"Mənə tapşırdılar ki, evdəkilərə bu barədə heç nə deməyim"
Dayımın evindən qaçıb bulvara getdim. Soyuq idi, paltarım da qalın
deyildi. Həm üşüyürdüm, həm də nə edəcəyimi düşünürdüm. Bu vaxt
iki oğlan mənə yaxınlaşdı. Əvvəl qorxdum, sonra nədənsə onlara
inandım. Məni evlərinə apardılar.
Bu hadisə 4 il əvvəl baş verib. 18 yaşlı Aytən həmin gün o iki oğlanla
qarşılaşmasaydı, onlara inanmasaydı, həyatı, yəqin ki, fərqli olardı.
Amma inandı. Çünki başqa yolu yox idi.
O, atasının kim olduğunu bilmir, anasının isə ancaq səsini eşidib. İndi o
səsi də çoxdan unudub.
Anam 3 ay sonra qayıdacağını deyib gedib
“Mən olanda anam mənə baxa bilməyib, bir qadına verib. Üç ay sonra
gəlib götürəcəyini deyib, heç bir sənəd də verməyib. Ancaq adımı deyib
gedib. Məni saxlayan qadın heç vaxt atamın kim olması ilə
maraqlanmayıb. Qadının əri ölmüşdü, mənə tək baxırdı. Əlbəttə, o vaxt
həmin qadını anam bilirdim və mənə hər zaman doğma qızı kimi
davranıb. Düzdür, heç vaxt məktəbə getməmişəm. Amma ana bildiyim
həmin qadın məni yaxşı yetişdirib. Bir gün belə məktəbdə olmasam
da, oxuyub-yaza bilirəm. O qadın rusdilli idi, ona görə də rus dilini əla
bilirəm. Düzdür, məhəllədəki uşaqlar məktəbə gedəndə pis olurdum,
amma o qadın həmişə məni sakitləşdirib, bir gün mənim də məktəbə
gedəcəyimi deyirdi. Niyə məktəbə getmədiyimi isə heç vaxt demirdi.
On yaşım olanda məni yanına çağırıb həqiqəti mənə açdı”.
Həqiqəti bilmək Aytənin həyatını kökündən dəyişir. Elə bir dəyişiklik ki,
Aytəni yalanla yaşadığı günlərə şükür edir.
“O, doğma anamın Türkiyədə işlədiyini dedi. Amma mən yenə
inanmadım, günlərlə ağladım. Narahat idim, təsəvvür edin, birdən-birə
ana bildiyiniz birinin yad olduğunu öyrənirsiniz. Axı o, mənim anam
deyildisə, niyə bu vaxta qədər mənə yalan deyib? Niyə öz anam məni
axtarmayıb? Bütün günü bu barədə düşünürdüm.
Bir müddət sonra anamla maraqlanmağa başladım, onu görmək
istəyirdim. Onun gözləri nə rəngdədir, gözəldirmi? Bir gün məni
saxlayan qadın dedi ki, anam zəng edib, mənimlə danışmaq istəyir.
Amma yenə inanmadım. Telefondakı anam idi, o sanki illərdir məni
tanıyırmış kimi sorğu-sual etdi. Səsini eşidəndə artıq özümü ona yaxın
hiss etməyə başladım. Söz verdi ki, mütləq gəlib məni öz yanına
aparacaq. Amma bu sözü eşidəndə heç də sevinmədim, ağladım,
çünki istəmirdim onunla gedim, çünki birdən-birə həyatımda hər şeyi
dəyişəcəkdi. Buna hazır deyildim. O gündən sonra anam tez-tez zəng
etməyə başladı”.
Aytənin qəlbini ələ alan anası ona hədiyyələr göndərirdi. Hər dəfə zəng
etdikcə, onlar daha da yaxınlaşırdılar. Günlər keçdikcə, artıq Aytən
anasının onun yanına getmək təklifi ilə razılaşmağı düşünür, ta ki o
zəng edib anası olmadığını deyənə qədər.
“Bir gün isə o zəng etdi və onun qızı olmadığımı dedi.“Səni istəmirəm,
yanıma gətirməyəcəm” dedi və telefonu yerə qoydu. Bu dəfə isə artıq
ona olan inamım yenidən qırıldı, düşünürdüm ki, görəsən, niyə o artıq
məni istəmir, nə baş verib? Məni himayəyə götürən qadın anamın bəzi
problemləri olduğunu, ona görə də hərdən belə əsəbi olduğunu deyirdi.
Anladım ki, anamın problemi içkidir. Daha sonra bir ilə yaxın o, nə
zəng elədi, nə də hədiyyə göndərdi. Mən də yavaş-yavaş onu
unudurdum. Öz anam olmasa da, məni saxlayan qadınla əvvəlki kimi
mehriban idim. Bir gün o, yenə zəng etdi, pulu olmadığını, ona görə
neçə müddətdir zəng etmədiyini dedi”.
Tanımadığım qohumların evində
Aytən artıq üzünü görmədiyi, telefonda sevdiyi anasına inanmır, hətta
ona olan sevgisinin də öldüyünü hiss edir. Artıq anasının zənglərinə
cavab vermir. Lakin bununla iş bitmir. Aytəni himayə edən qadın onu
dayısı və xalasının yanına aparır. Bundan sonra onlarla qalacağını
deyir.
“Məni xalamgilin yanına aparanda dedi ki, gəlib məni görəcək, amma
bir daha gəlmədi. Xalamgili heç tanımırdım, onlarla necə
davranacağımı da bilmirdim. Xalam anamın məni istəmədiyini, ona
görə başqa qadına verdiyini deyirdi. Onun danışıqları mənə pis təsir
edirdi, ona görə dayımın yanında qalmaq istədiyimi dedim. Dayımın iki
oğlu var idi, onlarda günlərim yaxşı keçirdi. Dayım da, uşaqları da
mənimlə mehriban idi. Amma arvadı dayımın mənimlə yaxın olmasını
qısqanırdı. Dayım evdə olanda mənimlə mehriban, tək olanda isə
başqa cür davranırdı. Hər axşam məndən dayıma şikayət edirdi”.
İki oğlan yaxınlaşdı
Dayısının yoldaşının davranışlarına dözə bilməyən Aytən evdən qaçır.
Qalacaq yeri olmadığına görə, bulvara gedir.
“İlk gecəni Bulvarda keçirdim. Orda gəzirdim, nə edəcəyimi, hara
gedəcəyimi bilmirdim. Hava çox soyuq idi. Həm üşüyürdüm, həm də
nə edəcəyimi düşünürdüm. Bu vaxt iki oğlan mənə yaxınlaşdı. Əvvəl
qorxdum, onlardan qaçmaq istədim, kənarlaşdım, sonra yenə
yaxınlaşdılar. Soruşdular ki, mən kiməm hara gedirəm, gecə vaxtı
burada nə edirəm. Mən onlara inandım və başıma gələnləri danışdım.
Dedilər ki, mənə kömək edəcəklər. Bir evə apardılar, bir neçə gün orada
qaldım. Bir neçə gün qalandan sonra onlar məni başqa bir evə
apardılar. Həmin evdə ana, ata, bacılar qardaşlar, çox adam var idi.
Onlar mənimlə mehriban davrandılar. İlk dəfə idi ailə mühiti
görürdüm”.
Bu ailədə hamı onunla ailənin qızı kimi davranır. Artıq həyatının
müsbət istiqamətə dəyişdiyini düşünən müsahibimin çox keçmir
ümidləri yenə məhv olur.
“Qardaşlarım çox yaxşı idi, elə anam, atam da, amma qızlar yox.
Məktəbə getməmişəm, hamı elə bilər ki, həyatı anlamıram. Amma elə
deyil. Mən yaxşı və pis insanları tanıyıram və o qızlar yaxşı deyildi. Indi
danışmağa utanıram, amma utanacaq heç nə etməmişəm. Qızlar məni
özləri ilə gəzməyə aparırdılar. Bəzən anaları ilə dalaşır, ata,
qardaşlarından gizli evdən çıxırdılar. Bir gün evin qızlarından birinin
rəfiqəsi gəldi, gəzməyə getməyi təklif etdi. Anası çox gec olduğundan
razılıq vermədi. Amma qızlar onu dinləməyib getdilər və məni də özləri
ilə apardılar. Bir kluba getdik, onlar dostları ilə söhbət edirdilər, mən də
onlara baxırdım. Mənə tapşırdılar ki, evdəkilərə bu barədə heç nə
deməyim. Əgər nəsə desəm, bu həm mənim, həm də onlar üçün yaxşı
olmaz”.
Klubdakı oğlanlar mənə yaxınlaşmaq istədi
Aytən deyir ki, yaşı az olsa da, oranın yaxşı yer olmadığını anlayıb.
Amma bu barədə heç kimə heç nə deməyib. Qızlar tez-tez onu həmin
kluba aparıblar.
“Mən bilirəm, kluba getmək, küçədə qalmaq nədir. Orada hamı içki içir,
siqaret çəkir, bir sözlə çox pis vəziyyət idi. Oğlanlar mənə baxırdılar,
amma özümü elə aparırdım ki, sanki onları görmürəm. Çox
qorxurdum, sıxılırdım. Bir dəfə klub işçiləri oğlanlardan birinin mənimlə
tanış olmaq istədiyini dedi. Çıxanda onunla getməyimi təklif etdi,
amma mən qorxdum, qaçıb mətbəxdə gizləndim. Oğlanlar gedəndən
sonra çıxdım. Heç vaxt oradakı oğlanlarla danışmamışdım. Təmiz
qızam, özümə söz vermişəm həmişə təmiz qalacam. Artıq o kluba
getmək istəmirdim, qızlar da qorxduğumu görürdü. Bir gün məni
aparan oğlanlar sığınacaqdan danışdılar. Məni də ora aparacaqlarını
dedilər. Əvvəl getmək istəmədim, onlar sığınacaqda hər şeyin yaxşı
olacağını dedilər. Bir müddət bura öyrənmədim, tez-tez qaçırdım.
Axırda söz verdim ki, bir də burdan qaçmayacam. Artıq dörd ildir
burdayam. Indi kursa gedirəm, özümə yeni həyat qurmaq istəyirəm.
Ömür boyu sığınacaqda qala bilmərəm axı”.
Aytən valideynlərinin məsuliyyətsizliyinin qurbanıdır. O, həyatını məhv
edən o iki insanı bəlkə də, heç vaxt tanımayacaq, görməyəcək. O artıq
həmin insanlar barədə düşünmür, amma görəsən Aytənin uşaqlığını
əlindən alan, oxumaq, ailədə yaşamaq hüququndan məhrum edən
insanlar onu yada salır? Bunu da heç vaxt bilməyəcəyik. Bildiyimiz bir
şey odur ki, uşaq yaşında bu qədər problem yaşamış Aytənin xoşbəxt
gələcəyi barədə rahatlıqla düşünmək olmur. Amma ən azından
gələcəyi ilə bağlı xoş xəyallar qura bilir.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев