Onlardan yardım istəmək olarmı?
Rəsulullah (s) buyurub: “ Allaha and olsun ki, mən öz ümmətim üçün şirk cəhətindən qorxmuram. Qorxmuram ki, məndən sonra şirkə mürtəkib olasınız, qorxduğum odur ki, dünya üstündə rəqabətə girəsiniz. (Səhih Buxari, Cənazə fəsli, hədis 1279)
Beləliklə, ölülər bizi eşidir və onlarla danışmaq, onlara salam vermək icazəlidir. Bəs onlardan kömək istəmək və ya yardım diləmək olarmı? Onlara dua etmək, onları çağırmaq olarmı? Bunun şirk olduğunu iddia edənlər Qurani-Kərimdən aşağıdakı ayələrə istinad etmişlər.
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! (Fatihə, ayə 5)
Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə dua etməyin! (Cinn, ayə 18)
Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən kəslərə dua edən kimsədən daha çox azmış kim ola bilər?! Halbuki bunlar onların ibadətindən xəbərsizdirlər! İnsanlar məhşərə toplanacaqları zaman bunlar onlara düşmən olacaq və onların ibadətini inkar edəcəklər. (Əhqaf, ayə 5-6)
Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub özlərinə dost tutanlar “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaları üçün ibadət edirik” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barədə onlar arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! (Zumər, ayə 3)
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir” deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!” (Yunus, ayə 18)
Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur. (Nisa, ayə 48)
Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan! (Şuara, ayə 213)
Allahdan qeyri ibadət edilən heç bir şey yarada bilməz, əksinə, onlar özləri yaradılmışlar. Onlar ölüdürlər, diri deyillər və nə vaxt diriləcəklərini də bilməzlər. (Nəhl, ayə 20-21)
Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi qullardır. Əgər doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər. (Əraf, ayə194)
Bütün bu ayələrə rəğmən, bəziləri dünyasını dəyişmiş peyğəmbərlərin, imamların, şəhidlərin və İslamın məşhur alimlərinin məzarlarını ziyarət edərək onlardan yardım diləyirlər. Bu işin icazəli olmasını sübut etmək üçün Qurani-Kərimin bununla bağlı ayələrinə istinad edirlər.
Biz hər bir peyğəmbəri ancaq ona Allahın iznilə itaət olunsun deyə göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər. (Nisa, ayə 64)
Onlara “Gəlin, Allahın Peyğəmbəri sizin bağışlanmağınızı diləsin” deyildiyi zaman başlarını bulayar və sən onların təkəbbürlə üz çevirdiklərini görərsən. (Munafiqun, ayə 5)
Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə axtarın. (Maidə, ayə 35)
Hər iki iddianı ətraflı araşdırmaq üçün tərəflərin iradlarını, dəlillərini və əks tərəfin dəlillərinə olan cavabları göstərmək üçün məsələni oxucularımıza 4 mərhələyə bölməklə çatdıracağıq:
1. “Ölülərdən yardım diləmək şirkdir” deyənlərin iddiaları
2. Bu iddiaların dəlilləri
3. “Peyğəmbərdən (s), imamlardan, digər peyğəmbərlərdən və s. kəslərdən dünyalarını dəyişdikdən sonra yardım diləmək icazəlidir” deyənlərin iddiaları
4. Bu iddiaların dəlilləri
“Ölülərdən yardım diləmək şirkdir” deyənlərin iddiaları
“Ruhu bədənini tərk etmiş insanlarla danışmaq, onlardan yardım diləmək şirkdir” deyənlər ölülərin eşitmədikləri əqidəsindədirlər ki, ilk yazımızda bu istiqamətdə kifayət qədər dəlil gətirdik. Bu əqidəyə etiqad edən insanlar “Allahdan başqa heç kəsdən yardım diləmək olmaz” desələr də, bunu cismani sağ, yaşayan insanlara aid etmirlər. Yəni müsəlmanlar bir-birlərindən qarşılıqlı dua etməyi xahiş edə bilərlər, yəni bir-birlərindən bu şəkildə yardım diləyə bilərlər. Lakin dünyasını dəyişmiş, qəbir əhli ilə danışıb, onlardan yardım diləməyin şirk olduğu iddiasındadırlar. Belə ki, bu əqidənin davamçıları Allahdan başqasına dua etməyi, qurban kəsməyi və kiminsə qəbrinin ətrafında təvaf etməyi şirk sayırlar.
Bu iddiaların dəlilləri
İndi isə bu iddiaya dəlil kimi göstərilən Quran ayələrinə nəzər salaq. Digərlərini şirkdə ittiham edənlər bu ayələrə istinad etmişlər:
Dəlil 1.
Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə dua etməyin! (Cinn, ayə 18)
Dəlil 2.
Allahı qoyub qiyamətədək cavab verə bilməyən kəslərə dua edən kimsədən daha çox azmış kim ola bilər?! Halbuki bunlar onların ibadətindən xəbərsizdirlər! İnsanlar məhşərə toplanacaqları zaman bunlar onlara düşmən olacaq və onların ibadətini inkar edəcəklər. (Əhqaf, ayə 5-6)
Bu ayələrdə Allahdan başqasına dua etmək qadağan olunur. “Dua” sözü ərəb dilindən tərcümədə çağırmaq deməkdir. Bu kəslər ayələrdə Allahdan başqasını çağırmağın qadağan olunduğunui iddia edirlər. Qarşı tərəf isə bu iddiaları rədd edir və dəlil olaraq aşağıdakı ayələri göstərirlər:
O (Nuh) dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (duaya) dəvət etdim! (Nuh, ayə 5)
Mən nə vaxt Sənin onları bağışlamağın üçün onları dəvət (duaya) etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr etdilər və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə (duaya) dəvət etdim. (Nuh, ayə 7-8)
Nəticə etibarilə, Allahı çağırmaq məqsədilə edilən “dua” ibadət, Allahın qulunu “dua” etməyə çağırmağı və ya dəvət etməyi isə ibadətdən saymamalıyıq. Başqa sözlə, Allahdan başqasını ilahi qüvvə kimi çağırmaq şirk, bəndə kimi, qul kimi çağırmaq isə icazəlidir. Bu nöqtəyi nəzərdən, ölümdən sonra peyğəmbərləri və imamları qul kimi çağırmaq sağ olduqları vaxt onları bəndə olaraq çağırmaq kimidir. Necə ki, diri insanları da ilahi qüvvə bilib sağ ikən çağırmaq şirkdir.
Dəlil 3.
Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub özlərinə dost (övliya) tutanlar “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaları üçün ibadət edirik” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barədə onlar arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! (Zumər, ayə 3)
İttiham edən tərəf bu ayədən belə bir məna çıxarıb ki, Allaha dünyasını dəyişmiş övliyalar vasitəsilə yaxınlaşmaq şirkdir. Lakin ayədə açıq-aşkar “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaları üçün ibadət (nəbud) edirik” deyilir. Bütün hallarda (sağ və ya ölü) övliyalara ibadət şirkdir. Bu ibadət Allaha yaxınlaşmaq niyyəti ilə olsa belə. Ayədə qeyd olunan müşriklərin nöqsanı Allahdan başqasına ibadət etmək, ibadətdə Allaha şərik qoşmaqdır, övliyaları özlərinə dost tutmaq yox. İnsanların övliyaları özlərinə dost tutmaları Allaha xatir olmalıdır. Allahı qoyub başqa “övliya”ları dost tutmaq isə qadağandır.
Dəlil 4.
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir” deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!” (Yunus, ayə 18)
İttiham edən tərəf bu ayəni əsas götürərək Allaha yaxınlaşmaqda şəfaətçilərə üz tutmağın, peyğəmbər və başqa kəslər vasitəsilə Allaha yaxınlaşmağın şirk olduğunu iddia edirlər. Ayədə söhbət yenə də açıq-aşkar Allahdan başqasına olan ibadətdən gedir. Bütlərin xeyir və ziyan verə bilmədikləri qeyd olunur. Xeyir və ziyan Allahın iznilədir. Bu kimin vasitəsilə gəlirsə-gəlsin, səbəb həmişə Allahdır. Daha sonra müşriklərin dilindən Allaha şərik qoşduqları bütlərin şəfaətçi olmaları Allah tərəfindən istehza ilə qarşılanır. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Rəvayət olunur ki, imam Əlidən (ə) soruşdular: “Allahın bilmədiyi şey varmı?” İmam Əli (ə) “Bəli” deyə cavab verdi. “Ya Əli, o nədir ki, Allahın ondan xəbəri yoxdur?” sualına isə imam Əli (ə) “Allah bilmir ki, Onun şəriki kimdir” deyə cavab verib.
Bütün bunlar həqiqi şəfaətçilərin olmasını inkar etmir. Bir ayədə Allah şəfaətin yalnız Özünə məxsus olduğunu vurğulayıb. Bununla belə, bəzilərinin, Allahın izni ilə, şəfaət etməsinin mümkünlüyü də məlumdur.
Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət edə bilər? (Bəqərə, ayə 255)
Allahın izni ilə şəfaət edə bilən insanların olacağı, Resulullahın (s) qiyamətdə şəfaət edəcəyini bütün müsəlmanlar hamılıqla qəbul edib.
Dəlil 5.
Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur. (Nisa, ayə 48)
Dəlil 6.
Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan! (Şuara, ayə 213)
Bu ayələrin peyğəmbər, imam və başqa kəslərə ölümündən sonra təvəssül edilməsinin icazəli olmamasına aidiyyatı yoxdur. Buna baxmayaraq, ittiham edən tərəf mövzu ilə bağlı bəhslərdə bu ayələri dəfələrlə dəlil kimi göstərməkdən çəkinməyiblər. Nəticədə müsəlmanların böyük hissəsi müşrik adlandırılıb. Bu tipli ayələr isə əslində, Məkkə müşrikləri barədə nazil olub. Quran bu müşriklərin Allahı bəzən öz bütləri ilə bərabər tutduqlarını (Onlar orada (cəhənnəmdə) çənə-boğaz olub deyərlər: “Allaha and olsun ki, biz açıq-aydın azmışdıq! Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq "(Şuara, ayə 96-98)), bəzən Allahdan daha çox bütlərinə tapındıqlarını göstərib (“Allahdan başqa tapındıqlarını söyməyin. Yoxsa onlar da bilmədikləri üçün Allahı düşməncəsinə söyərlər” (Ənam, ayə 108)), bəzən də bütləri Allaha şərik qoşanlara dəlil yağışı yağdırıb (De: “Mənə göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar bir-birilərinə ancaq yalan vədlər verirlər.” (Fatir, ayə 40))
Dəlil 7.
Allahdan qeyri ibadət etdikləri heç bir şey yarada bilməz, əksinə, onlar özləri yaradılmışlar. Onlar ölüdürlər, diri deyillər və nə vaxt diriləcəklərini də bilməzlər. (Nəhl, ayə 20-21)
İttiham edən tərəf bu ayəni ölülərdən yardım istənilməsinin şirk olduğuna dəlil kimi göstərib. Ayədəki “onlar ölüdürlər, diri deyillər və nə vaxt diriləcəklərini də bilməzlər” sözləri insanları çaşdıra bilər. Belə ki, bəhsimiz dünyasını dəyişmiş peyğəmbərlərə, imamlara, sahabələrə, alimlərə və s. əməlisaleh insanlara təvəssüldür. Ayədə söhbət yenə də ibadətdən gedir. Şirk bəhsi dinimizin kökü (usuliddinə) - tovhidə, təvəssül bəhsi (firuddinə) isə fikhə aiddir. Yəni irad bildirilən əksər hallar - Allahdan başqasına qurban kəsmək və ya Kəbədən başqa yerləri təvaf etmək (qəbirlərin ətrafını və s.) də şirk ola bilməz. Necə ki, məsələn, Kəbə ətrafında təvaf həcc əməllərinə - fikhə aiddir. Kəbədən başqa yerləri təvaf etmək qadağan olsa belə şirk ola bilməz. Əgər belədirsə, bütün müsəlmanlar müşrik olardılar. Çünki biz Kəbə evinə deyil, qara daşa deyil (həccərül əsvəd), Allaha ibadət edirik.
Dəlil 8.
Allahdan başqa ibadət etdiyiniz də sizin kimi qullardır. Əgər doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər. (Əraf, ayə194)
Ayədəki “sizin kimi qullardır” sözləri peyğəmbər və imamlara təvəssül edən kəslər üçün dəlil kimi göstərilib. Lakin təvəssülü icazəli bilənlərin təvəssül etdikləri kəsləri Allahın qulları bildikləri məlumdur. Ayə isə yenə müşriklərə aiddir. Belə ki, ayədə müşriklərin Allahdan başqa ibadət etdiklərini özləri kimi qul saymadıqları məlum olur. Deməli, onlar Allahdan başqa tapındıqlarını ilahi qüvvə bilmiş və onlara ibadət etmişlər.
Dəlil 9.
Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik! (Fatihə, ayə 5)
Müsəlmanlar hər gün qıldıqları beş vaxt namazda bu ayəni dəfələrlə təkrar edirlər. Ayədə Allahdan başqa kimlərdənsə yardım istəmədiyimizi və kömək diləmədiyimizi elan edirik. Bu ayəni təvəssülün şirk olmasında digərlərini ittiham edən tərəf ölmüş peyğəmbər və övliyalardan kömək diləməyin qadağan olduğuna dəlil gətirmişlər. Lakin ayə “yalnız Səndən kömək diləyirik” sözləri ilə ölülərlə dirilər arasında fərq qoymur. Ayədə Allahdan qeyrisindən kömək diləməyin qadağan olunmasının mənası Allahdan başqalarını ilah bilib, onlardan yardım diləməkdir. “Yalnız Səndən kömək diləyirik” sözlərinin “yalnız Sənə ibadət edirik” sözlərinin arxasınca gəlməsi də bunu sübüt edir. Əks halda, insanların bir-birilərindən yardım diləmələri şirk sayılmalıdır.
“Ölülərlə dirilər bir deyil” deyilən ayələrin isə iman gətirənlərlə müşriklərə aid olmasını bundan əvvəl qeyd etmişdik. Son olaraq, ayədə “ibadət edirik”, “kömək diləyirik” sözlərinin cəm halında yazılmasına diqqət yetirək. Qeyd edək ki, hətta fərdi halda namaz qılan kəs də bu sözləri cəm halda deyir. Belə ki, müsəlmanlar böyük bir ümmətin bir parçası olduqlarını hər zaman xatırlamalıdırlar. Bizim (İslamın) 1400 illik tariximiz, dünyanın hər yerində yaşayan müsəlman qardaşlarımız, peyğəmbərimiz, zəmanəmizin imamı, peyğəmbərlərimiz, imamlarımız, siddiqlərimiz, şəhidlərimiz var. Hamılıqla yalnız Allaha ibadət edir və yalnız Ondan kömək diləyirik.
“Peyğəmbərdən (s), imamlardan, digər peyğəmbərlərdən və sair kəslərdən yardım diləmək caizdir” deyənlərin iddiaları
“Peyğəmbərdən (s), imamlardan, digər peyğəmbərlərdən və sair kəslərdən yardım diləmək icazəlidir” deyənlər həmin kəsləri Allahın qulu bilirlər. Bu yardım diləmə müsəlmanların bir-birlərinə “mənə dua et” deməsindən fərqlənməz. Dünyasını dəyişmiş fəzilətli, Allah yanında yüksək məqama sahib olan bu kəslər isə bizə köməyi yalnız bizə etdikləri dualarla edə bilərlər. Biz onlardan yalnız dua etmələrini diləyirik. Belə ki, bütün yardımlar Allahdandır. Allaha yaxınlaşmaqda bütün vasitələr isə məxluqdur. Xanim Fatimə (s.a) demişdir: “Allaha yaxınlaşmaq üçün ən gözəl vasitə biz Əhli-Beytik, amma bütün vasitələrin səbəbi Allahdır.” Əgər dünyasını dəyişən Allah dostlarından yardım diləyən kəsin onun dua etməsinə ümidi yoxdursa, yardımın Allah səbəbi ilə gəlməsinə etiqad etmirsə, həmin kəs, həqiqətən də, şirk etmişdir. Bu, diri insanlardan kömək dilədikdə də belədir. Bir kəs Allahdan başqasından kömək diləyib, yardım əldə edirsə və bu yardımın Allahdan deyil, həmin kömək dilədiyi kəsdən gəldiyinə etiqad edirsə, yardım aldığı kəsi vasitə deyil, səbəb bilirsə və Allahın bu işdə səbəb olmamasına inanırsa, o kəs yolunu azmışdır (məsələn, həkimlər xəstələrə dərman verərək onların şəfasına vəsilə olsalar da, şəfa Allahdandır. Həkimlər, dəva-dərman və s. vasitədir).
Bu iddiların dəlilləri
Xəlifə Ömərin dövründə Mədinədə su qıtlığı yarandı. Bilal bin Haris Peyğəmbərin (s) qəbrinə təvəssül etdi. O Həzrət (s.ə.s.) Bilalın yuxusuna gəldi və (yuxuda) ona dedi ki, Ömərə salam de və de ki, yağışın yağmağını istəsin və onun yağacağına arxayın olsun. Ömər bunu Bilaldan eşidəndə ağladı və xalqa kömək edəcəyini dedi. (Kitabul-Musənnəf fil ahadis vəl Asar cild 6 səh 356)
حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ، عَنِ الْأَعْمَشِ، عَنْ أَبِي صَالِحٍ، عَنْ مَالِكِ الدَّارِ، قَالَ: وَكَانَ خَازِنَ عُمَرَ عَلَى الطَّعَامِ، قَالَ: أَصَابَ النَّاسَ قَحْطٌ فِي زَمَنِ عُمَرَ، فَجَاءَ رَجُلٌ إلَى قَبْرِ النَّبِيّ فَقَالَ: يَا رَسُولَ اللَّهِ، اسْتَسْقِ لِأُمَّتِكَ فَإِنَّهُمْ قَدْ هَلَكُوا، فَأَتَى الرَّجُلَ فِي الْمَنَامِ، فَقِيلَ لَهُ: ائْتِ عُمَرَ فَأَقْرِئْهُ السَّلَامَ، وَأَخْبِرْهُ أَنَّكُمْ مَسْقِيُّونَ وَقُلْ لَهُ: عَلَيْكَ الْكَيْسُ، عَلَيْكَ الْكَيْسُ "، فَأَتَى عُمَرَ فَأَخْبَرَهُ، فَبَكَى عُمَرُ، ثُمَّ قَالَ: يَا رَبِّ، لَا آلو إلَّا مَا عَجَزْتُ عَنْهُ. أقبل مروان یوما فوجد رجلا واضعا وجهه على القبر فقال أتدری ما تصنع فأقبل علیه فإذا هو أبو أیوب فقال نعم جئت رسول الله صلى الله علیه و سلم ولم آت الحجر مسند احمد بن حنبل حدیث شماره23476
Mərvan ibn Həkəm Peyğəmbərin (s) qəbrinin kənarından keçərkən görür ki, bir kəs üzünü Peyğəmbərin (s) qəbrinin üzərinə qoyub. Onun yanına gəlib deyir: “Sən bilirsən, nə edirsən?” Bu zaman görür ki, həmin şəxs Əbu-Əyyub Ənsaridir. Əbu-Əyyub “Bəli, mən nə etdiyimi bilirəm. Peyğəmbərin (s) qəbrini ziyarət etməyə gəlmişəm, daşa görə gəlməmişəm.” Musnəd İmam Əhməd Hənbəl 23476-ci hədis
Osmanın xəlifəliyi dövründə müşkülü olan bir kəs onun yanına gedib düşdüyü çətinliyi danışaraq onun həlli yolunu tapmaq istəyirdi. Lakin Osman ona lazımi diqqəti göstərmir. O, yolda narahatlıq içərisində gedərkən İbn Huneyflə rastlaşır. İbn Huneyf deyir: “İndi sənə bir şey öyrədəcəyəm, onun sənə köməyi olacaq. Get, dəstəmaz al, iki rəkət namaz qıl və bu dua ilə Allahı çağır. De ki: Ey peyğəmbər, biz sənə üz tutmuşuq ki, Allah yanında bizə şəfaət verəsən. Ey Allah, Peyğəmbərin (s) mənim üçün etdiyi şəfaəti qəbul et”
O kişi bunu edir, bundan sonra Osman onu rahat şəkildə qəbul eidr. (Heysami 1408 c2 səh 279)
Allahın Rəsulu (s) bir səhabəyə “Allahım, Onu (Məhəmmədi (s) mənə şəfaətçi qıl” deyə dua etməsini öyrətmişdir. (Səhih Tirmizi tərəfindən rəvayət edilib, o, hədisin səhih olduğunu söyləyib)
Osman ibn Hüneyfdən belə rəvayət olunur: "Bir kor kişi Peyğəmbərin (s) yanına gəlib deyir: "Ey Allahın Rəsulu! Allaha dua et ki, mənə afiyət versin.” Peyğəmbər (s) cavabında buyurur: "İstəyirsənsə dua edim ya da ki, səbr et. Bu, daha xeyirlidir.” Kişi dedi: "Dua et." Peyğəmbər ona kamil dəstəmaz alıb iki rəkət namaz qılmasını bu dua ilə hacətini Allahdan istəməsini dedi: "Ey mənim Allahım, Səni rəhmət peyğəmbəri Məhəmmədə and verib üzümü Sənə tutur və xahiş edirəm. Ey Məhəmməd, mən öz hacətim üçün sənin vasitənlə Rəbbimə üz tuturam. Ey mənim Allahım, Peyğəmbəri mənim barəmdə iltimasçı və vasitəçi qərar ver." İbn Hüneyf sözünə davam edərək belə dedi: "And olsun Allaha, çox çəkmədi, o kişi elə daxil oldu ki, sanki, kor deyilmiş." (Tirmizi)
Sonda diqqətinizə Peyğəmbərin (s) mütavatir hədislərini çatdırırıq ki, Allahın Rəsulu (s) bu hədislərdə İslam ümmətinin böyük şirk etməyəcəyini xəbər vermişdir. Bu hədislərdə Rəsulillah (s) ümmətimin Bəni İsrail kimi bütə ibadət etməyindən deyil, böyük şirk etməyindən deyil yalnız dünyaya aldanmağından və balaca şirk etməyindən qorxuram söyləmişdir.
“Sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir. Səhabə “Ey Allahın Elçisi! Kiçik şirk nədir? Deyə soruşdu. Rəsulullah (s) “Riyakarlıq” deyə buyurdu. (Müsnədi Əhməd İbn Hənbəl)
وأنّي والله ما اخاف عليكم ان تشركوا بعدي، ولكن اخاف عليكم أن تنافسوا فيها». صحيح البخاري رقم 1279 كتاب الجنائز
Peyğəmbər (s) buyurur: “Allaha and olsun ki, mən öz ümmətim üçün şirk cəhətdən qorxmuram. Məndən sonra şirkə mürtəkib olarsınız deyə qorxmuram. Qorxduğum odur ki, dünya üstündə rəqabətə girəsiniz.” (Səhih Buxari, Cənazə fəsli, hədis 1279)
Şidad ibn Ovs deyir: “Bir gün Peyğəmbərimizin (s.ə.s.) yanına getmişdim. Gördüm ki, o Həzrət çox qəmlidir. Səbəbini soruşdum. Buyurdu: “Mən ümmətim barədə şirkdən qorxuram.” Ərz etdim: “Məgər ümmətiniz Sizdən sonra müşrik və kafir olacaq?” Buyurdu: “Yox, mənim ümmətim məndən sonra aya, ulduza və ya bütə sitayiş etməyəcək. Onlar əməllərində riya edəcəklər. Riya da (bir növ) şirkdir. Allah-Təala Quranda buyurur: “Hər kəs Allaha yetişməyə ümidvardırsa, gərək, əməlisaleh olsun və etdiyi ibadətlərdə Allaha şirk qoşmasın.” (“Müstədrəkül-vəsail”, 1/109)
İmam Əhməd ibn Həmbəl “Müsnəd” kitabında Əbuzərdən nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Mən öz ümmətim üçün böyük şirkdən deyil, azdırıcı rəhbərlərdən qorxuram.”
Başqa bir hədisdə o Həzrət (s) buyurur: “Ümmətimə görə şirkdən deyil, münafiqlərdən qorxuram
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев