Oqtay Ağayev
Vikipediya, açıq ensiklopediya
Oqtay Ağayev
Ümumi məlumatlar
Doğum tarixi 1934-cü il
Bakı
Azərbaycan SSR
Vəfatı 14 noyabr 2006-cı il
Bakı
Azərbaycan
Oqtay Ağayev — azərbaycanlı müğənni.
Həyatı[redaktə]
Oqtay Ağayev 1934-cü ildə Bakıda dünyaya gəlib. Babası Ədalət Partiyasının sədri olub. 1937-ci ildə partiyanın digər üzvləri kimi o da SSRİ-nin Komi bölgəsinə sürgün edilib. Digər "xalq düşmənləri" kimi onun da ailəsinin başına müsibətlər gəlib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra Bəhram Ağayevin ailəsi babalarının İçərişəhərdəki evində qalmalı olublar.
O. Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Təxminən 78 yaşlı bu qadın özü də müğənnilik edib. O, Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib.
Əsgərlikdən qayıdandan sonra O. Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deməyə başlamışdı. O. Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.
O. Ağayev dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.
O. Ağayev kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin ""Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.
Ürək-damar xəstəliyindən əziyyət çəkən, xalq artisti Oqtay Ağayev 2006-cı il, noyabrın 14-də vəfat edib. Rəşid Behbudov adına Dövlət Mahnı teatrında vida mərasimi keçiriləndən sonra Yasamal qəbristanlığında torpağa tapşırılıb.
Filmoqrafiya[redaktə]
Abşeron ritmləri (film, 1970)
Bakı bağları. Buzovna (film, 2007)
Dağlarda döyüş (film, 1967)
Xatirələr sahili (film, 1972)
Konsert proqramı (film, 1971)

Mahnı qanadlarında (film, 1973)
O qızı tapın (film, 1970)
Oqtay Ağayev. Ötən günlər (film, 2004)
Şərikli çörək (film, 1969)
Toyda görüş (film, 1970)
"Yapon" və yaponiyalı (film, 1990)