"Naxçıvan Azərbaycanın "sınaq laboratoriyasıdır"
Naxçıvanın Demokratiyaya Dəstək və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova bugün RATİ-də keçirdiyi mətbuat konfransında Naxçıvandakı dözülməz durum, jurnalistlərin və hüquq müdafiəçilərinin ağır iş şəraitindən danışıb.
O deyib ki, Naxçıvanda sınaqdan çıxarılan repressiya metodları sonradan bütün Azərbaycana yayılır. Məsələn, ilk dəfə orada insanları etiraz etdiklərinə görə dəlixanaya göndəriblər, ilk dəfə jurnalistlər məhz Naxçıvanda oğurlanıb.
İndi də Milli Təhlükəsizlik Nazirliyinin binasında 30 yaşlı Turac Zeynalov öldürülüb. Bununla bağlı şərh verən Nəsibova gəncin ölümünü dəhşətli hadisə adlandırıb, yerli hakimiyyəti qanunları pozmaqda günahlandırıb. O Naxçıvandakı durumun monitorinqi üçün hüquq müdafiəçilərindən ibarət qrup yaratmağı təklif edib.
"Zeynalovun qətli faktını və aeroportun həbsdə saxlanılan, işgəncələrə məruz qalan daha dörd əməkdaşının taleyini ictimailəşdirmək gərəkdir. Onlar hamısı, o cümlədən Turac Zeynalov heç bir məhkəmə sanksiyası olmadan həbs olunublar", deyə Nəsibova bildirib.
"Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarından hər hansı şərh və ya bilgi almaq mümkün deyil. Dövlət məmurları jurnalistləri kobud şəkildə təhqir edir, yazılı, şifahi sualları cavablandırmırlar",- deyə hüquq müdafiəçisi bildirib.
Tədbirdə iştirak edən Redaktorlar Birliyinin üzvləri Turac Zeynalovun ölümü və Naxçıvan hava limanının daha dörd əməkdaşının həbsi ilə əlaqədar Naxçıvan MR MTN əməkdaşlarının hərəkətlərini kəskin şəkildə pisləyiblər.
Onlar Naxçıvan MR hakimiyyətini, ali orqanlarını qanunlara riayət etməyə, insan hüquqlarına hörmətlə yanaşmağa çağırıblar. Redaktorlar Birliyi durumu yerindəcə öyrənmək üçün jurnalistlərdən və hüquq müdafiəçilərindən ibarət qrup yaradaraq Naxçıvana göndərmək qərarı qəbul edib.