Təəssüfedici haldır ki, bir-biri ilə müqayisə ediləsi olmayan bu iki günü məcburiyyətdən bir yazıda yerləşdirməli olduq, oxucular asanlıqla fərqi hiss edə bilsin deyə. 30 İyun kimi tərtəmiz bir günümüzü 14 fevralla bərabər tutmaq ağlımızdan belə keçməyib, çünki bu mümkün deyil. Biri məsum bir eşqin günü, biri də sonsuz iyrəncliklərin günü – bərabər tutulması mümkünmü sizcə?
Danılmazdır, İlham-Fərizə sevgisi adi məhəbət olmayıb. Öncə düşünək- biz niyə sevməyə və həyatımızı kiminləsə birləşdirməyə çalışırıq? Fikir vermisinizsə, hər sevən şəxs heç olmasa bir dəfə öz sevgilisinə “ruhumun yarısı” deyə müraciət edir. Təbiidir, çünki öz tayımızı tapmadıqca özümüzü bütöv hiss edə bilmirik, həyatımızı yarımçıq hesab edirik.
Ruhumuzu bötövləşdirən, mənəviyyatımızı gözəlləşdirən, həyatımıza işıq verən Tanrı payımızı tapandan sonra həyat başqa cür görünür gözlərimizə, daha işıqlı, daha nurlu, daha cazibədar... Sevgimizi doya-doya yaşamaq istəyirik, ruhumuzun yarısından mənəvi qida alırıq, eşqdən-sevgidən bihuş oluruq. Doğrudur, bu cür məhəbbət hər kəsə qismət olmur, necə deyərlər bu eşq Tanrının lütfüdür sevdiyi bəndələrinə..
İlham-Fərizə cütlüyü də Tanrının sevimli bəndəsi olub. O cür saf məhəbbət, o cür sadiq həyat yoldaşı İlhama Tanrı hədiyyəsidir bəlkə də. Elə düşünürük ki, İlhamın və Fərizənin ömür hekayətini bilməyən yoxdur. Amma yenə də qısa xülasə...
30 İyun 1989–dan 20 yanvar 1990-a gedən uzun-qısa yol
30 iyun 1989-cu il.. Sərin mehli, bir az da isti yay günü... Bu gün Azərbaycan xalqının tarixinə, ədəbiyyatına və ən əsası qəlblərə İlham və Fərizə dastanını həkk edib. Uşaqlıq dostları olan İlham və Fərizə əsil sevginin simvolu oldu. 30 İyun tarixində onlar həyatlarını əbədilik birləşdirməyə and içdilər – ailə qurdular. Cəmi 6 ay ailə həyatı yaşayan gənclərdən biri- İlham o qara gecənin- 20 Yanvarın qurbanı oldu.. Vətənin dar günündə evində, o soyuq yanvar gecəsində isti sobanın kənarında oturmağı yaraşdırmadı özünə, bayıra atıldı və ilk andaca həyatla vidalaşdı. İlham vətənə olan məhəbbəti uğrunda şəhid oldu.
O vətənə olan eşqinə görə göz yumdu həyata, Fərizə isə vətənin azadlığı uğrunda şəhid olan İlhamın eşqi yolunda həyatına son qoydu. Axı o söz vermişdi ruhunun yarısına, “sənsiz həyat mənə dar” demişdi.
Əgər fikir vermisinizsə, dünyanın müxtəlif dillərində “ər” və “arvad” bir cür deyilir və hamısı da bizim dilimizə tərcümədə hərfi olaraq “ər” və ya “arvad” deyə tərcümə edilir. Amma bizim öz dilimizdə bu anlam “Həyat yoldaşı” adını daşıyır. Həyat yoldaşı....
Fərizə parçalanmış ruhunu birləşdirmək, bütövləşdirmək istədi yenidən. İlhamına, həyat yoldaşına, ruhunun yarısına qovuşmaq üçün onun ölümünün 2-ci günündə sirkə turşusu içdi. Onsuz da İlhamsız dünya gözündə dəyərdən düşmüşdü, hər şey anlamını itirmişdi..... Bu da onun həyatdan köçmədən yazdığı son sətirlər: "Ana, ağlamayın. Mən İlhamsız yaşaya bilmədim. O, mənim gecələr ulduzum, gündüzlər günəşim idi. Sönən günəş, ulduz məni çağırır, salamat qalın"...( ailənin arxivindən-L.M)
Fərizə intihar edəndə hamilə olub, bətnində İlhamın körpəsini gəzdirib. Yazdıqca düşünürəm, Tanrım, o necə böyük ürəyə, necə böyük sevgiyə sahib olub ki, körpəsinə qıymağı da gözə alıb... Bir yandan da düşünürəm, İlahi, görəsən ona qəzəbin tutubmu özünə və körpəsinə qıydığı üçün? Anlamaq çətindir, anlamaq ürək istər, cəsarət istər, məhəbbət istər.
Anlayıram, İlhamsız yaşamağı və körpəsini yaşatmağı gözə ala bilməyib Fərizə... Ruhunun yarısı, həyat yolunda bərabər irəliləməyə and içdiyi yoldaşı olmadan yaşamağı haram bilib özünə... Dünya dəyərsiz görünüb ona... Dillər əzbəri o qəzəl həzin-həzin süzülür qulağıma: “Eşqsiz ey dünya, nədir dəyərin?”
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1