Albaniya və Atropatenanın siyasi əlaqələri ilə bağlı mənbələrdə hansısa diqqət çəkən məlumatlar qorunub saxlanmamışdır. Görünür bu Azərbaycan ərazisində yerləşən hər iki dövlətin sakit qonşuluq münasibətlərinin olması ilə əlaqədardır. Albaniya və Atropatenanın sərhəddləri Araz çayı boyunca keçmişdir. Lakin heç də bu sərhəddlərin sabit olduğunu demək olmaz. Belə ki, müasir Naxçıvan və Zəngəzur ərazisini əhatə edən Sünik vilayəti və Balasakan vilayəti gah Albaniyanın gah da Atropatenanın tərkibinə daxil olmuşdur. Bu vəziyyət təxminən bizim eranın III əsrinin əvvəllərinə qədər davam etmiş III əsrdən isə hər iki vilayət qəti şəkildə Qafqaz Albaniyasının tərkibinə qatılmışdır.
Bu iki vlayətin gah bir dövlətin gah da digər dövlətin tərkibinə qatılmasını etnoloq alim prof. Q. Qeybullayev etnik səbələrlə izah edir. Belə ki, mənbələrdə Qafqaz Albaniyası ərazisində yaşayan bəzi tayfaların Atropatena ərazisində də yaşaması qeyd edilmişdir. Balasakan vilayətində məskunlaşmış kaspilər həm də Atropatena ərazisinə yayılmışdı.
Həmçinin Qafqaz Albaniyasının aparıcı tayfalarından olan albanların da Atropatena ərazisində yaşaması haqqında da mənbələrdə məlumatlar vardır. Görünür bu iki dövlət arasında dinc münasibətlərin olmasını da məhz hər iki dövlətin əsasən eyni etnik ünsürlərdən təşkil edilməsi ilə izah etmək mümkündür.
Atropatena-Roma əlaqələri
Selevkilərin parflar tərəfindən Şərq ölkələrindən qovulmasından sonra güclü olan romalılar Parfiyanın ciddi rəqibi kimi tarix meydanına çıxdılar. Romalılar Ermənistanı və ona qonşu olan ölkələri, eyni zamanda Şərq ilə Qərbi birləşdirən ticarət yolunu ələ keçirməyə səy göstərirdilər. E.ə. 69-cu ildə romalılar Ermənistanı tutmaq istədikləri vaxt Atropatena öz ordusu ilə birgə Ermənistanın müttəfiqi kimi çıxış etdi və Tiqranakert döyüşlərində birləşmiş Atropatena-Ermənistan orduları Romaya güclü zərbə endirdi. Həmçinin Atropatena Romaya qarşı Parfiya ilə də müttəfiqlik edirdi.
Strabonun göstərdiyinə görə bu dövrdə Atropatena qüdrətli hərbi qüvvəyə malik idi. Onun məlumatına görə Atropatena 10.000 süvari və 40.000 piyada orduya malik olmuşdur. E.ə. 36-cı ildə böyük bir qüvvə ilə Şərqə hücum edən görkəmli sərkərdə Antoni Ermənistanı işğal etdi. Ermənistan çarı Artavazd 16.000-lik silahlı qüvvəsini məcburiyyət qarşısında onun ixtiyarına verdi. Antoni isə Atropatenanı tutmağa tələsirdi. Ermənistan çarı Artavazd Antoniyə yaz başlıdıqda hücum etməyi məsləhət gördü. Lakin Antoni onun məsləhəti ilə razılaşmayıb e.ə. 36-cı ilin payızında 100.000-lik ordu ilə Araz çayını keçərək Atropatena ərazisinə girdi. O, Atropatna hökmdarlarının qış iqamətgahı yerləşən Vera şəhərini tutdu və Fraaspa şəhərinə tərəf hərəkət etdi. Lakin Fraaspa atropatenlilər tərəfindən müdrikliklə müdafiə edilirdi. Atropatena hökmdarı, ləyaqətli sərkərdə olan II Artavazd şəxsən şəhərin müdafiəsinə rəhbərlik edirdi. Antoni tələsdiyindən ağır silahlar və qalauçuran alətlərlə silahlanmış Tatyanusun dəstəsindən ayrılmışdı. Bunu görən parflar arxada qalan Tatyanusun dəstəsinə hücum edərək, ordunun 10.000 lik həmin hissəsini məğlub etdilər və Tatyanusun özünü də öldürdülər. Bu hadisəni eşidən Antoni əsəbləşmiş və tez bir zamanda Fraaspanın tutulması əmrini vermişdi. Vəziyyətin ağırlaşdığını görən Ermənistan çarı Artavazd Antonini döyüş meydanında tək qoyaraq öz ordusu ilə birgə Ermənistana qaçmışdı.
Fraaspanın qəhrəmancasına müdafiəsi, atropatenlilərin güclü müqaviməti, işğalçılara qarşı partizan müharibəsinin aparılması, parflar tərəfindən Tatyanusun öldürülüb, ordusunun darmadağın edilməsi romalıların əzmini qırıb, onları geri çəkilməyə məcbur etdi. Antoninin Atropatenanı işğal etmək niyyəti baş tutmadı.
Atropatena dövlətinin AMEAnın rəsmi nəşri olan "Azərbaycan tarixi atlası"nda göstərilmiş ərazisi
Atropatena hökmdarı II Artavazd romalılardan külli miqdarda qənimət və hərbi əsir ələ keçirdi. Antoni Atropatena ərazini tərk etdikdən sonra əldə edilmiş qəniməti bölmək üstündə Parfiyahökmdarı IV Fraat ilə Atropatena hökmdarı II Artavazd arasında ziddiyyət yarandı. E.ə. I əsrin son illərində bu ziddiyyətlərdən istifadə edən II Artavazd roalılarla dostluq əlaqələri yaratmağa başladı. Atropatena hökmdarı II Artavazd Antoni ilə qohum oldu. Üzərində Avqustun təsviri və "Böyük hökmdar Artavazda" sözləri yazılmış gümüş sikkə bu dostluq əlaqələrini sübut edir. Yeni müttəfiqlərinə arxalanan II Atravazd Atropatenadan Qərbdəki vilayətlərdə (Ermənistan ərazisində) fəal siyasət yürütməyə başladı.
Romalıılar e.ə. 69-cu ildə Lukullun komandanlığı altında Pont çarı Mitrdat Evpatorun qoşunlarını məğlub edərək Ermənistana basqın etdilər. İberiya, Qafqaz Albaniyası və Atropatenanın da zəbt edilməsi qorxusu yarandı. Lukull Ermənistanın paytaxtı Tiqranakert şəhərini mühasirəyə aldı. Erməni çarı mənşəcə parf olan II Tiqranın müttəfiqləri olan atropatenlilər, qafqaz albanlarıvə iberlər öz orduları ilə onun köməyinə gəldilər. Plutarx qeyd edr ki, hökmdarlar əli silah tuta bilən bütün madaylar və qafqaz albanları ilə birgə bura gəlmişdilər. Babil yaxnlığında olan dənizdən çoxlu ərəb, Kaspi dənizindən isə külli miqdarda alban və onların qoşunları gəldilər. Həmçinin Araz boyunda yaşayan müstəqil tayfalardan da az adam gəlməmişdi (Plutarx,Antoni,XXX,VIII).
Tiqranakert yaxınlığındakı döyüşdə ermənilərin, atropatenlilərin və iberlərin birləşmiş qoşunları düşmənə şiddətli müqavimət göstərdilər. Onlar romalıların üstünə ox yağdırır, yanar neft tökürdülər. Plutarxın göstərdiyinə görə atropatenlilərin və albanların ordusu müttəfiqlər ordusunun çox böyük bir hissəsini təşkil edirdi. Belə ki, Tiqranakert yaxınlığında döyüşdə müttəfiqlər ordusunun sağ cinahı Midiya qoşunları adlanan qoşunlardan ibarət idi. Buna baxmayaraq Lukull Tiqranakerti ala bildi. Lakin e.ə. 67-ci ildə Roma qoşunları böyük itki verərək müttəfiqlərin təzyiqi altında tezliklə Ermənistandan çəkilməyə məcbur oldu. Roma senatı Lukullu komandanlıqdan kənar edərək buraya məşhur sərkərdə Qney Pompeyi göndərdi.
Atropatena Arşakiləri
Atropatenanın Atropatidlər sülaləsindən olan sonuncu hökmdarı V Artavazd idi. Onun dövründə Atropatenada Kiçik Arşakilər sülaləsinin və ya Atropatena Arşakiləri sülaləsinin əsasını qoyulmuş, III Artaban hakimiyyət başına keçdi. Arşakilərin Atropatenadakı kiçik qolu Sasanilərin hakimyyət başına gəlməsinə kimi hakimiyyət başında olmuşdur. Arşakilərin hakimiyyət başına gəlməsi ilə Atropatenada baş verən bütün siyasi cərəyanlar birmənalı şəkildə Romanın əlehinə çevrilmişdir.
Arşakilər hakimiyyətini ələ keçirən II Artaban öz qardaşı Vanonu Atropat Midiyasının təyin etdi. Eramızın 10-40-cı illərində hakimiyyət başında olmuş Atropatena hökmdarı III Artaban ana tərəfindən Parfiyanın Şimal – Şərq zonasında yaşayan zadəgan köçəri tayfaya mənsub olmuş, atası sə Atropatena hökmdarı olmuşdur. Məhz bu səbəbdən də III Artaban Atropatenada Arşakilərin kiçik qolunun banisi sayılır. O, romalıların barışmaz düşməni olmuşdur. Beləliklə Atropatın nəsli Artavazddan sonra Atropatena ilə yanaşı bütün İrana və ona tabe olan əyalətlərə də hökmdarlıq etmişdir.
Arşakilərin Atropatenada hakimiyəət dövrünün ən yadda qalan hadisələrindən biri də alan tayflarının ölkə ərazisinə yürüşü olmuşdur. Antik müəlliflərin əsərlərində allanların Atropatenaya iki yürüşündən bəhs olunur. Allanlar eramızın 72-74-cü illəri arasında Xəzər sahili əyalətlərə o cümlədən Atropatenaya da basqınlar etmişlər. Alanlar bu zaman çox geniş bir ərazidə – Azov və Xəzər dənizləri arasındakı böyük torpaqlarda yaşayırdılar. Arşakilər sülaləsindən olan Atropatena hökmdarı Pakor da allanların hücumlarının qarşısını ala bilməmişdi. Parfiya hökmdarı Valagez (Balaş) əlacsız qalaraq bu böyük təhlükənin qarşısını almaq üçün parflara düşmən olan Roma imperatoru Vespasiana üraciət edib kömək istədi. Romalılar isə bu zaman parfların təklifini rədd edərək allanlara qarşı vuruşmaqda onlara kömək etmədilər.
Arşakilərin kiçik qolu II Artabanın oğlu Vanondan başlayaraq III Artaban və sonra gələn hökmdarlar Atropatenanı hərbi-siyasi cəhətdən gücləndirməyə səy göstərirdilər. Bu hökmdarlar qüvvətli ölkələrlə ictimai-iqtisadi bəzi hallarda isə diplomatik əlaqə yaradırdılar.
Atropatena hökmdarları (e.ə. 250-ci ildən b.e. 224-cü ilinə kimi ) Arşakilər hakimiyyət başına gələn dövrdən ta onların hakimiyyətinin sonuna kimi öz müstəqilliklərini qoruyub saxlaya bilmişdilər. Lakin müxtəlif mənbələrdən Atropatena hökmdarlarının tarixin fərqli dövrlərində az miqdarda da olsa Parfiya şahlarına xərac vermələri faktları da məlumdur. Müharibə zamanı isə öz orduları ilə düşmənlə vuruşmalı olurdular. Bunun müqabilində parflar Atropatenanın daxili işlərinə qarışmır və qayda – qanunlarına toxunmurdular.
Eramızın ilk əsrləri Atropatenada feodal münasibətlərinin yaranması və güclənməsi dövrü idi.
Atropatena Sasanilərin tərkibində
Atropatena Sasanilər imperiyasının tərkibində
226-cı ildə baş verən tacqoyma mərasimində Sasanilər sülaləsi başçısı Ərdəşir Şahənşah (şahlar şahı) titulunu qəbul etməklə, 651-ci ilə qədər mövcud olan Sasanilər dövlətinin əsasını qoydu. Gənc dövlətin fəal xarici siyasəti tezliklə qonşu Bizansla toqquşmaya gətirib çıxartdı. Artıq IV əsrin son rübündə bütün Cənubi Qafqaz Bizans və Sasanilər dövlətləri arasında nüfuz dairələrinə bölündü, Ermənistanın böyük hissəsi, Albaniya və İberiya Sasanilər dövlətinə birləşdirildi. Bu imperiyanın dastakertinə – vilayətinə çevrilən Adurbadaqan isə öz torpaqlarının münbitliyinə və təbii sərvətlərinə (başlıca olaraq neft, duz) görə dövlətin iqtisadiyyatında birinci dərəcəli rol oynadı; zərdüştiliyin mühüm mərkəzi də Adurbadaqan oldu.
603-cü ildə başlanan növbəti Sasani-Bizans müharibəsi 628-ci ilə kimi davam etdi. Tərkibində Azərbaycan türklərinin də olduğu sasani qoşunları 622-ci ilə kimi uğurla vuruşurdular; hələ614-cü ildə Yerusəlim ələ keçirildi, Konstantinopol mühasirəyə alındı və Misir fəth edildi. Ancaq 622-ci ildən vəziyyət köklü surətdə dəyişdi, belə ki, məhz bu vaxtdan II Xosrovun qüvvələrinin bir hissəsi şərq sərhədinin köçərilərdən qorunmasına cəlb olundu. 623-cü ilin aprelində Ermənistana basqın edən Bizans imperatoru İrakli Dvini ələ keçirib, Adurbadaqan ərazisinə daxil oldu; Qazaka işğal edildi, buradakı Azərgüşnasp məbədi isə dağıdıldı. Bunun ardınca Azərbaycanın Naxçıvan, Urmiya şəhərləri, o cümlədən Həmədan tutulub darmadağın edildi.
Erkən sasani dövründə Adurbadaqan Sasani dövlətini təşkil edən şəhrlərdən (şəhr – ölkə və ya vilayət deməkdir) biri idi. Sasani ənənəsinə əsaslanan ərəb qaynaqları hələ ilk Sasani hökmdarı I Ərdəşirin (224-241) Albaniya, Balasakan və Sisakan hakimlərinin şahlıq hüquqlarını təsdiq etdiyi haqqında məlumat verir. Onun oğlu I Şapurun (241-272) dövründə imperiyanın tərkibi haqqında Nəqşi-Rüstəmdə "Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran olmayan" Adurbadaqan, İberiya, Ermənistan, Sikan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da adları çəkilir.
Sasanilər imperiyasına daxil olan müxtəlif vilayətlərin ərazisində, o cümlədən Azərbaycanda aşkar edilən kitabə və bullalarda (dövlət sənədlərinə bağlanan möhürlərdə) qeyd edilən titulların və inzibati terminologiyanın eyniliyi, eləcə də müxtəlif qaynaqlardakı xəbərlər göstərir ki, Adurbadaqan – Cənubi Azərbaycan ərazisində də bütün imperiyaya xas olan ərazi bölgüsü və inzibati idarəçilik qüvvədə idi.
Bu vilayətlərin hakimləri şəhriyar – "şəhr sahibləri", əyalətlərininki isə payqospan – "tərəfləri (yerləri) qoruyanlar" adlanırdılar. I Şapurun kitabəsi bu sözlərlə tamamlanır: "...Və bütün bu çoxsaylı şəhrləri [və onların] şəhriyar və payqospanlarını mən bizə bac verənə və rəiyyətimizə çevirdim". VI əsrdə I Xosrov Ənuşirəvanın inzibati islahatları nəticəsində dörd iri canişinlik – "kusf (hərfən: "tərəf, "cəhət") təsis edildi. Mənbələrin (ortafars və ərəb) məlumatına görə Cənubi Azərbaycan "Azərbaycan kustu" adlanan Şimal canişinliyinin tərkibində idi. Buraya həmçinin Albaniya, İberiya, Ermənistan, Balasakan, Sisakan, Rey, Gilan, Deyləm, Dəmavənd, Təbəristan, Ruyan (Rovan), Amul, Həmədan və Muğan da daxil idi. Son Sasanilər dövründə artıq bütün tarixi Midiya torpaqları canişinliyin tərkibində idi. Bəzi ərəb müəllifləri (ət-Təbəri) xəbər verirlər ki, dövlətin dörd canişinliyə bölünməsi hələ I Xosrova qədərki dövrdə həyata keçirilmişdi; I Xosrov hakimiyyət başına keçən kimi Sasanilərin dörd əyalətini idarə edən dörd payqospana, o cümlədən Adurbadaqan, Ermənistan və qonşu yerlərin payqospanı Zadoy Nahverqana xəbər göndərmiş, dövlətin baş hərbi rəisi – spahbedin vəzifələrini dörd "kustun" spahbedləri arasında bölüşdürmüşdü. Ərəb müəlliflərinin (ibn Xordadbeh və b.) əsərlərində böyük bir ərazini – Sasani imperiyasının Ermənistandan Təbristanadək bütün Şimal əyalətlərini, eləcə də talışların, xəzərlərin, alanların və b.-nın torpaqlarını idarə edən Azərbaycan spahbedi haqqında məlumat vardır.
Cənubi Azərbaycanda Təxti-Süleymandakı Adurquşnasp od məbədində aparılan qazıntılar zamanı tapılan V-VII əsrlərə aid edilən bullaların təhlili göstərir ki, kust termini həmçinin vilayət, nahiyə və ya bir neçə nahiyə mənasında da işlənirdi. Bu bullalar "Adurbadaqan tərəfin" inzibati-ərazi hakimiyyəti quruluşunu öyrənmək baxımından da maraq doğurur. Belə ki, Paris Milli kitabxanasında Albaniya katolikosuna aid edilən möhürdə belə bir yazı var: "Albaniya və Balasakan vilayətlərinin (kustlarının) böyük katolikosu".
Hələ Arşakilər dövründə çox vaxt özünü idarə edən şəhərlərin idarəsinə gəldikdə, Sasanilər dövründə bu şəhərlər şəhrablar tərəfindən idarə olunurdu. Adurbadaqan kustun tərkibinə daxil olan şəhərlərin də idarəçiləri bilavasitə şahənşaha tabe olan şəhrablar idilər. Təxti-Süleymanda aşkar edilən VI-VII əsrlərə aid bullalarda Azərbaycan şəhrabı (burada, görünür, ya Şimal kustunun bir parçası olan bütün Azərbaycan vilayətinin, ya da vilayət paytaxtının hakimi nəzərdə tutulur) haqqında məlumat vardır.
Siryani dini rəvayətlərində Adurbadaqan mərzbanı Tohm-Hörmüzdün, Mihran nəslindən olan Bet-Daraye mərzbanı Şahrənin, yenə həmin nəsildən olan Albaniya və İberiya mərzbanı Piran-Quşnaspın (onun xristian adı Qreqor olub; xristianların təqibi zamanı, 542-ci ildə əzablara məruz qalıb) və b.-nın adları çəkilir. Mənbələr Sasanilər dövründə mərkəzi hakimiyyətdə yüksək vəzifələr tuta bilmiş azərbaycanlılardan Rişəhr döyüşünün iştirakçısı, Pars mərzbanı Şəhrak haqqında məlumat verir.
Tədqiqatlardan aydın olur ki, bütün Şimal – Adurbadaqan kustunu idarə edən spahbed və payqospandan fərqli olaraq, mərzbanlar nisbətən daha kiçik əraziyə nəzarət edirdilər. IX-X əsr ərəb coğrafiyaşünaslarının məlumatının təhlili "böyük mərzbanlar" adlanan Adurbadaqan mərzbanlarının iqamətgahının Ərdəbil, Bərdə, Dərbənd (Bab əl-Əbvab) və bəlkə də Qazaka və ya Şizdə yerləşdiyini göstərir.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев