Bildiyimiz kimi, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşaqların hüquqlarının qorunması Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə tənzimlənməklə dövlət siyasətinin bir parçasını təşkil etməkdədir. Belə ki, uşqaların hüquqları ilə bağlı ailə, mülki, inzibati, cinayət qanunvericiliyində uşaq hüquqlarının təmini ilə bağlı normalar nəzərdə tutulmuş, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilmiş, Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyalara, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının «Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair” Fakültativ Protokoluna qoşulmuşdur.
Övladlığa götürmə iki cür olur: 1) Valideynləri və ya valideynlərindən biri olan uşağın övladlığa götürülməsi. Belə övladlığa götürmə əsasən tanışlıq qaydasında, yəni A vətəndaşının yaxın və ya uzaq qohumu, qonşusu, iş yoldaşı və.s və ya hər hansı vasitə ilə tanıdığı B vətəndaşının uşağını övladlığa götürmə arzusu ilə, B vətəndaşının isə buna razılığı ilə (uşağın hər iki valideyni sağdırsa hər ikisinin razılığı ilə) övladlığa götürmə prosesi başlanır. 2) Valideynləri olmayan uşağın övladlığa götürülməsi.
Azərbaycanda bir qayda olaraq uşaqlar ahıl nənə və babaları tərəfindən övladlığa götürülür. Ali Məhkəmənin Plenumunda bu məsələ müzakirə edilərkən məlum olub ki, övladlığa götürənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir.
Nənənin və ya babanın öz nəvələrini (özü də hər iki valideyni olan nəvələrini) övladlığa götürməsi hansı istəkdən doğur, hansı motivlər onların və öz uşaqlarını babalara və nənələrə övladlığa verən valideynlərin hərəkətlərini şərtləndirir?
Qanunvericiliyimiz öz doğma uşaqları olan şəxslərə başqalarını da övladlığa götürməyi qadağan etmir. Lakin Ali Məhkəmənin bu işlərlə bağlı apardığı ümumiləşdirmə zamanı müəyyən edilib ki, övladlığa götürənlərin məqsədi övladlığa götürülənlərin gələcəkdə onların əmlaklarına sahib olmaq və onların təqaüdlərini alması istəyidir.
Ailə qanunvericiliyinə görə, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir.
Övladlığagötürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir.
Azərbaycan Ali Məhkəməsi ötən il məhkəmələrdə övladlığagötürmə və övladlığagötürmənin ləğvi ilə əlaqədar baxılan mülki işlərin ümumiləşdirilməsini aparıb. Məhkəmə ümumiləşdirməsi zamanı məlum olub ki, məhkəmələr övladlığagötürmə və övladlığagötürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxarkən bir sıra pozuntulara yol verirlər.
Yaşı 80-i haqlayan nənə və yaxud babanın, özünün 7-8 uşağı olduğu halda, doğma ata-anasının qayğısı altında yaşayan nəvəsini də övladlığa götürmək istəyinin nədən irəli gəldiyi, onun hansı məqsədlərə yönəldiyi və digər hallar diqqətlə araşdırılmalı və belə ərizəçilərin, eləcə də öz uşaqlarını onların övladlığına verməyə razı olan valideynlərin hərəkətlərini şərtləndirən motivlər daha dürüst öyrənilməlidir.
Halbuki, qanunvericilik I və II qrup əlillərə uşağın övladlığa verilməsini birbaşa qadağan edir. Belə ki, Ailə Məcəlləsinin 120.1.5-ci maddəsinə əsasən, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.
Kifayət qədər maddi təminatları olmayan, qoca, xəstə olan və bu səbəblər üzündən başqalarının qayğısına ehtiyac duyan insanlar övladlığa götürdükləri uşaqlara baxmaq, onlara lazım olanları vermək və bütün hüquqlarını ən yaxşı səviyyədə təmin etmək iqtidarında deyillər.
Övladlığagötürmə uşağın yeni ailəsində yaşaması, tərbiyə edilməsi, daima onların sevgisi, məhəbbəti ilə əhatə olunması deməkdir. Hətta uşağın mənafeyinin təmin edilməsi belə, qanunun pozulmasına və yaxud qanundan sui-istifadəyə bəraət qazandıra bilməz.
Azərbaycan vətəndaşlarına uşaqların övladlığa verilməsi ilə bağlı məhkəmə qərarları deməl olar ki , formaldır. Belə işlər üzrə qəbul edilən qətnamələrdən şikayət verən də yoxdur. Çünki mübahisə də yoxdur. Tərəflər bu məsələləri əvvəlcədən öz aralarında həll edir və məhkəməyə çıxarırlar. Övladlığagötürmənin şərtləri var və Azərbaycanda bir qayda olaraq vərəsəliklə bağlı problemlər yaranmasın, miras gəlinə və digər şəxslərə keçməsin deyə, baba və nənələr öz nəvə və nəticələrini övladlığa götürürlər.
Bir qism şəxslər isə hərbi xidmətdən yayınmaq məqsədilə öz yaxınlarının uşağını övladlığa götürürlər.
Hərbi çağrışın əsasları haqqında" qanunun 17.2-ci maddəsində qeyd olunur ki, hərbi xidmətə çağrılanadək 3 və daha artıq uşağı olan şəxslərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Bəzi vətəndaşlar qanunun bu müddəasını əsas götürərək yaxın qohumlarının uşaqlarını formal olaraq övladlığa qəbul edirlər.
15-16 yaşlı uşağın övladlığa götürülməsi, yaxud 70 yaşlı babanın nəvəsini övladlığa götürməsi hakimdə şübhə yaratmalı və məhkəmə bunu mütləq araşdırmalıdır.
Övladlığagötürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Ali Məhkəmənin Plenumunun 29 oktyabr 2009-cu il qərarında məhkəmələrə tövsiyə olunur ki, valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən hər iki tərəfin əsl məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə övladlığagötürmənin müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalıdır.
Məhkəmə övladlığagötürmə ilə bağlı qərar verərkən həm övladlığa götürənin, həm də övladlığa verilənin sağlamlıq durumu ilə bağlı həkim rəyi tələb etməlidir. Həmçinin, övladlığa götürənin həmin uşağı saxlamaq üçün maddi imkanının olub-olmadığını araşdırmalıdır.
Yuxarıda qeyd olunan problemlərin həlli ilə bağlı Plenum qərarının məhkəmələr üçün tövsiyə xarakteri daşıdığını, qanunun həmin məsələlərlə bağlı məhdudiyyət nəzərdə tutmadığını əsas gətirərək belə halların gələcəkdə də baş verəcəyini deyir. Qanunvericilikdəki boşluğun aradan qaldırılacağı təqdirdə, təcrübədəki problemlərin həll olunacağına ümid edirəm
Qanuna görə, bu qəbildən olan işlərə məhkəmələr qapalı iclasda baxmalıdılar. Lakin bütün məhkəmə qərarlarının açıq elan edilməsi övladlığagötürmə ilə bağlı sirrin yayılmasına səbəb olur.
Ali Məhkəmənin məlum Plenumunun qərarında qeyd olunur ki, övladlığagötürmənin qanunla qorunan sirrinin mühafizəsi məqsədilə övladlığagötürmə barədə işlər üzrə məhkəmə qətnaməsi qapalı iclasda elan olunmalıdır.
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir.
Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir.
Kəllə-beyin travması, dovşandodaq və digər xəstəliklərə tutulmuş uşaqlar xarici ölkə vətəndaşlarına övladlığa verilib. Bu xəstəliklərin müalicəsi, əməliyyatlar çox bahalı olduğundan ölkə vətəndaşları bu uşaqları övladlığa götüməkdən imtina edir və onlar əcnəbilərə təklif olunur. əcnəbilər üçün isə bu xəstəliklərin müalicəsi elə də çətin deyil.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 350-ci maddəsinə əsasən, məhkəmələr uşağı övladlığa verən zaman məhkəmə qətnamələrində uşağın sonrakı həyat tərzinə nəzarət etməsi ilə bağlı övladlığa götürənin qarşısında müəyyən tələb qoyulur.
Hətta Azərbaycan Respublikası Cinayət Məcəlləsində də övladlığa götürmə sirrini yayma ilə bağlı sanksiya nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 175-ci maddəsinə əsasən, övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yaymanın yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur.
Eyni zamanda Cinayət Məcəlləsinin 174-cü maddəsində uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев