İqbal Ağazadə:"Mən də bizə təqdim olunan qanun layihəsini çox diqqətlə oxudum və əvvəlki dönəmlərdə olduğu kimi, bu tipli hesabatlarda rəqəmlər, doğrudan da, müsbət emosiya yaradır. Amma çox təəssüf ki, bu rəqəmlərin heç biri real həyatımızla uzlaşmır. Təqdim olunan layihədə səhiyyə işçilərinin, müəllimlərin əmək haqlarının qaldırılması hökumətin uğuru kimi təqdim olunur. Bildirilir ki, səhiyyə işçilərinin əmək haqqı 30 faiz, müəllimlərin əmək haqqı 25 faiz, digər kateqoriyadan olanların isə əmək haqqı 1-2 dəfə qaldırılıb. Amma hörmətli Nazirlər Kabineti hesablamır ki, maaşları 30-25 faiz qaldıran hökumət təkcə bu il qiymətləri nə qədər qaldırıb? Təkcə enerji daşıyıcılarının qiymətləri neçə dəfə qaldırılıb? Marşrutda gediş haqqı neçə dəfə qaldırılıb? İnflyasiyanın həddi nə qədərdir? Maaşı 25 faiz artan müəllim necə yaşaya bilər, bu maaşla ailəsini necə dolandıra bilər? Səhiyyə işçisi ailəsini necə dolandıra bilər? Çox təəssüf ki, bunun səbəbləri burada göstərilmir. Dövlət büdcəsindən əmək haqqı alan işçilərin maaşları inflyasiyaya, qiymət artımına uyğunlaşdırılmır. Bütün bunların fonunda da ölkədə sosial-iqtisadi siyasətdən ciddi narazılıq hökm sürür. Burada dəfələrlə regionlarda baş verən hadisələrlə bağlı məsələ qaldırmışıq. Amma təəssüf edirəm ki, hökumətin bu gün təqdim etdiyi layihədə də bunların heç birinə ciddi yanaşılmayıb. Burada tikintiyə ayrılan vəsaitlə bağlı, habelə ölkədə yenidənqurma işlərinin getməsi ilə bağlı kifayət qədər rəqəmlər sadalanıb.
Mən sadə bir misal çəkəcəyəm. 2003-cü ildə Dövlət Filarmoniyasının bərpası üçün 27 milyon dollara yaxın vəsait ayrılmışdı. Bu gün filarmoniyanın yanından keçən hər bir adam onun yenidən mühasirəyə alındığının və tikinti işlərinin getdiyinin fərqindədir. Nə baş verir? 3 il öncə bərpasına 27 milyon vəsait qoyulan Dövlət Filarmoniyası nə tez təmirə ehtiyac duydu? Niyə bunun hesabatını soran yoxdur? Ölkədə nə baş verir? Bu pulları kim havaya sovurur? Nədən bu pulların hesabatı Milli Məclisdə verilmir? Bakı şəhərinin görməli yerlərində 1 milyon dollara saat quraşdırılır. Bu saat kimə lazımdır? Hökumət 12 milyon dollar vəsait ayırmalıdır ki, həmin saat quraşdırılsın?
Burada qeyd olunur ki, qaçqınların çörək pulu 50 faiz artırılıb. Rəqəm etibarı ilə ciddi səslənir. Amma fərqindəsinizmi ki, 50 faizə heç bir kiloqram ət də almaq mümkün deyil? Həmin qaçqınların böyük əksəriyyəti işləmir. Əksəriyyəti çadır şəhərciyindən köçürülüb. Yeni infrastrukturlara gətirilən insanların burada iş yeri yoxdur. Onlar gözlərini verilən əlavə yardımlara dikiblər. 50 faizlik artım 1 kiloqram ət eləmirsə, necə yaşamalıdır? Orada infrastruktur yox, istehsal sahələri yox, iqtisadi strukturlar bərpa olunmayıb. Nəyin hesabına yaşamalıdır? Bu insanlar neçə kilometr məsafə qət eləməlidir ki, haradasa işləsin.
Bu gün iş yerinin uzaq olması ucbatından aldığı əmək haqqını həmin yola xərcləyir. Ona görə də bu sahədə ciddi problemin olduğunu hökumət nəzərə almalı idi. Hökumət inflyasiyanın ikirəqəmli, yəni 17 faizə yaxın olduğunun da fərqinə varmalı idi. Millət vəkillərinə də bununla bağlı məlumat verməli idi.
Digər tərəfdən, əmanətlərin qaytarılması ilə bağlı neçə illərdir ki, proses danışıqlar səviyyəsində gedir. Çox təəssüflər olsun ki, büdcənin artmasını iddia eləyən hökumət əmanətçilərə olan borcların qaytarılması istiqamətində hər hansı bir yeni xətt ortaya qoymur. Mən hesab edirəm ki, hökumət təqdim etdiyi layihələrdə bütün bunları ciddi şəkildə nəzərə almalı idi"