərdə nəşr edilən “Brokhauz və Efron Ensiklopedik Lüğəti” (Peterburq ş.) talışları İranın şimal-qərbində Talış ərazində yaşayan fars dilinə uyğun gələn xüsusi dildə danışan qəbilə olduğunu qeyd edir. “Rusiya İmperiyası ərazisində yaşayan xalqların əlifba siyahısı”nda 1886-cı ilin məlumatına görə Bakı Quberniyasının Lənkəran qəzasının cənubunda talışların sayı 50 510 nəfər olmuşdur. Sonrakı statistik məlumatlarda isə əcaib mənzərə ilə rastlaşırıq - talışların sayı getdikcə azalır. Belə ki, tarixdə ilk dəfə XIX əsrin 60-ci illərində indiki Azərbaycan ərazisinin Talış bölgəsində, talış dilinin 142 kənddə üstünlük təşkil etdiyi qeyd olunur. Lakin bu əsas say göstəricisi hesab edilmir. Talışların sayına dair ilk yazılı mənbəyə Nikolay Karloviç Zeydlisin 1870-ci ildə Tiflisdə çap olunan "Списки населенных мест Российской Империи" (Rusiya İmperiyasının yaşayış yerlərinin siyahısı) əsərində rast gəlinir. Bu məlumatda qeyd olunur ki, Lənkəran qəzasında yaşayan talışların sayı 34,4 min nəfərdir. Sonrakı illərdə dövrün siyahıyaalmalarının nəticələrinə əsasən talışların sayı artmağa doğru dəyişir. Belə ki, 1880-ci il siyahıyaalmaya görə onların sayı 39,2 min, 1886-cı ilin siyahıyaalma məlumatına görə isə 47,3 min nəfər təşkil etmişdir. Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində siyahıyaalma materiallarında talışların sayının kütləvi azalması müşahidə olunur.
1897-ci il siyahıyaalmasına əsasən Lənkəran qəzasında ana dili talışca olan 34 991 nəfər əhali yaşayırdı. Sonrakı siyahıyaalmada say bir daha artmağa doğru dəyişir və 1926-cı ildə etnik kökənə görə aparılmış siyahıyaalınma məlumatına əsasən Azərbaycan ərazisində 77 323 nəfər talışın yaşadığı göstərilir. Talışların sayının bu dövrdə kəskin şəkildə artması diqqəti çəkən cəhətlərdən biri olsa da, talışdilli əhalinin sayı heç də milliyyətcə talış kimi qeydə alınanların sayından az deyildi. Bütün SSRİ üzrə 80 624 nəfər, Azərbaycan SSR-də isə 80 600 nəfərin ana dili talış dili olaraq göstərilirdi. Hətta, ana dili talış dili olan 3 min nəfər "tatar” (türk/azərbaycanlı) kimi qeydə alınmışdı. 30 illik dövrdə (1897-1926-cı illər) talışdilli əhalinin sayı 2,3 dəfə artmış və Azərbaycanın etnik tərkibində onların xüsusi çəkisi 2 dəfəyə yaxın yüksəlmişdi. Nəticədə talışlar, ruslardan və ermənilərdən sonra 3-cü etnik azlığa çevrildilər. Siyahıyaalmanın nəticəsinə əsasən Lənkəran qəzasında 30 illik dövrdə azərbaycanlıların (türklərin) sayı 31,1%, bütövlükdə isə bu qəzanın müsəlman əhalisinin sayı 57,3% artmışdı. Yəni, azərbaycanlıların sayının artım tempi talışlardan 7 dəfə geri qalırdı.
1931-ci ildə Azərbaycan SSR-də aparılan əhalinin siyahıaalmasına əsasən talışların sayı təxminən 90 000 nəfər təşkil edirdi. 1937-ci il Ümumiittifaq siyahıalınmasının nəticələrində qeyd olunan məlumata əsasən isə talışların sayı 100 minə çatmaqla ciddi azalma müşahidə edilir. Belə ki, həmin ildə başlanan Stalin repressiyasından sonra Azərbaycan türkləri “azərbaycanlı” adlandırılmaqla, bir çox xalqlar, o cümlədən, talışlar da etnos olaraq həmin ad altında birləşdirildi. Məhz buna görə də sonrakı siyahıyaalınmalarda talışlar “azərbaycanlı” adı ilə qeydə alınmış, siyahıyaalma sənədlərində talış adı və onların sayı formal xarakter daşımışdır.
1939-cu il siyahıyaalması Azərbaycan SSR-də 87 510 nəfər talışın yaşadığını göstərir və onlar ölkə ərazisində yaşayan ümumi əhalinin 2.7%-ni təşkil edirlər. 1959-cu ildə aparılan rəsmi siyahıyaalınmada Azərbaycan ərazisində yaşan talışların sayı kütləvi sürətdə “azaldılır” və respublika üzrə cəmi 85 nəfər talış qeydə alınır. Buna səbəb 1959-cu ilin əhali sayımında bütün talışların “azərbaycanlı” kimi qeydə alınması hesab edilir. Beləliklə, talışlar artıq bir etnos kimi rəsmi sənədlərdə göstərilmirdi. Paralel olaraq ölkədə yaşayan bütün tatlar da azərbaycanlı kimi, yalnız tatdilli dağ yəhudiləri (5,9 min nəfər) tat kimi qeydə alınmışdılar.
1970/79-cu illərdə aparılmış siyahıyaalmalarda talışlar və tatlar “azərbaycanlı” olaraq siyahıya alınmışdılar. Lakin hər iki xalq bütovlükdə assimilyasiya olunsa da, daha çox kompakt yaşadıqları və daha çox yaxın qohumlarla evliliklərə görə ana dillərini və etnik kimliklərini qoruyub saxlayırdılar. Bu əsas amilə görə 1970-ci ildə SSRİ-də ittifaq üzrə talış dilində danışanların sayını təqribən 110 000 nəfər olaraq qeyd edirdilər. Dünya dilləri haqqında ən zəngin məlumat bazalarından biri olan “Ethnologue” 1978-ci ildə gerçəkləşdirdiyi IX nəşrində talış dilində danışanların sayını təqribən 20-50 min nəfər İranda, 89 min nəfər isə Azərbaycan SSR-də olmaqla, cəmi 109 minlə 139 min arası dəyişdiyini təxmin etmişdir. Yalnız 1989-ci il Ümumiittifaq siyahıalınmasından sonra talışlar yenidən bir etnos kimi qeyd olunmağa başlanır və əhali sayımında SSRİ xalqları siyahısına talışlar və daha dörd milliyyət əlavə edilir. Bu dörd milliyyət, Latviyada yaşayan və həmişə latış kimi qeydə alınan livlərdən (226 nəfər), Sibirdə yaşayan çuvanlardan (1511 nəfər), en (209 nəfər) və orok (190 nəfər) adlı azsaylı etnik qruplardan ibarət idi. Siyahıyaalınmada Azərbaycanda talışların sayı 21 169 nəfər göstərilmişdir. (?)
Azərbaycanda əhalinin 1999-cu il siyahıyaalınmasında talışların sayı 76 800, 2009-cu ilin siyahıyaalınmasında isə 112 000 nəfər göstərilmişdir. Amerika və Qərb alimlərinin 2005-ci ildə Azərbaycanda talışlarla bağlı apardıqları sosioloji araşdırmalara görə (Sociolinguistic situation of the Talysh in Azerbaijan" Clifton, John M. and others 2005) onlar əsasən ölkənin 5 - Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarında məskunlaşmışlar. Həmin rayonların ərazisində 537 kənd, qəsəbə və şəhər mövcuddur. Talışlar 4 rayonun - Astara, Lənkəran, Masallı, Lerik əhalisinin xeyli hissəsini təşkil edirlər. Son illərdə talışlar Azərbaycanın digər yaşayış yerlərində də məskunlaşmışlar. Onlar Kür çayının cənub sahilləri boyunca yerləşən Biləsuvar, Neftçala, Cəlilabad rayonları ərazisində də yaşayırlar. Çox sayda talışlar Bakı və ətraf regionlarda məskunlaşmışlar. Sumqayıt şəhərində, Abşeron rayonunun Ceyranbatan, Saray, Binə qəsəbələrində onlar kompakt şəkildə yaşayırlar. Yuxarıda aparılan təhlillərə əsasən Azərbaycanda talışların sayı təqribən 500 000 nəfərə yaxındır.
Belçikalı siyasətçi, məşğulluq üzrə Avropa komissarı Marian Tissen (1956) də hesab edir ki, Azərbaycanda 500 000 nəfər etnik talışlar yaşayırlar ki, onlardan 400 000 nəfər yuxarıda adları çəkilən 5 cənub-şərq rayonlarında məskunlaşmışlar.
“Sociolinguistic situation of the Talysh in Azerbaijan" Clifton, John M. and others 2005” adlı beynəlxal təşkilatın hesablamalarına görə Azərbaycanın rayonları üzrə etnik talışların sayı aşağıdakı kimidir:
- Lənkəran rayonu əhalisinin sayına görə Talış regionunun ən iri yaşayış
məntəqəsidir. Əhalisinin sayı 200 344 nəfərdir ki, etnik və linqvistik baxımdan 90% talışlardan ibarətdir. Bura Lənkəran və Liman şəhərləri, 85 kənd yaşayış məntəqələri daxildir. Lənkəran talışların iri ticarət və mədəniyyət mərkəzi hesab edilir.
- Astara rayonu inzibati ərazisinə Astara şəhəri, 2 qəsəbə, 89 kənd - ümumilkdə 92 yaşayış məntəqəsi daxildir. Rayonun ümumi əhalisinin 98%-ni talışlar təşkil edir.
- Lerik rayonu - mərkəz Lerik şəhəri olmaqla 159 kəndi özündə birləşdirir. Rayonun ümumi əhalisinin sayı 63 300 nəfərdir ki, həmin yaşayış məntəqələrindən 145 kəndin əhalisi 99% etnik və linqvistik baxımdan talışlardan ibarətdir.
- Masallı rayonu - Masallı şəhəri mərkəz olmaqla 109 yaşayış məntəqəsini əhatə edir. Rayonun ümumi əhalisi 175 715 nəfərdir. 109 yaşayış məntəqəsindən 36 kənddə əhalinin əksəriyyətini talışlar təşkil edir. İri yaşayış məntəqələri sayılan Masallı şəhərində, Ərkivan və Boradigah qəsəbələrində də xeyli sayda talışlar yaşayırlar.
- Yardımlı rayonu - Yardımlı şəhəri mərkəz olmaqla 89 kənd yaşayış məntəqəsini özündə birlləşdirir ki, 50 279 nəfər əhalisi vardır. Rayonun Allar (35%), Şıxhüseynli (50%), Tiləkənd kəndlərində çoxlu sayda talışdilli əhali yaşayır.
- Neftçala rayonu - Neftçala şəhəri mərkəz olmaqla 3 şəhər tipli qəsəbə, 48 kənd yaşayış məntəqəsindən ibarətdir. Hələ sovet dövründən başlayaraq rayonun Qızılağac qoruğundan Qərb istiqamətdə yerləşən torpaq sahələrinin böyük bir hissəsi Lerik rayonunun heyvandarlıq təsərrüfatları üçün qışlaq yeri kimi ayrılmışdır. Ona görə də rayonun Lapatin və Qaramanlı kəndlərində talış dilli əhali yaşayır.
- Biləsuvar rayonu - Biləsuvar şəhəri mərkəz olmaqla 25 kənd yaşayış məntəqəsindən ibarətdir. Rayonda 76 000 nəfər, o cümlədən, Biləsuvar şəhərində 20 000 nəfər əhali yaşayır. Dövlət məmurlarının verdikləri məlumata görə rayon əhalisinin 10-15%-ni talışlar təşkil edirlər. Rayonun Səmədabad, Günəşli, Xırmandalı, Əsgərabad kəndlərində talışlar yaşayırlar.
- Cəlilabad rayonu - Cəlilabad şəhəri mərkəz olmaqla 1 şəhər (Göytəpə ş.) daxil olmaqla, 118 kənd yaşayış məntəqəsindən ibarətdir. Dövlət rəsmilərinin verdiyi məlumatlara əsasən Cəlilabad rayonu ərazisində yaşayan əhalinin 5-10%-ni talışlar təşkil edirlər.
Sumqayıt şəhərində böyük sayda - 80 000 nəfərə qədər talışlar yaşayır.
Tədqiqatçı Hacatpurun (Hajatpour. H.) hesablamalarına görə İranda araşdırmalar aparılan yaşayış məntəqələrində (Astara, Həştpər (Taleş), Rizvanşəhr, Masal, Fumən, Şəft) 360 000 nəfər, digər şəhər, qəsəbə və kəndlərlə birlikdə ölkədə 500 000 talış yaşayır.
İran İslam Respublikasında talışlar əsasən Gilan ostanının (vilayətinin) ərazilərində, həmçinin Ərdəbil ostanının (vilayətinin) alçaq dağ ətəklərində yerləşən yaşayış məntəqələrində - Əmbəran, Küləş, Ceid, Dəlidaş, Kültəpə, Daxıltəpə, Piləçay, Sarıxanlıda məskunlaşmışlar. Sarıxanlı kəndində yerli əhalı talış və türkdilli olmaqla qarışıq etnik qrupa malikdir, adları çəkilən digər yaşayış məntəqələrində sırf talışlar yaşayır.
Keşmişdə talışlar Gilanın dağlıq yerlərində yaşamışlar, lakin zaman keçdikcə onlar düzənlik ərazilərdə məskunlaşmağa başlamışlar. Talış xalqının yaşadığı ərazilər əsasən iki dağ silsiləsinin yamacları və yaylaları boyunca şimaldan cənuba doğru nazik zolaq boyunca uzanırdı. Şimaldan onun ərazisi Muğan düzündə Kür çayından cənubda yerləşən və sərhəd çayı hesab edilən Balharı çayının damağı ilə məhdudlaşırdı. Cənubdan isə Xəzər dənizi və Ərdəbil vilayəti ilə həmsərhəd idi. Talış ərazilərinin çoxsaylı yaşayış məntəqələrində yaşayan bir sıra talış tayfalarının adlarını sadalamaq yerinə düşərdi: Delahardeh, Ağacani, Maşaix, Həşpəri, Şirazi, Budaq və s.. İranda talışların əsas məşğuliyyəti heyvandarlıq, düzənlik yaylalarda isə çəltikçilik (düyü) əkinçiliyidir.
Talışlar dini etiqad baxımından müsəlmandırlar, on iki imama təqlid edən şiəməzhəblər sayca çoxdur, bəzi yerlərdə sünni məzhəbinin şafii təriqətinə inananlar vardır.
2009-cu il ümumölkə əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən talışlar Azərbaycanda yaşayan de-fakto üçüncü, de-yuri isə dördüncü azsaylı xalqdır. Talışların sayının tarixi dinamikası müəyyən qədər dolaşıq və mübahisəli məsələ hesab edilir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin açıqlamasına görə 2019-cu ilin siyahıyaalınmasında ölkə ərazisində 87 578 nəfər talışdilli əhali qeydə alınmışdır.
01 yanvar 2023-cü il tarixə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Lənkəran-Astara iqtisadi rayonu üzrə açıqladığı məlumata əsasən talışların kompakt yaşadıqları regionlarda əhalinin sayı və yaşayış məntəqələri barədə statistik göstəricilər aşağıdakı kimidir:
- Lənkəran rayonu - 08 Avqust 1930-cu ildə yaradılmışdır. Əhalisinin sayına görə Talış-Muğan regionunun ən iri yaşayış məntəqəsidir. Əhali sıxlığına görə regionda 1-ci yerdədir. Ərazisi 1539 km2, əhalisinin sayı 226.6 min nəfərdir. XVIII əsrdə Lənkəran şəhər statusu qazanmışdır. Lənkəran şəhəri mərkəz olmaqla, inzibati cəhətdən 93 (2 şəhər, 8 qəsəbə, 83 kənd) yaşayış məntəqəsindən ibarətdir. Lənkəran şəhəri regionun mədəniyyət mərkəzi sayılır. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir.
- Astara rayonu - 08 avqust 1930-cu ildə yaradılmış, 1963-cü ildə ləğv edilərək Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə yenidən rayon statusu qazanmışdır. Ərazisi 616 km2, əhalisi 110.9 min nəfərdir. 1945-ci ildə Astara qəsəbəsinə şəhər statisi verilmişdir. Astara şəhəri mərkəz olmaqla, inzibati cəhətdən 92 (1 şəhər, 2 qəsəbə, 89 kənd) yaşayış məntəqəsndən ibarətdir.
- Lerik rayonu - 08 avqust 1930-cu ildə yaradılmışdır. 1938-ci ilədək
mərkəzi Qosmalian kəndi olmaqla Zuvand rayonu adlandırılmışdır.. Ərazisi 1084 km², əhalisi 85.2 min nəfərdir. Rayonda 1 şəhər, 161 kənd vardır. 13 iyun 2008-ci il tarixdən rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Lerik rayonu 4 mikroregiona bölünür - Zuvand, Dırığ, Piran, Pornayır.
- Masallı rayonu - 08 avqust 1930-cu ildə yaradılmışdır. 1960-cı ildə Masallı qəsəbəsinə şəhər statusu verilmişdir. Masallı şəhəri mərkəz olmaqla, ərazisi 721 km2, əhalisi 225.3 min nəfərdir. Masallı şəhəri mərkəz olmaqla, 103 yaşayış məntəqəsini (1 şəhər, 2 qəsəbə, 100 kənd) əhatə edir. Əhali sıxlığına görə Lənkərandan sonra regionda 2-ci yerdədir. 1960-cı ildə Masallı qəsəbəsinə şəhər statusu verilmişdir.
- Yardımlı rayonu - 08 avqust 1930-cu ildə Vərgədüz rayonu adı ilə təşkil edilib. Həmin tarixədək bu ərazi inzibati cəhətdən Lənkəran dairəsinə daxil idi. 1938-ci ildə rayon, inzibati mərkəzinin adına uyğun olaraq Yardımlı rayonu adlandırıldı. Ərazisi təqribən Lənkəran rayonunun quru ərazisi qədər - 667.2 km2, əhalisi 67.7 min nəfərdir. Yardımlı şəhəri mərkəz olmaqla 1 şəhər, 87 kənd yaşayış məntəqəsini özündə birlləşdirir. 13 iyun 2008-ci ildə Yardımlı qəsəbəsinə şəhər statusu verilmişdir.
- Neftçala rayonu - Keçən əsrdə M. Qasımov adına sovxozun malikanəsi yanında yaradılmış, Xəzər dənizi yaxınlığında salındığı üçün Xəzər adlandırılmışdır. 11 fevral 1940-ci ildə rayon kimi təşkil olunmuş, 1959-cu ildə rayon tabeli şəhər statusu almışdır. Ərazisi 145,17 km2, əhalisi 86,8 min nəfərdir. Neftçala şəhəri mərkəz olmaqla 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd yaşayış məntəqəsini özündə birləşdirir.
- Biləsuvar rayonu - 26 may 1964-cü ildə Biləsuvar inzibati ərazi vahidi Cəlilabad rayonun tərkibinə qatılıb, 06 yanvar 1965-ci ildə yenidən ayrılaraq müstəqil rayona çevrilib. Azərbaycan Respublikası Ali Sovetinin 07 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Puşkin rayonunun tarixi adı özünə qaytarılaraq Biləsuvar rayonu adlandırılmışdır. Ərazisi 1358 km2, əhalisi 105.5 min nəfərdir. Biləsuvar şəhəri rayon mərkəzi olmaqla, 1 şəhər, 25 kənd inzibati ərazi dairəsini özündə birləşdirir. 1966-cı ildə Biləsuvar şəhər statusu qazanmışdır.
- Cəlilabad rayonu - 08 avqust 1930-cu ildə təşkil edilib. 1967-ci ilədək Astarxanbazar, 02 iyun 1967-ci ildən isə görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb. Ərazisi 1440 kv2, əhalisi 214. 9 min nəfərdir. Cəlilabad şəhəri mərkəz olmaqla, 1 şəhər (Göytəpə ş.), 118 kənd yaşayış məntəqəsindən ibarətdir. 1952-ci ildə Cəlilabad şəhər statusu qazanmışdır.
- Sumqayıt şəhəri - Azərbaycan Respublikasında respublika tabeli şəhərdir. Ərzisi 181 km2, 426.0 min nəfərdir. Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilindəki düzənlik ərazidə yerləşir. Hacı Zeynalabdin, Ceyranbatan, Köhnə Corat, Yeni Corat, Novxanı, Kimyaçılar, İnşaatçılar, Kotej, Yaşma və Saray qəsəbələri, Yaşıl dərə, Stansiya Sumqayıt, Qurd dərəsi, Sarıqaya, Xəzər bağları yaşayış massivləri, 21 mikrorayon və sayı 67-dən çox olan şəhər məhəllələri həmin inzibati əraziyə daxildir.
Çar Rusiyası, SSRİ və Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması zamanı talışlarla bağlı statistik göstəricilər 1867-2019-cu illər arasında aşağıdakı kimi olmuşdur:
1. 1867-ci il - 34 400 nəfər
2. 1880-ci il - 39 200 nəfər
3. 1886-cı il - 47 300 nəfər
4. 1897-ci il - 34 991 nəfər
5. 1926-cı il - 77 323 nəfər (Bütün keçmiş SSRİ-də ana dilinə görə 80 624 nəfər, Azərbaycan SSR-də 80 600 nəfər) talış qeydə alınmışdır. Həmin dövrdə SSRİ vətəndaşı olan və onun ərazisində yaşayan talışlarıın mütləq əksəriyyəti Azərbaycanda yaşayırdı.)
6. 1939-cu il - 87 510 nəfər (Bu zaman bütün keçmiş SSRİ-da qeydə alınmış etnik talışların sayı 88 026 nəfər, talış dilində danışanların sayı isə 95 825 nəfər qeydə alınmışdır.)
7. 1959-cu il - 85 nəfər (Bütün keçmiş SSRİ-də 162 nəfər talış qeydə alınmışdı, 10 500 nəfər ana dilini talış dili olaraq göstərmişdi.)
8. 1970 və 1979-cu illərdə əhalinin siyahıyaalmasında talışlar azərbaycanlı olaraq qeydə alınmışdılar. (?)
9. 1989-cu il - 21 169 nəfər
10. 27 yanvar - 3 fevral 1999-cu il - 76 841 nəfər
11. 13-22 aprel 2009-cu il - 111 996 nəfər, ana dili talış dili olanların sayı isə 68 689 nəfər
12. 01 oktyabr 2019-cu il - 87 578 nəfər
Apardığımız sosioloji araşdırmalara istinad edərək talışların kompakt yaşadıqları İran İslam Respublikası ilə bağlı bəzi demoqrafik və statistik məqamlara da diqqət yetirək:
İran İslam Respublikası dünyada ən çoxsaylı əhaliyə malik olan 19-cu ölkədir və əhalisi sürətlə artmaqda davam edir. Rəsmi sayımlararası son 55 ildə (1956-2011) ölkənin əhalisi 4 dəfə artmışdır. Ərazi üzrə orta sıxlığa görə İran Asiya ölkələrinin əksəriyyətindən geri qalır (1 km²-də 46 nəfər). Ölkə əhalisinin 4/5-ü şimal və şimal-qərb regionlarında cəmləşdiyi halda, ərazisinin təxminən 2/3-sini əhatə edən səhra və yarımsəhra regionlarında 1 km²-də sıxlıq 2-3 nəfərdən artıq deyil.
İl Əhali İl Əhali
1881 7 654 000 1951 16 237 000
1891 8 124 000 1956 18 954 704
1901 8 613 000 1966 25 078 923
1911 9 143 000 1976 33 708 744
1921 9 707 000 1986 49 445 010
1926 10 456 000 1991 55 837 163
1931 11 185 000 1996 60 055 488
1941 12 833 000 2006 70 495 782
1946 14 159 000 2011 75 149 669
Qeyd:
24 oktyabr - 13 noyabr 2011-ci il siyahıyaalınmasının yekunlarına əsasən İİR-nın ümumi əhalisi: 21 185 647 ailədə, 75 149 669 nəfərdən ibarət olmuşdur.
Talışların kompakt yaşadıqları ərazilərdə əhalinin sayı:
Ərdəbil ostanı - 1 248 488 nəfər (2011)
1994-cü ildə Şərqi Azərbaycan ostanından ayrılaraq inzibati-ərazi vahidi statusu qazanmışdır. 2006-cı ildə ölkədə aparılan siyahıyaalınmanın nəticələrinə görə ostanda ana dilində danışan əhalinin 98.2%-i azərbaycanlılar, 0.70%-i talışlar, 0.60%-i tatlar 0.40%-i kirmançılardır. Ostanın 5 şəhristanının (Parsabad, Biləsuvar, Germi, Meşkinşəhr və Nəmin) Azərbaycan Respublikası ilə sərhədi vardır. Araz və Bolqarçay (Bolharud) çayları həmin sərhədin 159 km-ni təşkil edir. İnzibati ərazinin mərkəzi Ərdəbil şəhəridir. Ümumilikdə isə İİR ilə Azərbaycan Respublikası arasında sərhədin uzunluğu 282,5 km-dir.
Şəhristanlar:
1. Biləsuvar, 2. Ərdəbil, 3. Germi, 4. Xalxal 5. Kovsər,
6. Meşkinşəhr, 6. Nəmin, 7. Nir, 8. Parsabad, 9. Sərein.
Gilan ostanı - 2 480 874 nəfər (2011)
Ostanda əhalinin sayca çox hissəsini giləklər təşkil edir. Yerdə qalan əhali Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni), talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilərdən ibarətdir. Etnologue report for language code-nin verdiyi təqribi məlumata görə 1993-cü ilə Gilanda talış dilində danışanların sayı təxminən 112 000 nəfər olmuşdur. DAK-ın yaydığı məlumatlara əsasən 2012-ci ildə Gilan ostanında 200 000 nəfər talış əsilli əhalinin yaşadığı bildirilr. Amma İİR-nın rəsmi dövlət saytlarından biri sayılan National Portal for Electronic Services of İran-a əsasən İran və Azərbaycan Respublikasında 500 000 nəfər talış əsilli əhali yaşayır. (?)
İnzibati ərazinin mərkəzi Rəşt şəhəridir.
Şəhristanlar:
1. Astaneyi-Əşrəfiyyə, 2. Əmləş, 3. Ənzəli, 4. Fumən, 5. Lahican, 6. Ləngrud, 7. Masal, 8. Rəşt, 9. Rizvanşəhr, 10. Rudbar, 11. Rudsər, 12. Siyahkəl, 13. Sovme-Səra, 14. Şəft, 15. Taleş
Qəzvin ostanı - 1 201 565 nəfər (2011)
1996-cı ildə Tehran və Zəncan ostanlarının ərazilərindən ayrılmış və ölkənin yeni bir ostanına çevrilmiş bölgələrdən biridir. Ostan əhalisini əsasən azərbaycanlılar (əhalinin 70%-75%-i), qismən fars dillilər, az sayda tatlar, giləklər, lurlar və ləklər təşkil edir. İnzibati ərazinin mərkəzi Qəzvin şəhəridir.
Şəhristanları:
1. Abyek, 2. Avəc, 3. Buyin Zəhra, 4. Əlborz, 5. Qəzvin, 6. Takestan.
Mazandaran ostanı - 3 073 943 nəfər (2011)
Bu coğrafi məkanın adı tarixi mənbələrdə Təbəristan kimi tanınır. Ostanın yerli əhalisi əsasən gilək, mazandaranlı, fars və talışlardan ibarətdir. İnzibati mərkəzi Sari şəhəridir.
Şəhristanlar:
1. Amol, 2. Babol, 3.Babolsər, 4. Behşəhr, 5. Cuybar, 6.
Çalus, 7. Firidunkenar, 8. Gəlugah, 9. Qaimşəhr, 10. Mahmudabad, 11. Miyandorud, 12. Nika, 13. Novşəhr, 14. Nur, 15. Ramsər, 16. Sari, 17. Savadkuh, 18. Tənkabun, 19. Abbasabad,Kazemşəhr, 20. Kalardəşt, 21. Şimali Savadkuh, 22. Simurğ
Zəncan ostanı - 1 015 734 nəfər (2011)
1938-ci ildə yaradılan Zəncan ostanı relyefinə görə iki regiondan ibarətdir: dağlıq və düzənlik. Zəncan ostanı və ya Zəncan düzənliyi İranın şimal-qərbinin mərkəzi hissəsində yerləşir. Əhalinin əsas hissəsini Azərbaycan türkləri və digər azsaylı xalqlar təşkil edir. İnzibati ərazinin mərkəzi Zəncan şəhəridir.
Şəhristanlar:
1. Əbhər, 2. İcrud, 3. Xudabəndə, 4. Zəncan, 5. Tarım, 6. Mahnişan, 7. Xürrəmdərə, 8.Soltaniyə
Xülasə
Bu yazıda faktlara və statistik rəqəmlərə əsasən istər Azərbaycan Respublikasında, istərsə də İran İslam Respublikasında yaşayan talışların yaşam arealı və sayları ilə bağlı oxucularda mümkün qədər fikir formalaşdıra bildik. Rəsmi statistik rəqəmələri bir kənara qoyub, mövcud reallıqlara əsaslanaraq, Azərbaycan Respublikasının cənub-şərq regionlarından başqa, həmçinin Bakı (xüsusilə Binə, Maştağa qəsəbələri), Sumqayıt, Gəncə şəhərlərində, Abşeron, Neftçala, Salyan rayonlarında da xeyli sayda talışların kompakt şəkildə yaşadıqlarını diqqətə çatdırdıq. Statistik rəqəmlərlə reallıq arasında fərqi müəyyən etmək üçün bu sətirlərin müəllifinin yaşadığı Masallı rayonunun (1 şəhər, 2 qəsəbə, 100 kənd) timsalında həqiqətin nə yerdə olduğunu oxucuların mühakiməsinə təqdim edirik.
Yaş. m.-n Əh. sayı İ.ə.d. sayı K. sayı Tal.-r yaş.-n Talış. y-n Qəs. sayı
sayı i.ə.d.-n sayı k.-in sayı
103 225.3 min 37 100 15 37 2
Masallı rayonunda yaşayan talışların sayı: təqribən 85 423 nəfər
Masallı rayon Statistika İdarəsinin verdiyi məlumata görə 01 yanvar 2021-ci il tarixə Masallı şəhərində yaşayan əhalinin sayı 26 722 nəfər olmuşdur. Apardığımız sosioloji araşdırmalara əsasən belə qənaətə gəlmək olar ki, şəhərdə yaşayan talışların sayı umumi əhalinin 15-20%-ni təşkil edir.
Bundan başqa dünyanın bir sıra dövlətlərində, o cümlədən; Əfqanıstan, Türkiyə, Fars körfəzi ölkələri, Orta Asiya respublikaları, Qərbi Avropa (Niderland, Almaniya, İsveç, Norveç), Şərqi Avropa (Rusiya Federasiyası, Belorusiya, Ukrayna), ABŞ, Kanada, və d. ölkələrdə xeyli sayda talış əsilli insanlar yaşayır. Bütün bunlar bizə deməyə əsas verir ki, Azərbaycan Respublikasında 2 milyon, İİR-da 3 milyon, dünyada isə 6 milyona yaxın talış dilli və talış əsilli insanların yaşaması qənaətinə gələk.
İstifadə edilən mənbələr:
1. N.K. Zeydlis. "Списки населенных мест Российской Империи" (Rusiya İmperiyasının yaşayış yerlərinin siyahısı). Tiflis, 1870.
2. Brokhauz və Efronun Ensiklopedik Lüğəti (Peterburq ş., 1890-1907.)
3. “Россия 1913 год. Статистико-документальный справочник” (Rusiya 1913-cü il. Ctatistik-sənədli məlumat kitabçası). СПб., 1995. ISBN 5-86789-013-9.
4. А. Г. Рашин. “Население России за 100 лет (1811-1913 гг.)”. (100 ildə Rusiyanın əhalisi (1811-1913-cü illər). Москва., 1956.
5. Н. Г. Волкова «Этнические процессы в Закавказье в XIX-XX вв.». Кавказский этнографический сборник (XIX-XX əsrlərdə Zaqafqaziyada etnik proseslər. Qafqaz etnoqrafik toplusu). 4. М. Изд-во АН СССР. 1969.
6. Т. Байрамелибеков - «Избранные произведения» (T. Bayraməlibəyov. Seçilmiş əsərləri). Баку. «Елм ве техсил» - 2012.
7. Dirəxşan Hidayəti Fərd. “Talışların etnik tarixinin öyrənilməsinin bəzi aspektləri”. B. “Tarix və onun problemləri”. № 1. 2014.
8. İldırım Şükürzadə. “Talış xanlığı”. “Cenubxeberleri. com” saytı. 19.03.2018
9. Играр Алиев, Гошгар Гошгарлы. «Юго-запад Прикаспия в древности и в эпоху Средневековья» (Cənub-qərbi Xəzəryanı qədim zamanlarda və Orta əsrlər erasında). В. «APOSTROF - А». 2024.
10. Etnologue report for language code (Dil kodu üçün etnologiya hesabatı) adlı beynəlxalq təşkilatın 1993-cü ildə verdiyi təqribi məlumatlar.
11. Ethnologue: Languages of the World-ın (“Ethnologue”) məlumatları (Dünya dilləri haqqında ən zəngin məlumat bazalarından biri).
12. Sociolinguistic situation of the Talysh in Azerbaijan" Clifton, John M. and others 2005 (Azərbaycanda Talışın sosiolinqvistik vəziyyəti" Klifton, Con M. və başqaları. 2005) -nın hesabatı
13. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsininyaydığı statistik məlumatlar.
14. İİR-da 24 oktyabr-13 noyabr 2011-ci il siyahıyaalınmanın yekunları.
15. İİR-nın rəsmi dövlət saytlarından biri sayılan “National Portal for Electronic Services of İran”-nın 2012-ci ildə yaydığı məlumat.
* Qeyd:
2012-ci ildə Mirzə Səidəli Boradigahinin “Cəvahirnameyi Talış (Səidiyyə)” əsəri Bakı şəhərində çapdan çıxıb (Redaktor: C. Əliyev, fars dilindən tərcümə edəni: S. Şirinov, məsləhətşi: F. Nurullabəyli (Əsədov), rəyçi: A. Əbilov. B. “ADİLOĞLU” - 2022. 192 səh.). Kitabın titul vərəqində müəlliflər yazır: ““... 2005-ci ildə Səfər Şirinovun tərcüməsində “Səidiyyə” kimi nəşr olunmuş həmin əsər bu dəfə S. Boradigahinin özünün adlandırdığı başqa adla - “Cəvahirnameyi Talış” adı ilə və yeni redaktədə təkrar nəşr olunur”. Kitabın 10-cu səhifəsində oxuyuruq: “...1999-cu ildə S. Boradigahinin əlyazması nəhayət geniş oxucu kütləsinin və tədqiqatçıların ixtiyarına verildi: Əli Əbdoli onu orijinalda, farsca, Rəştdə (İİR-da Gilan ostanının paytaxtı - X. O.) “Talış tarixi və coğrafiyasına dair 4 risalə” toplusunda nəşr etdi””. Buradan belə bir nəticəyə gəlirik ki, S. Boradigahinin (Səidəli Kazımbəyoğlu) qələmə aldığı əsərin adı orijinalda “Cəvahirnameyi Lənkəran” deyil, “Cəvahirnameyi Talış (Səidiyyə)” olmuşdur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев