2012-ci ildə Obyektiv tv-nin tamaşaçı auditoriyası xeyli genişlənib. 2010-cu ilin may ayından Azərbaycan ictimaiyyətinin xidmətində olan onlayn televiziyanı milyonlarla insan maraqla izləyir. Azərbaycanda hüquqları pozulmuş insanların fəal müdafiəçisinə çevrilən "Obyektiv tv" hər zaman haqqı tapdanan vətəndaşların yanındadır.
Yola saldığımız ildə media ilə bağlı problemlər, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən kampaniyalar, Beynəlxalq konfranslar, həbsdə olan, təzyiqə məruz qalan jurnalistlər, hüquq müdafiəçiləri, sadə vətəndaşların qarşılaşdıqları problemlər, mülkiyyət hüquqlarının pozulması, əsgər ölümləri, qadınlara qarşı zorakılıq və sair mövzular diqqət mərkəzində olub. Azərbaycanda iki böyük beynəlxalq tədbir keçirilib. May ayında Eurovision musiqi yarışması, noyabrda isə dünyanın müxtəlif yerlərindən gələn 1600 xarici qonağın iştirak etdiyi 7-ci Qlobal İnternet İdarəçiliyi Forumu. Azərbaycanda insan hüquqlarının fəal müdafiəsi üçün yaradılmış, Eurovision-2012 ərəfəsində siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi uğrunda mübarizə aparan "Sing for democracy" -"Demokratiya naminə oxu" və internet azadlığını genişləndirməyə xidmət edən "Onlayn İfadə Təşəbbüsü" kompaniyalarının tədbirləri Obyektiv tv-də geniş işıqlandırılıb. Eurovision müsabiqəsindən öncə insan hüquqlarının, ifadə, söz azadlığının müdafiəçilərindən olan İsveç təmsilçisi Loreenin demokratiya çağırışları geniş ictimaiyyətə çatdırılıb. Loreen Eurovision yarışmasının qalibi olub. "Demokratiya naminə oxu" kampaniyasından az sonra -iyun ayında isə müxalifətin 2011-ci il 2 aprel aksiyasında həbs edilən vicdan məhbusları azadlığa buraxılıb. Kampaniya işini uğurla sona çatdırıb.
Mart ayının 2-si "Monitor" jurnalının güllələnərək qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun, noyabrın 23-ü bıçaqlanaraq öldürülmüş publisist Rafiq Tağının anım günüdür. Elmar Hüseynovun, Rafiq Tağının qatilləri hələ də cəzalandırılmayıb. Jurnalistlərə qarşı təzyiq və zorakılıqlarsa hələ də davam edir. 2010-ci ildə keçirilən parlament seçkilərində yol verilən saxtakarlıqlara etiraza görə həbs edilən hüquq müdafiçəsi Vidadi İsgəndərlidən sonra 2012-ci ildə hüquq müdafiəçiləri Taleh Xasməmmədov 4 il, İlham Əmiraslanov 2 il həbs cəzası aldı. Hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun məhkəməsi isə aylardır yekunlaşmır. 2010-cu il Kür daşqınlarından zərər çəkən sakinlərin hüquqlarını müdafiə etdiyinə görə saxta ittihamlarla həbs edilən "Kür" Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev istintaq müddəti həbsdən azad olunsa da barəsində açılan cinayət işinə xitam verilməyib. Dünya Azərbaycanlılarının Həmrəylik günü, Yeni il ərəfəsində həbsdə olan hüquq müdafiəçiləri Vidadi İsgəndərli və Taleh Xasməmmədov, jurnalistlər-İranın "Səhər "telekanalının əməkdaşı Anar Bayramlı və "Xural" qəzetinin müxbiri Aydın Canıyev prezident fərmanı ilə əfv edilib. Hazırda həbsdə səkkiz jurnalist var.
Yeddi aydan artıqdır Bakı Ağır Cinayətlər məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi gedir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə, "Azərbaycan" nəşriyyatının rəhbəri Ağabəy Əsgərova və müğənni Nüşabə Ələsgərliyə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə Nərimanov rayon məhkəməsinin qərarı ilə "Xural" qəzetinin əmlakı müsadirə olunub. Qəzet fəaliyyətini dayandırıb. Baş redaktor Əvəz Zeynallı Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации