Bu ömür yolunda nələr var,nələr,
Gedirsən-geriyə qayıtmaq olmur!
İztirab içində hey axır illər,
Yalançı olubdu-ovutmaq olmur!
Nəfs-tamah insanı çevirər külə,
Əyri də şeytandı-vədləri çoxdu.
"Beş günlük dünyadır,yaşa-kef elə,
Onsuz da heç nəyin mənası yoxdur!
Kor gözlər görmədi haqqı-nahaqqı,
Bağırdıq-kar qulaq səsi duymadı.
Pislər harınlaşdı-tapdadı haqqı,
Şeytana uyanlar,haqqa uymadı!
Ömür bir dəyirman-üyünən bizik,
Tanrıdır ayıran kəpəyi-unu!
Haqq yeyən,söyləmə:"Doğruyuq-düzük,
Atəş yandıracaq səni bil bunu!