Maraqlıdır artmaqda olan boşanmalar nə ilə əlaqədardır? Bunun bir neçə səbəbləri vardır. Bəzən çox təəssüf ki, ən kiçik səbəblər belə ailələrin dağılmasına səbəb olur.Burda bir neçə amil saya bilərik. Məsələn malliyyə çətinliyi, mənzil problemi, cütlüklər arasında yaranan ünsiyyət problemi, bir-birini anlamamaq, fiziki zorakılıq, daimi baş verən mübahisələr, gəlin-qaynana və ya gəlin-baldız münasibətləri, övladın olmaması, yersiz qısqanclıqlar, xəyanət,sərxoşluq və.s digər amillər səbəb ola bilər.Təbii ki, bu halların bəziləri dolayı yollarla ailəni boşanmaya gətirib çıxarır. Lakin bəzi mövzular həqiqətəndə ciddidir və məncə onların qarşısını elə əvvəlcədəndə almaq olar. Məsələn götürək maliyyə problemlərini, mənzil, işsizlik problemlərini bunları ki, ailə qurmamışdan əvvəl qaydasına salmaq olar.
Psixoloqlar hesab edir ki, ailə quran zaman yanınızda olan insanın şəxsiyyət keyfiyyətlərinə və xarakterinə bələd olmalısınız. Şəxsiyyəti formalaşmayan biri ilə qurulan ailələrin sonu boşanma ilə nəticələnir. Digər bir üzücü mənzərə isə milli xüsusiyyətlərimiz və mentalitetimiz ilə bağlıdır. Region və bəzi şəhər yerlərində ailə valideynlərin seçdiyi şəxslə qurulur və əksər hallarda yaranan ciddi uyğunsuzluq tezliklə ailənin dağılmasına səbə olur.
Ən pisi də odur ki, dağılan ailələrdə ən çox əziyyət çəkənlər uşaqlardır. Uşaq burda günahsızdır və ən ağır cəzanı o çəkir. Uşaq hər iki valideynin sevgisi və qayğısı ilə böyüməlidir, çox təəssüf ki, boşanma hallarında uşaq ana ilə qalırsa, ata sevgisindən və qayğısından məhrum olur və ya əksinə də ola bilər. Müəyyən edilmişdir ki, boşanan ailələrdə 10% hallarda hər iki valideyn uşağın tərbiyəsi ilə məşğul olmağa davam edir.
Burdan başqa bir sual ortaya çıxır, bəs görəsən uşağın həyatı məhv olmasın deyə boşanmayan ailələrdə vəziyyət necə olur? Fikrimcə bu daha betər olur. Bu həm uşağın ailə ilə bağlı fikirlərinə mənfi təsir edir, həm də baş verən mübahisələrdən hər gün daha da pis sarsılır. Belə olan halda uşaq hər iki valideyn sevgisindən məhrum və aqressiv ola bilər. Mən boşanmadan yana deyiləm sadəcə bəzi ailələr var ki, ailə rolunu oynamaqdansa boşansalar heç də pis olmaz. Demirəm hər kiçik səbəbdən və ya anlaşılmazlıqdan dolayı gedib məhkəmə qapılarına yapışmaq normal və düzgün bir haldır. Amma əksər hallarda cütlüklər cəmiyyətin tənqidi fikirlərindən qorxaraq, ya da övladlarına xatir boşanmayıb it-pişik kimi yaşamağı üstün tuturlar. Nəticədə isə təkcə öz həyatlarını deyil,həmdə uşaqların həyatını cəhənnəmə çevirirlər. Özünüz düşünün hər gün mübahisə, hər gün dava, sizcə belə ailələrin cəmiyyətə nə xeyri var? Axı ailə özü cəmiyyətin təməlidir.
Boşanmalar zamanı digər bir qurban isə qadındır. Qadın cəmiyyət tərəfindən elə bir təzyiqə uğrayır ki, bu gün qadınlar ailədə nə baş versədə sırf bu təzyiqlərlə, tənqidlərlə üzləşməmək üçün boşanmırlar. Cəmiyyətin “boşanmış qadın” damğası vurduğu insanın öz həyatına davam etməyə haqqı yoxdur. Ər gedib öz istədiyini edir artıq onun üçün evlilik bitmiş kimi bir şeydir, lakin qadın evində oturub uşaqlarına baxır, yeməyini bişirir. Axı o namuslu qadındır, əgər boşanmaq istəsə “camahat” ona nə deyər ? Daha sonra ər evə içkili gələr, arvadını döyər, uşaqları yatmağa göndərər, özü də oturar televizorun qabağında. Hər kəs də deyər nə gözəl mehriban ailərdir. Sizcə bu ailədir? Təbii ki, hər boşamalara kişini günahkar çıxara bilmərik. Bu sadəcə daha çox rast gəlinən nümunə idi.
2013- cü ildə Azərbaycanda 86852 nikah bağlanıb,11730 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 9.3 ,boşanmaların sayı 1.3 düşür. Və hər il bu qiymət artmaqda davam edir. Mən bu rəqəmlərin artmasına üzülmürəm. Hətta dəstəkləyirəm, təbii ki əsaslı səbəb olan hallarda. Yani qonum, qonşu nə deyər deyə boşanmamaqdansa, ailə rolunu oynamaqdansa boşanmanın tərəfdarıyam. Yəqin ki, hər insan ailə quran zaman boşanmağı düşünmür, amma sonra hər şey dəyişə bilər. Həyat bu, hər nə olur olsun, özünüz öz həyatınızı yaşamalısınız, cəmiyyətin yazılmamış qanunlarına boyun əyərək məhv etməməlisiniz. Yenə qeyd edirəm, hər kiçik mübahisədən boşanma qərarlarının alınmasının deyil, suvener ailələrə bu fikirlərimi şamil edirəm. Əlbəttə ailə cəmiyyətin kiçik və əsas bir parçasıdır, hər bir halda onu qorumaq lazımdır.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев