BİLDİM
Sən demə boş imiş sevgi-məhəbbət,
Xəstəlik sinəmə çökəndə bildim.
Körpə uşaq kimi qısılıb küncə,
Gözümdən yaşımı tökəndə bildim.
Tənhalıq ölməkdən betər olurmuş,
İnsan yarpaq kimi hər gün solurmuş.
Cansıza can vermək necə olurmuş,
Yaxşılıq toxumun əkəndə bildim.
Həsrətlə seyr etdim gəlib keçəni,
Süzdüm qəmli gözlə yeyib içəni.
Fələk elə yerdən vurdu ki, məni,
Ağrısın-acısın çəkəndə bildim.
Hərdən göz önümə gətirib ölmü,
Yandırır o hislər içimi, çölmü.
Xəstələr, şikəstlər çəkdiyi zülmü,
Ağrılar belimi bükəndə bildim,
Gözüm baxa-baxa atəşə atdın,
Satdın Ədaləti, mal-pula satdın.
Yəqin ki, rahatsan arzuna çatdın,
Sən məni kəfənə bükəndə bildim.