Həzrət Ayətullah Şeyx Əli Ərkivani Lənkərani Molla Abdullah oğlu, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən və dəyərli ruhanilərindən biridir. 1872-ci ildə (1289 h. q.) o zamanlar Lənkəran məntəqəsinin Masallı şəhərinin tabeçiliyində olan «Ərkivan» kəndində dünyaya göz açdı. Quran qiraəti, Gülüstan, Bustan, Nisabüs-sibyan kimi Qafqaz mədrəsələrində ənənəvi şəkildə tədris olunan başqa kitabları, ilkin məlumat məqsədli dini hövzə dərslərini atasından və məntəqədəki başqa alim və ruhanilərdən öyrəndi. Sonra yeniyetmə vaxtlarında Ərdəbil dini hövzəsinə gedərək, ali səthli hövzə dərslərini Ayətullah Hacı Mir Saleh Müctəhid Ənvari, Ayətullah Ağa Seyid Mürtəza Xəlxali, Ayətullah Ağa Mirzə Məhəmməd Ərdəbili və Ayətullah Mirzə Əliəkbər Ağa Müctəhid Ərdəbili kimi böyük alimlərdən öyrəndi. Sonra 1895-ci ildə Nəcəfi-əşrəf dini hövzəsinə səfər etdi. Belə nəql edirlər ki, orada uzun illər, təxminən iyirmi ilə yaxın Ayətullahül-üzma Mövla Məhəmməd Fazil Şərəbyani, Ayətullahül-üzma Şeyx Məhəmməd Həsən Mamqani, Ayətullahül-üzma Seyid Məhəmməd Kazim Təbatəbai Yəzdi, və Ayətullahül-üzma Axund Molla Məhəmməd Kazim Xorasani kimi əzəmətli alimlərdən dərs alaraq, ali elmi-mənəvi məqamlara sahib oldu.
0,1915-ci ildə doğma torpağına geri döndü. Orada dini maarifləndirmə, moizə və təbliğlə, həmçinin şəri ehkamların bəyanı və islam elmlərinin tədrisi ilə məşğul olmağa başladı. Bolşeviklərin inqilabından və sovet hakimiyyətinin qurulmasından sonra, o, adlı-sanlı və böyük alimlərdən biri olduğu üçün, məntəqənin digər alim və ruhaniləri kimi kommunist rəhbərlərin əzab-əziyyətindən, təzyiqlərindən, işgəncələrindən və təhdidlərindən amanda deyildi.
Lənkərani, uzun müddət ağır təhdid, şiddətli əzab-əziyyət və təzyiqlərə məruz qaldı. Bütün bunların nəticəsində 1934-cü ildə həbs edilərək, zindana salındı. O, bir müddət sonra azad edilsə də, 1937-ci ildə yenidən həbs edildi. O, bu dəfə azad edildikdən sonra Cəlilabad şəhərinə köçür. Orada da, təqib və nəzarət altında ömür sürür. Amma bununla belə öz dini vəzifəsini icra edərək, islam maarifini yaymağa davam edir. Buna görə də, bir daha həbs edilir və bütün mülkiyyəti, hətta yaşadığı evi də müsadirə olunur.
Bu dəyərli alim və məzlum fəqih 1946-cı ildə (1365 h. q.) fani dünyaya vida edərək, Haqqın dərgahına ucalır. Pak cənazəsi doğulduğu məkanda Ərkivan qəbiristanlığında dəfn edilir. Daim Allahın rəhmət sayəsində qərar tutsun!