Türklər əhlibeyti (ə) heç də Şah İsmayılın təbliğatı nəticəsində tanımamışdır. Şah İsmayıl Xətaidən öncə də türklərin əhlibeyt (ə) sevgisi olmuşdur. Şah İsmayıl sadəcə əhlibeyt (ə) irsinin öyrənilməsinə gözəl şərait yaratdı. Təəssüflər olsun ki, Səfəvilər əleyhinə yalan-yalnış fikirlər səsləndirən, təhqir içərikli ifadələr işlədən, müxtəlif yollarla onları aşağılamağa çalışan insanlar da var. Allahın izni ilə növbəti yazılarımızda bu fəaliyyətlərin möhtəməl səbəblərinə toxunacaq və Səfəvilər haqqında ortaya atılan şübhələrin hamısına ətraflı, tutarlı dəlillərlə cavab verəcəyik.Səfəvilərdən öncə də azərbaycanlıların, türklərin əhlibeyt (ə) ilə sıx əlaqələri olmuşdur. Siz heç nə zamansa xəlifə Əbu Bəkrin, Ömərin, Osmanın, Müaviyənin ən yaxın dostları arasında hansısa farsın, türkün olduğunu eşitmisinizmi? Ancaq Həzrət Əlinin (ə) ən yaxın dostları arasında fars da olub, azərbaycanlı da. İmam Hüseynlə (ə) Kərbəlada şəhid olan iki türkdən (daha artıq türkün olması da ehtimal edilir) xəbəriniz varmı? Mənbələrdə Novruz bayramını keçirdən xalqların Həzrət Əli (ə) üçün hədiyyə gətirmələri, Həzrət Əlinin (ə) də hədiyyələri qəbul edib, onları təbrik etməsi haqqında məlumatlar var. Özündən sonra övladlarının da Novruz bayramına önəm verməsi haqqında məlumatlar mövcuddur. Siz heç digər xəlifələr haqqında bu cür məlumatların olmasına rast gəlmisinizmi? Bu və bu kimi gözəl xüsusiyyətlərinin olması qeyri-ərəblərin, xüsusən də türklərin və farsların onlara (ə) rəğbət göstərməsinə səbəb olmuşdur. Ancaq, onların əhlibeytə (ə) xüsusi önəm verməsinin ən başlıca səbəbi məhz Allahın və peyğəmbərin (s) əhlibeytə (ə) xüsusi münasibət bəsləməsi olmuşdur.Ancaq təəssüflər olsun ki, azərbaycanlıların, türklərin əhlibeyt (ə) ilə münasibətləri geniş araşdırılmamışdır...Həzrət Əli (ə) azərbaycanlı köləni azad edirO, Həzrət Əlinin (ə) Salman əl-Farsidən sonra ikinci ən yaxın qeyri-ərəb dostu, xas adamı, sirdaşı, yüksək məqamlı tələbəsi idi. Bəziləri onun İranın Kerman və ya digər Fars şəhərlərindən olduğunu söyləsələr də, ən güclü tarixi qaynaqlara görə Cənubi Azərbaycandan idi. Bəni-Əsəd qəbiləsindən bir qadının köləsi idi. Həzrət Əli (ə) özünün xilafəti dönəmində onu satın alıb azad edir. Əvvəldən də əhlibeytə (ə) məhəbbət bəsləməsinə baxmayaraq Həzrət Əli (ə) ilə ilk görüşü imamın (ə) xilafəti dövründə olur. İlk dəfə üz-üzə gələndə Həzrət Əli (ə) ondan adını soruşur, o isə adının Salim olduğunu deyir. Həzrət Əli (ə) isə buyurur ki, “Allahın rəsulu (s) mənə xəbər vermişdi ki, atan əcəm diyarında (Azərbaycan da qeyri-ərəb, yəni “əcəm” diyarlarından biridir – N.S) sənə Meysəm adını verib”. Meysəm də cavabında, “Allah və rəsulu (s) doğru deyib. Doğru buyurdun ey möminlərin əmiri! Vallahi, adım budur” deyir. İmam ona Salim adını kənara qoyub, öz əsl adına qayıtmağı təklif edir. Salim adını isə ona künyə kimi verir. O vaxtdan Meysəm “Əbu Salim” kunyəsi ilə çağırılmağa başlayır. Daha sonralar ticarət sahəsinə üz tutan Meysəm Kufə bazarında xurma satdığı üçün “Təmmar” (xurmaçı, xurmasatan) ləqəbi ilə məşhurlaşır. Bəli, haqqında danışdığımız azərbaycanlı səhabə Meysəm Təmmar adı ilə məşhur olan Meysəm Yəhya oğlu ət-Təmmardı r.Bu rəvayətdən də göründüyü kimi, əhlibeytə (ə) olan xüsusi məhəbbətinə görə Allahın və Məhəmməd peyğəmbərin (s) də ona xüsusi rəğbəti olmuş, diqqətdən kənar qalmamışdır. Məhz buna görə də peyğəmbərimiz (s) bu azərbaycanlı haqqında Əliyə (ə) məlumat vermişdir.Həzrət Əli (ə) azərbaycanlı dostuna baş çəkirSonralar Meysəm Həzrət Əlinin (ə) yaxın sirdaşına, xüsusi adamına, əziz dostuna çevrildi. Mənbələrdə Həzrət Əlinin (ə) xəlifə olduğu dönəmlərdə ara-sıra Meysəmin dükanına baş çəkməsi, oturub onunla xeyli söhbət etməsi haqqında da məlumatlar vardır. Həzrət Əli (ə) sadə həyat tərzi keçirdiyindən bəziləri onu görəndə tanımırdılar. Tanıyanlar isə təəccüb edirdilər ki, Əli (ə) kasıb bir xurma satanın, özü də qeyri-ərəb olan birinin dükanında oturub onunla söhbət edir. Hətta, Meysəm ilə Əlinin (ə) dostluğu o qədər səmimi idi ki, mənbələrdə qeyd edildiyinə görə bir dəfə Meysəmin zəruri bir işi çıxdığı üçün Əlidən (ə) icazə alıb gedir. Meysəmin yerinə dükana Əli (ə) baxır, hətta müştəriyə xurma da satır. Tarixdə Həzrət Əlinin (ə) də bir zamanlar xurma ağacları əkərək dolanışığını təmin etməsi haqqında məlumatlar var. Ola bilsin ki, Meysəmi azad etdikdən sonra xurma ticarətində ona kömək edən və yaxud bu sahədə ona dəyərli məsləhətlər, xeyir-dua verən də məhz Əli (ə) olmuşdur. Ən doğrusunu Allah bilir.Təvəssür edirsinizmi? Bazarda dükan işlədən sadə bir vətəndaşla ölkə rəhbəri dostluq edir. Böyük bir imperiyanın rəhbəri bazarda dükan işlədən dostuna baş çəkib saatlarla onunla söhbət edir, hətta müvəqqəti olaraq onun yerinə dükana da baxır. Bu cür üstün keyfiyyətlərə malik neçə ölkə başçısı tanıyırsız?Dostunun necə öldürüləcəyini Həzrət Əli (ə) qabaqcadan xəbər verirHəzrət Əli (ə) Meysəmi bir çox sirlərdən hali etmiş, gələcəklə bağlı xəbərlər vermişdi. Meysəm bunları camaata danışanda onlar Əlini (ə) xürafəçilikdə, xalqı aldatmaqda ittiham edirdilər. Əli (ə) özündən sonra Meysəmin həbs olunacağını, dara çəkiləcəyini (deyilənlərə görə, o vaxtlar insanı boynundan yox, çiyinlərindən, sinəsindən asıb sıxıntı və aclıqla edam edirdilər), ikinci gün ağzından və burnundan axan qanın saqqalını qırmızıya boyayacağını, üçüncü gün isə bədəninə bir mizraq saplanacağını və onunla şəhid ediləcəyini bildirmişdi. Hətta, edam olunacağı yerin Əmr bin Hureys adlı bir adamın evinin önü olacağını bildirmiş, asılacağı budağın da ən qısa budaq olacağını demişdi. Bu barədə məlumat verdikdən iki gün sonra həmin xurma ağacını da Meysəmə göstərir. Meysəm bəzən o ağacın yanına gedər, orda namaz qılar, ağaca baxıb deyərdi: “Allah səni mübarək etsin! Mən sənin üçün yaradılmışam, sən də mənim üçün bitmisən”. Bəzən Əmr bir bin Hureyslə görüşər, ona “mənimlə yaxşı qonşuluq elə” deyərdi. Əmr onun dediyini başa düşməz, elə zənn edərdi ki, qonşuluğunda ev almaq niyyətindədir. Ona görə də öz qonşularının adını çəkərək “İbni Məsudun və ya İbni Həkəmin evinimi almaq istəyirsən?” deyə soruşardı.Meysəm şəhid ediləcəyi il Allah evini ziyarətə gedir. Orda peyğəmbərin (s) sevimli xanımı, möminlərin anası Ümmü Sələmə ilə görüşüb ondan İmam Hüseyni (ə) xəbər alır. Ümmü Sələmədən İmamın (ə) şəhərin kənarına getdiyini öyrənincə, “mənim salamımı ona çatdır, tezliklə o biri dünyada, Allahın hüzurunda görüşəcəyimizi bildir” deyir və ordan ayrılıb Kufəyə qayıdır. (Meysəm Həzrət Əlidən (ə) sonra İmam Həsənin və İmam Hüseynin (ə) də xidmətində durmuş, onlarla dostluq etmişdir.)Meysəmin edamıMeysəm Məkkədən Kufəyə üz tutur. Bu ərəfədə Yezidin vali olaraq təyin etdiyi İbni Ziyad Kufəyə gəlir. Meysəmin Kufədə yetərincə nüfuzu var idi, hörmət sahibi idi. Onun üçün də İbn Ziyad əmr edir ki, Meysəmi yolda həbs edib yanına gətirsinlər. Bu, o vaxt idi ki, İmam Hüseynin (ə) Kufəyə göndərdiyi səlahiyyətli nümayəndəsi, əmisi oğlu Müslim bin Əqil İbni Ziyad tərəfindən şəhid edilmiş, İmam Hüseynə (ə) yaxınlığı ilə tanınan nüfuzlu şəxslər təqibə məruz qalmışdılar. Kufə camaatı həyəcan və qorxu içərisində yaşayırdılar. Qiyam və üsyan üçün münasib şərait yaranmışdı və qiyama Meysəm kimi bir şəxsiyyət başçılıq edə bilərdi. Baxmayaraq ki, Meysəm o vaxt yaşlı bir kişi idi, İbni Ziyad onun iradəsindən, imanından, doğru sözlü olmağından, haqqı açıq-aşkar deməyindən qorxuya düşərək onu həbs etməyə yüz güclü məmur təyin etmişdi. Meysəm həbs olunub İbn Ziyadın yanına gətirilərkən aralarında keçən dialoqda Meysəm İbn Ziyada özünün necə şəhid ediləcəyi haqqında Əlidən (ə) eşitdiklərini danışır. İbn Ziyad Əlinin (ə) sözünü yalan çıxartmaq üçün onu başqa cür edam etdirmək istəyir. Lakin, vəziyyət elə gətirir ki, Meysəmi bir müddət zindanda saxlamalı olur. Meysəm həbsdə məşhur Muxtar Səqəfi ilə görüşür. Allah dostlarından olan Meysəm Muxtara zindandan azad olacağı, İmam Hüseynin(ə) intiqamını almaq üçün qiyam edəcəyi, İbni Ziyadın başını kəsəcəyi müjdəsini verir. Bəli, ilk dəfə Muxtara bu gözəl müjdəni verən Meysəm olmuşdur.Meysəm həbsdən çıxardılıb edam edilməyə aparılır və hər şey Həzrət Əlinin (ə) dediyi yerdə, ən xırda detalına qədər onun buyurduğu kimi baş verir. Dar ağacında belə Meysəm həqiqətləri söyləyir, zalımlari ifşa edir, son nəfəsinə kimi əhlibeyti (ə) müdafiə edir, Bəni Üməyyəyə (Müaviyə rejiminə) lənətlər yağdırır. Bütün bu hadisələr haqqında mənbələrdə ətraflı məlumatlar verilsə də, biz burda bir qismini müxtəsər şəkildə qeyd etdik.Beləliklə Meysəm İmam Hüseynin (ə) Kərbəlaya çatmasından 10 gün əvvəl faciəvi bir şəkildə şəhid edilir. Meysəm də dostu və imamı Əli (ə) kimi üç gün ərzində dünyasını dəyişir. Meysəmin mübarək məzarı Nəcəf ilə Kufə arasında bir məntəqədədir. Meysəm Təmmar ziyarətgahının təmirçilərindən biri haqqındaMeysəmin qəbrinin ilk təmirçilərindən biri də Ətaullah əl-Ərumi adında bir azərbaycanlıdır. Qəbrin ətraf sahəsinə hasar çəkən, qəbrin yerləşdiyi otağın qarşısındakı eyvanı tikən də odur. Bununla yanaşı, Meysəm Təmmarın ziyarətgahında və ətrafında bir sıra əsaslı təmir işləri də görmüşdür. Ətaullah Nəcəfdə təhsil alan azərbaycanlı tələbələrdən olmuşdur. Təəssüf ki, bu nəcib insan haqqında bundan artıq məlumat əldə edə bilmədim. Ətaullahdan başqa müxtəlif zamanlarda bu ziyarətgahı başqa xeyirxah insanlar da təmir elətdirmişlər. Allah hamısına rəhmət eləsin!Son söz:Meysəm Təmmar adını yəqin ki, çoxumuz eşitmişdik. Lakin onun azərbaycanlı olmasından xəbərimiz yox idi. Fikrimcə bu kimi məsələlərə əlaqədar qurumlar xüsusi diqqət göstərməlidirlər. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, lap elə Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və s. mötəbər qurumlar bu kimi şəxsiyyətlərin öyrənilməsinə, ictimaiyyətə tanıtdırılmasına xüsusi diqqət etməlidirlər. Digər ölkələrdə bu kimi məsələlərə dövlət səviyyəsində maraq var. Çox uzağa getməyək, elə Türkiyəni götürək. Xarici ölkələrin tanıtımı ilə əlaqədar verilişlərdə səfər etdikləri ölkədə imkan daxilində mütləq türklərlə, türkçülüklə, Osmanlı ilə bağlı olan bir obyekt, bir məlumat, bir iz tapıb mütləq çəkib yayımlayırlar. Bizdə isə ümumiyyətlə bu məzmunlu verilişlər yoxdur. Çünki vəsait ayıran yoxdur.Artıq uzun illərdir ki, Türkiyədə Osmanlı imperiyası, inancı, dili, mədəniyyəti və s. haqqında araşdırmalar aparır, ölkədən kənarda da Osmanlını təbliğ edirlər. Bu təbliğatlar Azərbaycanda da aparılır (Allahın izni ilə bu təbliğatların möhtəməl səbəbləri haqqında da növbəti yazılarımızda məlumat verəcəyik). Halbuki, insanların əksəriyyəti bəlkə də Səfəvilərin (eləcə də digər dövlətlərin) adından və çox cüzi məlumatdan başqa heç nə bilmirlər. Bu sahədə ciddi boşluqlar var və bu boşluqlardan istifadə edib müxtəlif adlar altında milli-mənəvi dəyərlərimizlə savaşan kimsələr ortaya çıxmaqdadır. Vaxtında qarşısı alınmasa, irəlidə ciddi fəsadlar olacaq!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев