ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində erməni lobbisinin təşkilatçılığı ilə Kaliforniya Ştat Senatında Sumqayıt hadisələrinin 30 illiyinə, Kaliforniya ştatı ilə Ermənistan arasında iqtisadi əlaqələrin təşviqinə və Türkiyədən Kaliforniya sərmayələrinin çıxarılmasına həsr olunan dinləmələr keçirilib.
Təxminən 1 milyonadək erməninin yaşadığı Kaliforniyadakı erməni lobbisinin aramsız səylərinə və ayrı-ayrı senatorlara böyük məbləğlərdə pul xərcləməsinə baxmayaraq, Kaliforniya Ştat Senatının 40 üzvündən yalnız ikisi - həyat yoldaşı erməni olan senator Skot Vilk və erməni lobbisinin çoxdankı havadarı senator Entoni Portantino tədbirə qatılıb.
Dinləmələr haqda xəbər aldıqdan dərhal sonra Kaliforniyada fəaliyyət göstərən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin və Amerika Azərbaycan Mədəniyyət Cəmiyyətinin fəal üzvləri, o cümlədən Həmid Azəri, Samir Lütvəliyev, Anar Usubov və digərləri tədbirə qatılıblar.
Tədbirdə Azərbaycanda yaşadığını və Sumqayıt hadisələrinin canlı şahidi olduğunu iddia edən erməni lobbisinin nümayəndəsi Azərbaycanın əleyhinə böhtan xarakterli çıxış edərək, 1988-ci ilin Sumqayıt hadisələrini özlərinin uydurduğu versiyada təqdim edib. Senator Portantino və Vilk də ona dəstək verərək erməni lobbisinə yarınmağa çalışıblar.
Dinləmələrdən sonra prosedur qaydalarına uyğun olaraq şərh və suallar verilib. Azərbaycan icmasının gənc üzvlərindən biri senator Portantinoya müraciət edərək deyib: -sitat - “Siz Sumqayıt hadisələrindən danışdınız. Halbuki bu hadisələri törədənlər məsuliyyətə cəlb edilib. Onlardan biri də Qriqoryan adlı erməni idi. Ancaq 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı həyata keçirilmiş insanlıq əleyhinə dəhşətli cinayətin günahkarları indiyədək cəzasız qalıblar. Siz niyə çıxışınızda bu faktları qeyd etmirsiniz və ya niyə real soyqırım olan Xocalı qətliamı ilə bağlı niyə dinləmələr keçirmirsiniz?”-sitatın sonuBu cür sualı gözləməyən senator Portantino pərt şəkildə məsələni araşdıracağını bildirib.
Digər bir soydaşımız, nüfuzlu Kaliforniya Berkli Universitetinin tələbəsi çıxış edərək deyib: “Biz sizə sorğu ünvanlayaraq Azərbaycan icmasından da bir nümayəndənin bu dinləmələrə dəvət olunması və erməni nümayəndə ilə yanaşı çıxış etməsini xahiş etmişdik. Mənim sualım budur ki, siz niyə hər iki tərəfin fikirlərini dinləmək əvəzinə, məsələyə birtərəfli yanaşaraq yalnız erməni tərəfinə söz vermisiniz?”
Daha bir icma nümayəndəmiz isə əlavə edib ki, “Siz qırğınlar törətmiş avtoritar rejimlərdən danışdınız. Lakin hazırda Ermənistanda hakimiyyətdə olan rejimi qeyd etmədiniz. Halbuki Ermənistanı bu gün idarə edən bu insanlar vaxtilə yüz minlərlə dinc azərbaycanlıya qarşı qırğınlar törətmiş şəxslərdir. Biz, Kaliforniya sakinləri bundan çox məyusuq. Biz azərbaycanlılar sizin dəstəklədiyiniz Ermənistan tərəfindən qırğına məruz qalmışıq. Ancaq siz həqiqətlərə göz yumursunuz, qarşı tərəfi dinləmək, doğruları öyrənmək istəmirsiniz. Mən buna çox təəssüf edirəm və sizə görə çox utanıram”.
Çıxış edən digər icma üzvləri, o cümlədən Xocalı soyqırımı şahidi Anar Usubov senatorları məsələyə birtərəfli yanaşmamağa çağırıblar. Onlar Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı haqqında faktlar irəli sürərək, Azərbaycanın haqq səsini tədbir iştirakcılarına çatdırıblar. Dinləmələrdə iştirak edən, ABŞ-dakı radikal erməni lobbisinin aparıcı təşkilatları olan Amerika Erməniləri Milli Komitəsinin və Amerika Erməni Assambleyasının rəhbər şəxsləri söz alaraq E.Portantinonu düşdüyü pis durumdan çıxarmağa çalışsalar da, əksinə, dolaşıq fikirləri ilə özlərini bir daha ifşa ediblər.
Senator E.Portantino icma üzvlərimizin ünvanladığı suallara çıxışlardan sonra cavab verəcəyini bildirsə də, tədbirin sonuna kimi səssiz qalaraq heç bir münasibət bildirməyib və ümumu sözlərlə dinləmələri yekunlaşdırmağa məcbur olub.