İnsanın ən bəyənilən sifətlərindən biri – Allaha qarşı nikbin olmasıdır. Yəni, insan Allahın iradəsinin həyata keçəcəyinə və vədələrinə ümid bəsləyər. İmam Rza (ə) buyurur: “Allaha gümanınızı gözəl edin ki, O, buyurmuşdur: “Mən mömin bəndəmin gümanı iləyəm. Əgər gümanı yaxşı olarsa, Mən də onunla o cür rəftar edərəm. Əgər pis gümanı olarsa, Mənim də əməlim onun kimi olacaqdır”. İslam maarifində insanın özünə qarşı nikbin olması – bəyənilməyən sifətlərdəndir. Çünki o zaman ki, insan özünə xoş gümanlar bəsləyər, öz nöqsanlarını görməz. Nəticədə təkəbbürə və lovğalığa düçar olar. İmam Əli (ə) buyurur: “Mömin səhəri etməz və gecəyə daxil olmaz, məgər o halda ki, nəfsi onun yanında müttəhimdir”.
İmam Əli (ə):"Dünya üç gündür. Onun dünənində olan hər bir şey keçib gedir və heç vaxt qayıtmır. Bu gününü gərək qənimət biləsən. Sabahına da ki, məlum deyil çatacaqsan ya yox. Dünən ədəb öyrədən həkimdir. Gərək onun təcrübəsi bu günü işıqlandırsın. Bu gün vida halında olan dostdur. Sabahsa, sadəcə olaraq, bir arzudur. Ona da ki, bəlkə çata bildin
Bir hədisi-qüdsidə Allah-təala buyurub: "Mən dörd şeyi dörd yerdə qərar vermişəm, lakin camaat onu başqa yerdə axtarır və tapmır: Elmi aclıq və qürbətdə qərar vermişəm, camaatsa onu başqa yerdə axtarır. İzzəti Mənə bəndəlikdə qərar vermişəm, camaatsa onu padşahların qapısında axtarır. Varlılığı qənaətdə qərar vermişəm, camaat isə onu çoxlu mal-dövlətdə axtarır, əldə edə bilmirlər. Rahatlığı behiştdə yaratmışam camaatsa onu dünyada axtarır."