Sevgi hər bir insanın istədiyi Allah’ın çox böyük nemətidir. Əxlaqından, şəxsiyyətindən, inancından, mədəniyyətindən, həyat tərzindən asılı olmayaraq, bütün insanlar ətrafındakı insanlarda sevgini axtarırlar.
Ancaq sevgini dəyərli görən insanların çox az qismi bilir ki, hörmət də sevgi qədər əhəmiyyətlidir.
Sevgi nə qədər gözəl nemət olsa da, hörmət olmadan bu hiss tam mənada və daim yaşana bilməz. Bir insana duyulan sevginin həqiqi sevgi olması üçün bu insana hörmət etmək vacibdir.
İnsan həyatda çox şeyi sevə bilər. Pişiklərə, itlərə, çiçəklərə, yeməklərə, evlərə, maşınlara və bir çox şeyə qarşı coşğun sevgi bəsləyə bilər. Ancaq bunlar bir insana qarşı duyulan sevginin dərinliyinin və bu dərinliyin insanın ruhunda yaratdığı gözəlliyin həzzi ilə müqayisə edilə bilməz.
Allah insanı digər varlıqlardan fərqli olaraq ruh ilə yaratmışdır. Buna görə də, hər bir insan ruhundakı zənginliklə qarşı tərəfdə müxtəlif təsir meydana gətirir. Hər bir insan ruhunun gözəlliyi nisbətində sevgini yaşayır. Özündə nə qədər çox seviləcək və hörmət ediləcək xüsusiyyət varsa, insanlar onu bu nisbətdə sevirlər. Eyni şəkildə, öz ruhunda sevilib hörmət ediləcək xüsusiyyətlərə qarşı nə qədər həssaslıq varsa, insanlardakı gözəllikləri də o nisbətdə görüb, onları o nisbətdə sevə və hörmət edə bilər.
İnsan dünyadakı bütün varlıqlara sevgi bəsləyə bilər, amma dərin sevgini və ondan qaynaqlanan hörməti ancaq ruh sahibi olan insana bəsləyə bilər.
Sevilən insana verilən dəyərin ifadəsi hörmətdir. O insana nə qədər dəyər və nə qədər əhəmiyyət verilməsinin sübutudur. İnsanlar həyatları boyu bir çox insana müxtəlif cəhətdən sevgi və simpatiya bəsləyə bilərlər. Amma bunların çoxu müvəqqətidir. Məsələn, bir insan iş yerindəki yoldaşını dost kimi görər və müəyyən nisbətdə sevgi bəsləyə bilər. Ya da eyni məhəllədə yaşayan qonşusu ilə də dostluq edər və onu müəyyən dərəcədə sevər. Amma çox hörmət etdiyi, dəyər verdiyi, əhəmiyyət verdiyi bir insana bəslədiyi sevgi tamamilə başqa cürdür.
Bu cür sevgidə çox böyük bir hörmət var. Sarsılmaz sədaqət var. Ölənə qədər davam edən bir sirdaşlıq var. O insana qarşı dərin güvən hissi var. Bu sevgini yaşayan insan qarşısındakı insanı ona zərər verə bilən bütün şeylərdən qoruyar. Allah rizası üçün ona qarşı diqqətli olar. Ən çətin vəziyyətdə olsa belə, hər zaman onu qoruyub mühafizə edər. Allah rizası üçün heç düşünmədən öz nəfsini əzib, üstünlüyü o insana verər.
Ancaq əlbəttə ki, bu hörmət insanlar arasında rəsmiyyət və uzaqlıq yaradan bir hörmət deyil. Bu hörmət anlayışında insanlar bir-birləri ilə çox səmimi və yaxın olurlar. Amma eyni zamanda da qarşılıqlı olaraq bir-birlərinə ciddi şəkildə dəyər verdikləri üçün atdıqları hər addımı, söylədikləri hər sözü, hər hərəkətlərini düşünürlər. Buna görə də bu hörmət anlayışı insanların sevgidəki coşğularını, dərinliklərini, yaxınlıqlarını və bir-birlərinə olan güvənlərini artıran gözəllik şəklində olur.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев