SƏSƏƏNİN HƏZRƏT ƏLİNİN (Ə) PEYĞƏMBƏRLƏRDƏN ÜSTÜNLÜYÜNÜN SƏBƏBİ HAQQINDAKI SUALLARI VƏ ONLARIN CAVABLANDIRILMASI
Hicrətin 40-cı ili mübarək ramazan ayının 20-sində, Rəsuli-əkrəmin də əvvəlcədən xəbər verdiyi kimi, zalım, bədbəxt Əbdürrəhman ibn Mülcəm Muradi tərəfindən zəhərli qılınc ilə mübarək başından zərbə alan imam Əli (ə) ölüm nişanələrini bildiyindən, oğlu imam Həsənə (ə) qapı arxasında toplanan şiələrin gəlib onu görmələrinə izn verməsini əmr etdi. Onlar yatağın ətrafında toplaşıb, sakitcə İmam (ə) üçün ağlayırdılar. həzrət Əli (ə) çox halsız bir halda buyurdu: «Məni itirməmiş istədiyiniz sualı soruşun; ancaq suallarınız qısa olsun».
Əshabın hər biri sual verib cavablarını alırdılar. Onlardan biri şiənin böyük şəxsiyyət və ravilərindən olan Kufənin məşhur xətibi Səsəə ibn Suhan idi. Şiə alimləri və arabir sizin böyük alimləriniz, hətta «Səhih» yazıçıları onun rəvayətlərini həzrət Əli (ə) və İbni Abbasdan nəql etmişlər. İbn Əbdülbirr «İstiab», İbn Səd «Təbəqat» və İbn Quteybə «Maarif» adlı kitabında və digər böyük sunnu alimləriniz onun həyat və fəaliyyəti haqqında şərhlər yazaraq etibarlı və adil bilib, həzrət Əlinin (ə) alim, fazil, sadiq və təqvalı əshabından biri olduğunu nəql etmişlər.
Səsəə Həzrət Əliyə (ə) belə ərz etdi:
- Siz üstünsünüz yoxsa, Adəm peyğəmbər? həzrət Əli (ə) cavabında buyurdu:
- İnsanın özünü tərif və təzkiyə etməsi çirkin bir şeydir; amma «Rəbbinin nemətlərini anlat» baxımından söyləyirəm: mən Adəmdən daha üstünəm.
- Ey Əmirəl-möminin! Hansı dəlilə görə siz Adəmdən daha üstünsünüz?
- Adəm üçun buğdadan başqa Cənnətdə bütün rəhmət, rahatlıq və nemətlər hazırlanmışdı. O, nəhy edilməsinə baxmayaraq, buğdadan yeyərək Cənnət və haqqın rəhmətindən çıxdı. Amma Allah-təala məni, buğdanı yeməyi qadağan etməməsinə baxmayaraq, öz istək və iradəmlə, dünyanı əhəmiyyətsiz bilmədiyimdən, buğdadan yemədim.
Bu söz, insanın kəramət və fəzilətinin Allah qatında zöhd və təqva ilə olduğuna işarədir. Çünki dünya və onun gözəlliklərindən daha çox pərhiz edənlərin Allah dərgahında dəyər və yaxınlığı daha çoxdur. Bu səbəbdən zöhd və təqvanın son dərəcəsi də qadağan olunmayan halallardan uzaq durmaqdır.
Səsəə:
- Siz daha fəzilətlisiniz, yoxsa Nuh peyğəmbər?
həzrət Əli (ə):
- Mən Nuhdan daha fəzilətliyəm.
- Hansı dəlilə görə?
- Həzrət Nuh öz qövmünü Allaha dəvət etdikdə onlar itaət etmədilər; üstəlik, o həzrətə çox əziyyət verdilər, zülm etdilər. Sonda onlara qarğış edib dedi: «Allahım, yer üzündə kafirlərə bir diyar belə qoyma. (yəni onların hamısını həlak et) Amma mən Xatəmül-ənbiyadan (s) sonra bu ummətdən qat-qat artıq əzab-əziyyət görməyimə baxmayaraq, onlara qarğış etmədim və təmamilə səbir etdim.
Bu söz, bəlalara qarşı səbri çox olan kimsənin haqqa ən yaxın məxluq olduğuna işarədir! Sasəə:
- Siz daha üstünsünüz, yoxsa İbrahim peyğəmbər?
Həzrət Əli (ə):
- Mən İbrahimdən daha üstünəm».
- İbrahimdən üstün olmağınızın dəlili nədir?
- İbrahim Allah-təaladan: «Rəbbim, ölünü necə dirildirsən?», - deyə soruşdu. Allah - təala: «İnanmırsan?!», - deyə buyurdu. İbrahim dedi: «İnanıram, ancaq (onu görməklə) qəlbimin əmin olmasını istəyirəm». Amma mənim imanım elə bir yerə çatmışdır ki, hətta, əgər bütün hicablar qaldırılırsa belə, zərrə qədər yəqinimdə artım olmaz.
Bu söz şəxsin dərəcə və məqam ucalığının Həqqul-yəqin mərtəbəsinə yetişdiyi üçün onun yəqin məqamına çatdığına işarədir.
Səsəə:
- Siz daha üstünsünüz, yoxsa Musa peyğəmbər?
Həzrət Əli (ə);
- Mən Musadan daha fəzilətliyəm.
- Hansı dəlilə görə?
- Allah-təala həzrət Musanı, Fironu dəvət etmək üçün Misirə göndərdikdə Musa Rəbbinə belə dedi: «Rəbbim, mən onlardan bir nəfər öldürdüm, məni öldürəcəklərindən qorxuram. Qardaşım Harun dil baxımından məndən daha fəsihdir. Onu da mənimlə bərabər, məni doğrulayan bir yardımçı olaraq göndər. Çünki onların məni yalanlayacaqlarından qorxuram».
Atası, qardaşı, əmiri, dayısı və yaxın əqrabasını öldürdüyüm bir çox insanın olmasına baxmayaraq, Rəsulallah (s) Allah tərəfindən məni «Bəraət» surəsinin ilk ayələrini Məkkədə - Kəbənin üzərində Qüreyş kafirlərinə oxumağım üçün vəzifələndirdikdə, əsla qorxmayıb, əmrə itaət etdim. Təkcə getdim, vəzifəmi yerinə yetirib «Bəraət» surəsinin ayələrini onlara açıqladıqdan sonra geri döndüm.
Bu söz, şəxsin üstünlüyünün Allaha təvəkküllə ola biləcəyinə və təvəkkülü çox olanın da üstün olduğuna işarədir. Musa (ə) öz qardaşına etimad edib, ona güvəndi. Amma Əmirəl-möminin Əli (ə) Allaha kamil bir təvəkkül edib, Cəlal sahibi olan haqq-təalanın geniş kərəm və lütfünə etimad etdi.
Səsəə:
- Siz daha üstünsünüz, yoxsa İsa peyğəmbər?
Həzrət Əli (ə):
- Mən İsadan daha üstünəm.
- Hansı dəlilə görə?
- Cəbrail Məryəmin yaxasına üfürdükdən sonra O, Allahın qüdrəti ilə hamilə oldu. Doğum zamanı gəldikdə Məryəmə belə vəhy olundu: «Bu evdən (Beytül-müqəddəsdən) bayıra çıx; çünki bu ev ibadət evidir, doğum evi deyil!».
Bax, bu səbəbdən də Beytül-müqəddəsdən bayıra çıxıb, çöldə - quru bir xurma ağacının altında İsanı dünyaya gətirdi. Amma anamın - Əsəd qızı Fatimənin Məscidül-həramda doğuş sancısı başladıqda Kəbənin Rəbbinə yalvararaq belə ded? - «İlahi, bu evin və bu evi bina edənin haqqı hörmətinə bu doğum sancısını mənim üçün asanlaşdır». Bax, o an Evin divarı aralandı və anamı: «Ey Fatimə, evə gir!», - deyə qeybi bir nida ilə evin içinə dəvət etdilər. Daha sonra anam içəri girdi və mən Allahın evi olan Kəbədə dünyaya gəldim».
Bu söz, insanın şərəfinin ilk mərhələdə əsalət, soy və doğumun təmizliyinə görə olduğuna, ruhu, nəfsi və bədəninin daha təmiz olanın da daha üstün olduğuna işarədir.
Fatimənin Kəbəyə daxil olmasının və Məryəmin də doğum üçün Beytül-müqəddəsdən çıxarılmasına, Məkkənin Beytül-müqəddəsə, Fatimənin Məryəmə və həzrət Əlinin (ə) də həzrət İsaya (ə) nəzərən daha üstün olduğu Allah-təalanın bu əmrindən görülür.
HƏZRƏT ƏLİ (Ə) BÜTÜN PEYĞƏMBƏRLƏRİN AYNASI İDİ
Mötəzəli olan İbn Əbil-Hədid «Nəhcül-bəlağənin şərihi»in 2-ci cildinin 449-cu səhifəsində, Şafei fəqihi olan Hafiz Əbu Bəkr Əhməd ibn Hüseyn Beyhəqqi «Mənaqib»də, imam Əhməd ibn Hənbəl «Müsnəd»də, imam Fəxri Razi «Təfsiri-kəbir»də «Mübahilə ayəsinin təfsiri»ndə, Muhyiddin Ərəbi «Yəvaqit və cəvahir»in 32-ci mövzusunun 172-ci səhifəsində, Hənəfi olan Şeyx Süleyman Bəlxi, «Müsnədi İmam Əhməd», «Səhihi-Beyhəqi», «Şərhul-Məvaqif» və «Təriqətul-Məhəmmədiyyə» kitablarından nəql edərək «Yənabiul-məvəddə»nin 40-cı babının əvvəllərində, Nurəddin Maliki Beyhəqqidən nəql edərək «Fusulul-mühimmə»nin 121-ci səhifəsində, Şafei olan Məhəmməd ibn Təlhə «Mətalibus-süul»un 22-ci səhifəsində və Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayəut-talib» kitabının 23-cü babında müxtəlif ifadələrlə, az çox fərqliliklə Rəsulallahın (s) belə buyurduğunu nəql etmişlər: «Kim, Adəmin elminə, Nuhun təqvasına (hikmətinə), İbrahimin adət və əxlaqına, Musanın heybətinə və İsanın da ibadətinə baxmaq istəyirsə, Əli ibn Əbu Talibə baxsın».
Şafei olan Mirseyid Əli Həmədani «Məvəddətül-qurba» adlı kitabının 8-ci məvəddəsində bu hədisi-şərifi daha geniş şəkildə zikr etmiş və sonda Cabirdən Rəsulallahın belə buyurduğunu nəql etmişdir: «Şübhəsiz, Əlidə peyğəmbərlərin xislətlərindən 90 xislət vardır; Allah-təala Əlidən başqa heç kimdə onların hamısını bir araya toplamamışdır».
Həzrət Əlinin (ə) üstünlüyü haqqında deyilənlər təkcə imam Əhməd ibn Hənbələ aid deyildir; insaflı sunnu alimlərinin əksəriyyəti bu mənanı təsdiq etmişlər. Bu səbəbdən Mötəzəli olan İbn Əbil-Hədid «Şərhül-Nəchül-bəlağə» kitabının 1-ci cildinin 46-cı səhifəsində belə deyir: «Həzrət Əli fəzilət baxımından vilayətə daha üstün və daha layiq idi. Çünki O, Rəsulallahdan sonra insanların ən üstünü və vilayət məqamından da xilafətə bütün müsəlmanlardan daha layiq idi».


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев