Yəqin ki, XII əsrdə yaşamış Azərbaycan şairəsi Məhsəti Gəncəvinin bu portretini görmüsünüz.
Həmin portretin müəllifi onu yaradarkən öz üz cizgilərindən istifadə etmişdir. Müəllif isə Azərbaycan xalq rəssamı Güllü Mustafayevadır.
Güllü Mustafayeva 29 noyabr 1919-cu ildə Türkmənistanın Çarcuy şəhərində doğulmuşdur. Əslən Şamaxıdan olan Güllü xanımın atası Hacı Naim Mustafa 1902-ci il Şamaxı zəlzələsindən sonra Türkmənistana köçmüşdür. 1927-ci ildə isə onlar vətənə qayıtmışdılar. Güllü Mustafayevanın anası Nabat xanım Seyid Əzim Şirvaninin nəslindən, atası Hacı Naim Mustafa isə Mirzə Ələkbər Sabirin yaxın qohumlarından idi.
Güllü Mustafayeva fəaliyyət illərində Mərziyyə Davudova, Şəfiqə Axundova, Səttar Bəhlulzadə və digər mədəniyyət və incəsənət xadimlərinin portretlərini yaratmışdır. Ən məşhur əsəri isə şübhəsiz “Məhsəti Gəncəvi”nin portreti idi. Bu əsərdə şairənin duruşu, gərgin pozası, üzünün demək olar ki, üsyankar ifadəsi Məhsəti Gəncəvinin öz dövrü ilə müqayisədə yüksək intellektə və cürətə malik olduğunu büruzə verir. Güllü Mustafayevanın qızı müsiqişünas Zemfira Qafarova portreti çəkərkən rəssamın öz üz cizgilərindən istifadə etdiyini bildirmişdi.
1992-ci ildə “Azərbaycan Respublikasının xalq rəssamı” adını alan Güllü Mustafayeva 18 may 1994-cü ildə Bakıda vəfat etmişdir.
Комментарии 1