Arif Əli oğlu Quliyev 16 may 1950-ci ildə Əli-Bayramlı şəhərində anadan olub.
Arif Quliyev uşaq evində böyüyüb. Üç yaşı olanda qara çarşablı bir qadın onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyub. Uşağa deyib ki, sənə peçenye alıb, gəlirəm. Axşam saat 8-ə qədər üç yaşlı Arif uşaq evinin qarşısında həmin qadını gözləyib. Uşaq evinin müdiri işdən çıxıb evə gedəndə, qapının qarşısında dayanan üç yaşlı uşağı görüb və onu uşaq evinə qəbul edib.
Soyadı olmadığına görə onu pionerə keçirməyiblər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxaraq ağlayırmış. Onun Yəhya adlı müəllimi Arifə deyib ki, onun valideynlərinin adları məlum olmadığı üçün onu pionerə keçirə bilmirlər. Həmin müəlim öz atasının adını və soyadını Arifə verib. Beləliklə də, kimsəsiz uşaq Arif Əli oğlu Quliyevə çevrilib. Bundan sonra onu pionerə keçiriblər.
Uşaq evinə başqa uşaqların yanına valideynləri, qohumları gələndə Arif pəncərədən həsrətlə onlara baxırmış. Belə günlərin birində sinif yoldaşından noğul istəyib. Oğlan verməyib. Arif otağına gedib, çarpayısına uzanaraq iki gün ağlayıb. Bir neçə gündən sonra isə Xalq artisti Lütfiyar İmanova dördüncü sinif şagirdi kimi məktub yazaraq ondan noğul istəyib. Bir həftə sonra Lütfiyar İmanov Arifə poçt vasitəsi ilə bir bağlama noğul yollayıb. Arif həmin noğulları uşaq evindəki bütün uşaqlara paylayıb. Ona noğul verməyən uşağa da bir ovuc noğul verib.
Sonralar Arif Quliyev qocalar evinə gedəndə atılan ana və ataların qarşısında diz çöküb ağlayırmış, illərlə onlar kimi ata-ana axtardığını deyirmiş. O, ömrünün sonuna qədər valideynlərinin həsrətini çəksə də, onu atdıqlarına görə heç vaxt onları qınamayıb. Əksinə, ona həyat bəxş etdikləri üçün həmişə üzünü görmədiyi valideynlərinə can sağlığı arzulayıb.
1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna imtahan verib. İki imtahandan keçsə də, birindən kəsilib. Artıq internatda yaşamaq hüququ da başa çatdığından küçədə qalan Arif çarəsiz halda texnikumun qarşısında dayanıb. Təhsil müəssisəsinin direktoru Cavahir xanım təsadüfən Arifi görüb və yanına çağırıb. Biləndə ki, onun heç kimi və qalmağa yeri yoxdur, Arifi özü ilə evinə aparıb, paltarlarını yuyub, yemək verib. Ertəsi gün isə onu texnikumun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul edib.
1968-ci ildə texnikumu bitirib və Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. Gəmin dönəmlərdə teatrın Mərkəzi komitənin tədbirində çıxışı nəzərdə tutulub. Aktyorlardan biri xəstələndiyi üçün Arif Quliyev səhnəyə tək çıxmalı olub. Gənc aktyorun çıxışı birinci katibin çox xoşuna gəlib və bu çıxışdan sonra katibin göstərişi ilə Arifə mənzil verilib.
Daha sonra teatr kollektivi ona qız axtarmağa başlayıb. Bir ailənin qızına elçi düşüblər, hətta kollektivin öz pulu ilə qıza nişan üzüyü də alıblar. Daha sonra Arif hərbi xidmətə yollanıb, geri qayıdanda isə nişanlısının başqa həmdəmi olduğunu eşidib və onların yolu ayrılıb.
Elə həmin ərəfədə başqa bir qızı sevib, ona çox bağlanıb. Qızın anasına fikrinin ciddi olduğunu deyib. Qızın anası artistə qız verməyəcəyini bildiririb. Arif məcburiyyət qarşısında qalaraq, sevdiyi qızdan ayrılıb. Ancaq Arif Quliyev aktyor kimi məşhurlaşandan sonra qızın anası onun yanına gələrək, qızını ona vermək istədiyini bildirib. Bu dəfə isə Arif onlara yox cavabını verib.
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib.
Günlərin birində Arif teatrla birgə Tibb Texnikumunda keçirilən konsertdə iştirak edirmiş. Zalda çıxış edən zaman o, hamı gülsə də, irəli sıralarda əyləşən bir xanımın gülmədiyini görüb. Bir müddət əvvəl avtobusda tanış olub, sonradan izini itirdiyi xanımı tanıyıb və onu tapdığına sevinib. Sonra xanımın kim olduğuyla maraqlanıb. Və 1977-ci ildə Gülzar adlı həmin xanımla ailə qurub.
Elçiliyə getməyə Arifin heç kimi olmadığından işlədiyi Musiqili Komediya Teatrının aktyorları Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Səyavuş Aslan Gülzar xanımgilin evinə elçiliyə gediblər.
Onun toy etmək üçün pulu olmadığı üçün özünün yaratdığı Satira Teatrı ilə Qəbələ rayonuna qastrola gedib, orada otuz gün çıxış edib və konsertlərdən yığılan pulla özünə toy edib. Toyunun tamadası Eldəniz Rəsulov olub.
Toy ərəfəsində bir qadın onun anası olduğunu deyib. Arif onun dediyi nişanələrə əhəmiyyət vermədən, həmin qadını anası kimi qəbul edib, onunla ünsiyyət qurub, toyuna dəvət edib. Sonrakı illərdə isə özünü Arifin anası hesab edən on doqquz qadın ona müraciət edib. Arif isə onların hamısını öz anası kimi qəbul edib, heç birinin xətrinə dəyməyib.
Gülzar xanımla evlilikdən onların iki oğlu, bir qızı dünyaya gəlib.
Oğlu Fərid öz dostları ilə birlikdə Fariz adlı bir gəncin ölümünə bais olub və nəticədə həbs olunub. Uzun sürən həbsxana həyatı və düçar olduğu vərəm xəstəliyi Fəridin həyatdan erkən köçməsinə səbəb olub. 2012-ci ildə Arif Quliyev oğlunu torpağa tapşırıb. Aktyor oğlunun ölümündən sonra mətbuata verdiyi açıqlamasında bu sözləri deyib:
“Danışmaq həddindən artıq çətindir. Oğlum belimi qırdı. Cavan olduğuna görə hamımız ümid edirdik ki, xəstəliklə mübarizədən qalib çıxacaq. Onun yoxluğu ilə barışmaq dözülməzdir. Allahdan qəni-qəni rəhmət diləyirəm. Bu kədərli günümüzdə tanıyıb-tanımamağımdan asılı olmayaraq hamıya minnətdaram. Allah heç bir valideynə övlad dərdi verməsin.”
Arif Quliyev teatrda işlədiyi dönəmlərdə "Təzə gəlin", "Gözün aydın", "Qayınana", "Hicran", "Durnalar qayıdanda", "Məhəbbət, şeytan və ağ ölüm" tamaşalarda maraqlı rollar yaradıb.
Onun "Şans", "Bığ əhvalatı", "Qayınana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" kimi bədii filmlərdə yaddaqalan obrazlar yaradıb.
1982-ci ildə Respublika Gənclər mükafatına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb.
1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunan aktyor. elə həmin il Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrda qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülüb. Prezident təqaüdçüsü idi.
2021-ci ilin aprelində koronavirusa (COVID-19) yoluxan aktyor ağ ciyərlərinin doxsan faizi buzlaşdığı üçün süni tənəffüs aparatına qoşulubmuş,
Xalq artisti 7 may 2021-ci ildə tutulduğu xəstəlik səbəbindən vəfat edib. Onun son mənzili "Qurd qapısı" qəbiristanlığı olub.
2. Heç şübhəsiz ki, bəzi istisnalar xaricində dünyanın əksər anaları övladlarının xoşbəxtliyi üçün hər şeyə hazırdırlar. Ancaq bu gün sizə danışacağımız hekayədə uşaqları üçün misli görünməmiş bir mübarizə aparan qadından bəhs edəcəyik. Meri Enn Vebster adlı bu qadın (ailə qurduqdan sonra Bevan) ərini itirdikdən və qorxunc bir xəstəliyə tutulduqdan sonra uşaqlarına qulluq etmək üçün təhqirə, istehzaya dözməli olub.
Meri Londonda böyük və eyni zamanda çox kasıb bir ailədə anadan olub. Ailədəki maddi çətinliklər onu çox erkən yaşlarından işləməyə təhrik edib. O, xəstəxanada tibb bacısı işləyib. Meri Enn Vebster ailə qurmağı xəyal edən çox cazibədar bir qadın idi. Tomas Bevan ilə 29 yaşında ailə qurub. Cütlüyün 4 övladı olub.
Daha sonra Meri sağlamlığında yaranan problemlərlə mübarizə aparmağa başlayıb: miqren, əzələ və oynaq ağrıları. Həkimlər nə baş verdiyini anlaya bilməyiblər. Ailəsi maddi baxımdan ondan asılı olduğu üçün Meri yalnız onları düşünüb, öz sağlamlığına diqqət ayırmayıb.
Merinin xəstəliyi inkişaf etdikcə müxtəlif simptomlar əmələ gəlib və üz hissəsində anormal bir böyümə başlayıb. Akromeqaliya adlanan bu xəstəliyin müalicəsi bir yana qalsın, buna 20-ci əsrin əvvəllərində diaqnoz qoymaq belə olduqca çətin idi. Bədəndə həddindən artıq böyümə hormonuna səbəb olan xəstəlik sümük, visseral və yumşaq toxumaların böyüməsinə gətirib çıxarır və tez-tez baş ağrısı və əzələ ağrısı ilə müşayiət olunur. Əksər hallarda bu, hipofiz adenoması kimi tanınan xoşxassəli bir şişə də səbəb olur. Bu gün həkimlər bu xəstəliyi uğurla müalicə edə bilirlər, ancaq 20-ci əsrin əvvəllərində yaşayan Meri çıxılmaz vəziyyətdə qalıbmış.
Meri ərinin ölümündən sonra uşaqlarını saxlamaq üçün iş axtarmağa başlayıb. Ancaq görünüşünü görənlər ona heç bir yaxşı iş təklif etməyiblər. Küçədəki insanlar isə onu təhqir edib, ələ salıblar. Beləliklə, onun üçün hər iş günü ayrı bir çətinlik yaradıb. Bir gün Meri eşidib ki, "Dünyanın ən çirkin qadını" adlı müsabiqə keçiriləcək.
Müsabiqə üçün mükafat kifayət qədər yüksək idi. Meri müsabiqədə iştirak etməyə qərar verib və bu müsabiqədə birincilik əldə edib. Ancaq bundan sonra da başqa problemlər yaranmağa başlayıb. Belə ki, medianın müsabiqəyə marağı yüksək olduğu üçün qəzetlərdə Meri haqqında xoşagəlməz yazılar çap olunub. Lakin Meri bütün bunların da öhdəsindən gəlib, gəlir qazanmaq üçün vəziyyətdən istifadə edib.
1920-ci ildə ABŞ-da işləməyə dəvət edilib. Görünüşünə uyğun paltarlar geyinərək nümayiş etdirməli olduğu tamaşalara dəvət olunub. Bu tamaşalarda qeyri-adi xüsusiyyətləri olan digər insanlar da var idi. Saqqallı qadın, cırtdanlar, nəhənglər və siam əkizləri insanları əyləndirməyə çalışıblar.
Tamaşaçılar bu cür tamaşaları çox sevirdilər. Və beləliklə də, Meri sirk mədəniyyətinin ən populyar aktrisalarından birinə çevrilib. Yenə də lağa qoyulsa da, övladları üçün hər şeyə dözüb.
Meri ömrünün böyük hissəsini sirkdə keçirib. Təəssüf ki, akromeqaliya xəstələrinin ömrü çox da uzun olmur. Meri də 1933-cü ildə 59 yaşında vəfat edib. Ölümündən sonra vəsiyyətinə uyğun olaraq övladları tərəfindən vətəni İngiltərədə dəfn edilib.
3. Qarqoyl sözü (fransızca: gargouille) latın dilində olan "garg" (boğaz) və qədim fransız dilində olan "goule" (qulyabanı) sözlərinin birləşməsindən yaranıb.
Bu heykəl növü adətən daşdan olur, qrotesk, roman və qotik memarlıq üslublarında heyvan və insan kimi təsvir edilir.
Metonimiyaya görə, belə fiqurlar suyu xaric edirlər və əksər hallarda vahiməli bir heyvanı təmsil edirlər. Buna görə də onlara yunan məbədlərində, maskaronlarda və fəvvarələrdə rast gəlmək olar. Qarqoyllar xaric etmə funksiyasına malik olmayan və çox vaxt sadəcə pinakl və kontrforsların yanında bəzək üçün inşa edilən ximeralardan fərqlənirlər.
Qarqoyllar haqqında müxtəlif əfsanələr var. Bu əfsanələrdən biri də Ruan yepiskopu müqəddəs Romanın əjdahanı məğlub etməsi haqqında əfsanədir. Əfsanəyə görə, Sena çayı yaxınlığında bir mağarada yaşayan, uzun və əyri gövdəsi, güclü çənələri və qorxunc gözləri olan “La Gargouille” adlı nəhəng bir qanadlı əjdaha olub. Bu əjdaha insanlarla qidalanıb. Əjdaha qədəm qoyduğu hər yeri viran edib. Əlbəttə ki, ərazinin sakinləri əjdahanın varlığından qorxublar. İddialara görə, Ruan sakinləri, əjdahanın qəzəbini yatırmaq üçün hər il ona insan qurbanı da təqdim ediblər.
600-cü ildə Müqəddəs Roman adlı bir keşiş Ruana gəlib. Keşiş xristianlığı qəbul etmək və kilsə tikmək müqabilində insanları əjdahadan xilas edəcəyinə söz verib.
Həqiqətən də, keşiş vədinə əməl edib. Əjdahanın başı və bədəni kəndin girişində asılaraq yandırılıb. Bundan sonra insanlar binaların kənarlarına bəzək kimi əjdəha başı vurublar.
Amma bu, sadəcə, bir əfsanədir. Bu memarlıq elementlərinin niyə bu qədər dəhşətli görünməsi ilə bağlı müxtəlif fikirlər var: pis ruhları qorxudurlar və ya insanlara kilsəyə getməli olduqlarını xatırladırlar?
Qarqoyllar 1200-cü illərdə Avropadakı bütün kilsələrdə çox populyar bəzək sayılırdı.
Qədim misirlilərin, romalıların və yunanların binalarında drenaj ağzı (torpağı, yeri qurutmaq üçün qrunt və ya axıntı sularının süni yolla axıdılması) kimi istifadə etmək üçün qarqoyllar dizayn etdikləri də məlumdur.
Yağış yağanda qarqoylun üst hissəsindəki yivdə yığılmış su bu fiqurların açıq ağzından axır və binalardakı divarları qoruyur. Eyni zamanda da maraqlı bir görüntü yaradır. 2019-cu ildə yanan Notr-Dam kilsəsindəki qarqoyllar xüsusi diqqət çəkirdi. Çünki ilk qarqoyllar Notr-Dam kilsəsi üzərində dizayn edilib.
Ancaq dünyada bu quruluşlara aid başqa bir çox nümunələr var.
Qarqoyllar heyvanlar, əjdahalar və qəribə, xəyali heyvanlar da daxil olmaqla hər cür canlıya bənzədilərək hazırlanır. Bəzi qarqoyllar hətta insana belə bənzədilərək hazırlanır.
XIX əsrdə kilsələrin qarqoylları və ximeralarına yeni maraq yaranıb. Bu marağın əsas səbəbi Viktor Hüqo Qara banda (La Bande Noire) haqqında yazdığı qəsidədir. Viktor Hüqo 1831-ci ildə dərc edilən "Paris Notr-Dam kilsəsi" romanında qarqoyllar haqqında məlumat verir. Belə ki, Kvazimodanın eybəcərliyi qrotesk qarqoyllarda öz əksini tapırdı. Notr-Dam kilsəsinin qarqoyllarının bir neçəsi keçmiş dövrün dəbi olnası və zəmanənin neoklassik dəbinə uyğun gəlməməsi bəhanəsi ilə 1792-ci ildə dağıdılıb.
Комментарии 1