Mən, dünyada olmayanda!
Sən məni həmişə çox sevəcəksən,
Mənli xəyallarda dincələcəksən,
O, başqa biriydi, söyləyəcəksən,
Mən, dünyada olmayanda!
Gəzəcəksən, nəsə itirmiş kimi,
Hər yanda, hər zaman axtaracaqsan.
Tapmayıb uşaq tək ağlayacaqsan,
Mən, dünyada olmayanda!
Xəyalın dönəcək ötən illərə,
Mənimlə bəxtəvər keçən günlərə,
Qibtə edəcəksən sevilənlərə,
Mən, dünyada olmayanda!
Sevgimin qədrini sağlığımda bil,
Səni aldatmasın hər yalançı dil,
Bir kimsə könlünü ovudan deyil,
Mən, dünyada olmayanda!
Dünyada qalacaq çəmən də, çöl də,
Hər bahar açacaq çiçək də, gül də.
Bir niskil qalacaq sevən könüldə,
Mən, dünyada olmayanda!
Güldanə Ramazanova.