Uzunömürlülər diyarı – Azərbaycan
Hər bir xalqı formalaşdıran və onu yaşadan milli-mənəvi dəyərləridir. Heç kimə sirr deyil ki, baba-nənə, valideynlər və övladlardan ibarət olan ailələrdə irsilik prinsipi daha çox qorunduğundan ən yüksək insani dəyərlər əyani surətdə nəsildən nəslə ötürülür. Bütün bunları və digər amilləri nəzərə alan inkişaf etmiş dövlətlər əhalinin uzunömürlülüyü məsələsinə xüsusi diqqət yetirirlər. Burada əsas məqsəd genofondun sağlamlığını qorumaqla yanaşı, tarixdə xalqın rolunu mütləqləşdirmək və prosesləri düzgün məcraya yönəltməkdir.
Məhz buna görə də müstəqil Azərbaycan Respublikasında uzunömürlülüyün təşviq olunması prioritet sahələrdən birinə çevrilmişdir.
Azərbaycanımızın olduqca əsrarəngiz, mükəmməl, füsunkar rayonları və kəndləri var. Yaşamaq üçün münbit şərait, təbii su ehtiyyatı, sağlam qida insanların burada uzun ömür yaşamalarına səbəb olur.
Dünyanın ən yaşlı insanı olduğu iddia edilən ABŞ vətəndaşı Ceanne Kalmet 122 yaş 164 gün yaşayıb. Ən uzunömürlü insanların ilk onluğunda 2 yapona da rast gəlmək olur.
Vaxtilə Azərbaycan uzunömürlülərin sayına görə öndə gedirdi.
2009-cu ilin əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, 100 və yuxarı yaşlı əhali daha çox Lerik, Tovuz, Gədəbəy, Şəmkir, Bərdə və Tərtər rayonlarında qeydə alınıb.
İlk olaraq Lerik rayonunu qeyd etmək lazımdır. Lerik olduqca gözəl olmaqla yanaşı, həm də burada yaşayanların çoxu uzun ömür yaşayır. Səbəbini isə anlamaq elədə çətin deyil. Şirəli Müslümov 160 ildən artıq ömür yaşamışdır.
1989-cu ildə Azərbaycanda 2639 uzunömürlü qeydə alınmışdı. Onlar arasında qadınlar kişilərdən bir neçə dəfə artıq olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-ci ildə uzunömürlülərin sayı 2307 nəfər olub.
Müasir dövrdə müstəqilliyimizlə əlaqədar vəziyyət yaxşılığa doğru xeyli dəyişib. Sağlam həyatı, ekoloji təmizliyi, zəhməti təşviq etməyə çalışan dövlətimiz bu işdə əməli tədbirləri ardıcıllıqla həyata keçirir. Bu baxımdan Lerikdə fəaliyyət göstərən, dünyada analoqu olmayan ilk “Uzunömürlülər Muzeyi”ni misal çəkmək olar. Bu muzeyin məhz Lerikdə yaradılması təsadüfi deyil. Belə ki, rayon dünyada uzunömürlülər diyarı kimi şöhrət qazanmışdır. Dağlar qoynunda yerləşən Lerik rayonunda vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşamışdır. Hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini vardır. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer almışdır.
Azərbaycan uzunömürlülər diyarıdır. Sözün hər bir mənasında bizdə insanın özü qədər insani dəyərlər də qədim tarixə malikdir. O dəyərlər ki, müasir dünya üçün örnək qismində qəbul edilir.