Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.
Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.
İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan…
Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.
Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.
Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar nə yağış yağar.
Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?
Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев