Azərbaycan Respublikasında ilk dəfə 1873-cü ildə Bakıda hər biri 16 at gücündə olan iki buxar turbini quraşdırılmışdır. Bu güc sonradan 2500 at gücünə çatdırılmışdır.
19-cu əsrin sonlarından başlayaraq Abşeron yarımadasında və Bakıda yüksək templə inkişaf edən neft sənayesini elektrik enerjisi ilə təmin etmək məqsədilə 1898-1899-cu illərdə «Электрическая сила» adlı səhmdar cəmiyyət yaradıldı. Bu Səhmdar cəmiyyət tərəfindən Bakı şəhəri ətrafında iki elektrik stansiyası inşa edildi:
- Bibi-Heybət gücü - 1470 kVt
- Ağşəhər gücü - 4260 kVt (indiki Bakı İEM-1)
Bibi-Heybət elektrik stansiyası 1901-ci ildə istismara verilmişdir, bir il sonra isə Ağşəhər elektrik stansiyası işə salınmışdır. Sonrakı illərdə bu stansiyaların qoyulmuş güclərinin artırılması məqsədilə bir neçə dəfə rekonstruksiya işləri aparılmışdır. Bununla yanaşı elektrik şəbəkəsi də inkişaf etdirilmişdir.
1906-cı ilin martında Azərbaycanda birinci dəfə olaraq 20 kV gərginlikli elektrik veriliş xətti ilə Ağşəhər elektrik stansiyasından 8,5 km məsafədə yerləşən Balaxanı neft mədəninə elektrik enerjisi verilişinə başlanmışdır.
1915-ci ildə elektrik şəbəkəsi inkişaf etdirilərək elektrik veriliş xətlərinin uzunluğu - 75 km, kabel xətlərinin uzunluğu isə 52 km çatdırıldı.
1916-cı ilin yanvar ayından hər iki elektrik stansiyası 20 kV gərginlikli elektrik veriliş xətti ilə paralel iş rejimində fəaliyyət göstərməyə başladılar.
1920-ci ildə respublikanın ərazisində yerləşən energetika müəssisələri milliləşdirildi və onların bazasında «Электроток» adlı idarə yaradıldı. Bu idarənin tərkibinə Ağşəhər və Bibi-Heybət elektrik stansiyalarından başqa 5 elektrik stansiyası daxil oldu və bununla generasiya gücləri 56 MVt təşkil etdi.
Energetika təsərrüfatının növbəti inkişafı Sovet Hökumətinin məşhur ГОЕЛРО planı ilə müəyyən edildi. Bu plana əsasən Bakı regionunda neft və neft emalı sənayesinin tam elektrikləşdirilməsi nəzərdə tutulmuşdur. Bayıl və Ağşəhər qəsəbələrində fəaliyyət göstərən elektrik stansiyalarının hər birində gücü 20 MVt olan 3 turbogenerator quraşdırılması planlaşdırılmışdı. Qeyd olunmuşdur ki, istilik elektrik stansiyalarının qaz yanacağı ilə işləməsi üçün rekonstruksiya işləri aparılmalıdır.
Azərbaycanda ucuz hidroresurslardan istifadə etməklə Kür, Araz və Samur çaylarında hidroenergetika tikintilərini nəzərdə tutan proqram hazırlandı ki, bu da xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafının əsasını qoymuş oldu.
1935-ci ildə ümumi güc 17,6 MVt, istehsal olunmuş elektrik enerjisinin miqdarı 937 mln. kVt/saat təşkil etdiyi halda, 1940-cı ildə bu göstəricilər uyğun olaraq 250 MVt və 1,7 mlrd. kVt/saata çatdırılmışdır.
1941-ci ilin fevralında Azərbaycanda birinci dəfə Sumqayıt istilik elektrik mərkəzi -1 istismara verildi. İkinci dünya müharibəsindən sonra energetika daha yüksək templə inkişaf etməyə başladı.
1953-ci ildə 24 MVt gücə malik Bakı İEM-2 istismara verildi.
1954-cü ildə 360 MVt gücündə Mingəçevir hidroenergetika kaskadının birinci növbəsi fəaliyyətə başladı. Həmin ildə «Şimal» DRES-də hər birinin gücü 25 MVt olan 2 turboaqreqat istismara verildi, 1960-cı ildə isə SSRI birinci olaraq 150 MVt gücündə enerji bloku ilə təchiz olundu.
1959-cü ildə Avropada birinci dəfə olaraq əsas avadanlıqların açıq komponovkada güclü İstilik Elektrik Stansiyası - Əli Bayramlı DRES-in tikintisinə başlandı. Bu stansiyanın istismara verilməsi ilə Azərbaycan Respublikasının elektrik enerjisinə olan tələbatı tam ödənilməklə, qonşu respublikalara 2 mlrd. kVtsaata qədər elektrik enerjisi ötürülməsinə imkan yarandı.
1964-cu ildə Gəncə İEM-in birinci turboaqreqatı işə salındı və sonra onun ümumi gücü 72 MVt çatdırıldı.
Kimya sənayesinin geniş sürətdə inkişafını nəzərə alaraq 1966-1972-ci illərdə Sumqayıt İEM-2 220 MVt-a güclə istismara verildi.
Avadanlıqlarının fiziki və mənəvi köhnəlməsini nəzərə alaraq 2002-ci ilin fevralından Sumqayıt İEM-1 və İEM-2-nin avadanlıqları istismardan çıxarılmışdır.
1971-ci ildə Naxçıvan MR-də İran İR ilə müştərək, hər birinin gücü 22 MVt olan iki hidroelektrik stansiya inşa edildi.
1976-1977-ci illərdə 50 MVt gücündə Tər-Tər SES işə qoşuldu. 125 metr hündürlükdə inşa edilmiş bənd 125 min hektar məhsuldar torpağın suvarılmasına şərait yaratmışdır. Hazırda Ermənistanın təcavüzü nəticəsində Tər-Tər SES əsarət altındadır.
70 –ci illərin sonunda respublikanın enerji sisteminin gücü 2882,4 MVt olmaqla 15,4 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunmuşdur. O dövrdə yüksək templə inkişaf edən iqtisadiyyatın enerji tələbatı ödənilmədiyindən ildə 2,9-3,5 mlrd.kVts enerji idxal olunması məcburiyyəti yaranmışdır. Enerji çatışmazlığını aradan qaldırmaq məqsədilə Şəmkir SES və Azərbaycan DRES-in tikilməsi nəzərdə tutulurdu.
Cənubu Qafqazda ən böyük elektrik stansiyası olan Azərbaycan DRES-in birinci enerji bloku 1981-ci ildə, səkkizincisi isə 1989-cu ildə istismara verilərək ümumi güc 2400 MVt-a çatdırıldı.
1981-1982-ci illərdə 380 MVt gücə malik Şəmkir SES istismara verildi.
Ermənistanın təcavüzü nəticəsində Tər-Tər SES, müxtəlif gücdə yarımstansiyalar və 5000 km-dən çox elektrik veriliş xətləri əsarət altında qalmışdır, elektrik enerjisi sisteminə böyük ziyan dəymişdir.
2000-ci ildə 150 MVt gücündə Yenikənd SES və 2001-ci ildə müasir texnologiyalı, ekoloji tələblərə cavab verən ümumi gücü 106 MVt olan Bakı İEM-1-də qaz turbinli stansiya işə salınmışdır.
2002-ci ildə MDB məkanında ilk dəfə müasir tipli iqtisadi cəhətdən səmərəli buxar-qaz turbinli 400 MVt gücdə Şimal İES-in birinci fazası istismara verildi.
Gücü 452 MVt olan müasir elektrik stansiyanın inşasına 2005-ci ildə başlanmışdır. Həmin ildə hər birinin gücü 8,7 MVt olan 10 ədəd modul tipli elektrik generatorları Astarada, Şəkidə, Xaçmazda, Naxçıvanda və 104,4 MVt 12 ədədi isə Bakı şəhərində quraşdırılmışdır.
Azərbaycan Respublikasının Enerji Sisteminin Xəritəsi
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев