/ Tarix 23 / 11 / 2012 Saat 13:26
Naxçıvanı qoruyan rəmzlərin sirrini, fəlsəfəsini, mahiyyətini bircə-bircə açmaq üçün çıxdığımız böyük yolda bəzən ləngiməyimiz təbiidir. Əslində, bu yazıları yazmağa başlayanda da bir qədər düşünmüşdük. Çıxdığımız yolun nə qədər çətin və məsuliyyətli olduğunun fərqində idik. Gəmiqayadan dünyaya bəşəri yayan bu torpaqlar Möminə Xatının simasında türbə üzərindəki “ey insan” müraciətli yazılarla dünyaya yayılmış insanları xoş üzlə qarşıladı.
Universitet illərində toponimika fənnini bizə tədris edən professor yaxın ərazilərin adlarını izah edərkən belə demişdi: “Azərbaycan ərazisində yayılan toponimlərin əksəriyyəti əkslik təşkil edir. Məsələn, bir ərazidə hər hansı bir toponim “isti su” mənasını verirsə, əmin olun ki, yaxınlıqda “soyuq su” mənasını verən hansısa toponim də vardır. Ya da hər hansı bir kənd adında “aşağı” sifəti varsa, yaxınlıqda bunun əksini ifadə edə bilən “yuxarı” sifəti ilə ifadə olunmuş daha bir toponim olacaqdır”. Məsələn, Babək rayonu ərazisində yerləşən Sirab və Qahab kəndləri kimi. “Sirab” – “suyu bol olan” mənasını verirsə, “Qahab” – “suyu az olan” deməkdir.
Yuxarıdakı məntiqdən çıxış etsək, bu yurda, bu torpaqlara gələn xoş niyyətli insanları xoş üzlə “ya sin” (ey insan) deyərək qarşılayan Möminə Xatın vardısa, bu yurda bəd niyyətlə gələn, onu əsarətdə saxlamaq istəyən insanları sərt qarşılayan bir rəmz də olmalı idi. Yurdun çətin günündə bu xalqın üz tutduğu, sığındığı, varını və varlığını qoruduğu bir məkan, yadelliyə, düşmənə yurdumdan “əlini çək” dediyi bir məkan – Əlincə. Xalq etimalogiyasında adının izahı “əlini çək”, bəzi tədqiqatçılara görə “Alancik” (“boş sahə”) mənasını verən Əlincə qalasının tikilmə tarixini bəzən 2 min il bundan əvvələ aid edirlər. "Kitabi - Dədə Qorqud”da möhkəm istehkam kimi təsvir olunan Əlincə qalası haqqında orta əsr tarixçilərindən Nəsəvi, Şərafəddin Əli Yəzdi, türk səyyahı Övliya Çələbi də məlumat verir.
Əmir Teymurun və oğlu Miranşahın 14 illik hücumlarına qaladakı insanların necə müqavimət göstərməsi, qalada su bitdiyi vaxt yerli feodalların təslim olmaq istədikləri anda Tanrının göydən yerə endirdiyi yağışla Əmir Teymura qarşı müqavimətin davam etdirilməsi, Tanrı ilə insanın vəhdətindən danışan, Tanrının ruhunun bir parçasının insanda əks olunduğunu söyləyən hurufilərin niyə məhz Əlincə qalasını qorumağa çalışdığı, hər bir hurufi müridinin uğrunda məhv olmağa hazır olduğu Fəzlullah Nəiminin niyə məhz burada – Əlincə ətrafında məhv olmağa razılaşdığı haqqında düşündükmü heç?
“Əlincə” sözünün özü bu sirrləri ən yaxşı şəkildə izah edir. Bu toponimin hansı mənaya gəldiyini düşünərkən bir məqam diqqətdən yayınıb. Bəzi orta əsr mənbələri Əlincə qalasından - “Yeröncək” deyə bəhs edir. (Bax: Nailə Vəlixanlı “Naxçıvan - ərəblərdən monqollaradək (VII-XII əsrlər)”
Sonralar “Əlincək”ə çevrilən “Yeröncək”in mənası isə “İlk məskən, ilk yurd” mənasını verir. Belə ki, sözün birinci hissəsi “Yer” bu gün də dilimizdə və bir çox digər türk dillərində “yer”, “məkan”, “torpaq” mənalarında işlənir. Əslində bu söz qədim şumer türklərində “ur” kimi ifadə olunan məskən-şəhər sözünün sonradan şəkildəyişməsi də hesab oluna bilər (Ur - yur (yer) – yurt – yurd).
“Öncək” isə daha çox Orta Asiyanın türk xalqlarında “giriş”, “ilkin”, “əvvəlki” mənalarını ifadə edir. Bu söz bu gün dilimizdə öz varlığını “öncə” kimi saxlayır. Beləliklə də ehtimal ki, Yeröncək - Əlincə qala ilə bağlı ad deyildir, hələ qalanın bu ərazidə inşa olunmasından daha əvvəl bu əraziyə verilən ad olub. Kim bilir, bəlkə Gəmiqayadan Nuh qövmündən ayrılan Nuhun Türk adlı oğlunun və tərəfdarlarının ilk məskənidir bura. Bəlkə, hurufilərin Tanrı ilə vəhdət fəlsəfəsinə inanaraq Əlincə ətrafını qorumaq istəmələrinin də səbəbi budur. Bəlkə, Fəzlullah Nəiminin özü “İlk yurd”da son mənzilə qovuşmaq üçün məhz bura gəlib?
Əlincə həm müqəddəsliyi həm də qəhrəmanlığı ilə Naxçıvanı qoruyan rəmzdir. Əlincə bu xalqın yenilməzlik simvolu, bu yurdun məğlubedilməzlik nişanəsidir. Əsrlərlə Azərbaycanın ərazisində mövcud olmuş neçə-neçə feodal dövlətinin məhz Əlincəni strateji ərazi kimi nəzarətdə saxlamağa çalışması təsadüf hesab edilə bilməz. Azərbaycan Atabəylər dövlətinin ən qüdrətli dövrlərində buranın xüsusi iqamətgaha çevrilməsi, dövlət xəzinəsinin məhz burada gizlədilməsi ərazinin və qalanın əhəmiyyətindən xəbər verir. Bir zaman öz daxilində Atabəylərin xəzinəsi gizlədən Əlincə, bu gün şanlı tariximizin neçə-neçə xəzinəsini yaşadır özündə.
Az qala bütün Qafqaza sahiblənmiş Əmir Teymurun adi bir qalanı 14 il mühasirədə saxlatdırması da inandırıcı görünmür. Zamanında “dünyanın fatehi” ləqəbini almış Əmir Teymurun 4 möhtəşəm yürüşü qarşısında (1386-1401) təslim olmayan qalanı deyirlər ki, qalada daxili çəkişmələr başlayandan sonra tutmaq mümkün olub. Teymurləng qalanı daxili çəkişmələr nəticəsində tutduqdan sonra Əlincənin məğlubedilməzliyinin səbəbini aydınlaşdırmaq üçün şəxsən Əlincəyə qalxıb. Bu mənada Əlincə həm də bizi hər zaman birliyə, bərabərliyə çağıran, bir olanda, özümüz olanda güclü olduğumuzu bizə xatırladan həmrəylik rəmzimizdir.
Elnur Kəlbizadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya
və Arxeologiya İnstitutunun əməkdaşı
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев