Enheduannanın yazılarından günümüzə qədər gəlib çıxan ilahilər və şeirlər arasında “İnninsaqurra”, “Ninmesarra”, “İnninmehusa”, “Eunir”, “Evgimeya” və “Enheduanna" mədhiyyələri də var. Bu əsərlərində şumerlərin “İnanna”, akkadların isə “İştar” adlandırdıqları tanrıçanı mədh edir, eyni zamanda, atasının böyük bir coğrafiya üzərindəki siyasi hakimiyyətini asanlaşdırmaq üçün inancları birləşdirdiyini yazır. Yəni, o, tarixdə təkcə dini deyil, həm də ictimai-siyasi rol oynamışdı.
Enheduanna dini nəğmələrdən əlavə, kədər və ümidlərini, dini inancını, müharibə və yaşadığı dünya ilə bağlı hislərini əks etdirən qırx iki şeir yazıb. Daha doğrusu, bu günədək gəlib çatan şeirlərin sayı bu qədərdir..
Tədqiqatlar zamanı diametri 25.6 sm, qalınlığı 7.1 sm olan daş lövhə tapılıb. Enheduanna burada Nannanın arvadı və Kral Sarqonun qızı kimi təsvir olunur. Lövhənin funksiyası bilinməsə də, ehtimal ki, məbəddə memarlıq nümunəsi olub. Belə hesab olunur ki, lövhədə təsvir olunan səhnə qədim Şumer ritualıdır. Bununla yanaşı, bəzi yeni akkad çalarları var. O, əvvəllər bir çiyinə atılan şalın yerinə uzun rahibə donunda təsvir olunub. Enheduanna burada günahların yuyulması mərasimində iştirak edir.
Lövhənin yuvarlaqlığı Ay tanrısı Nannaya məxsus xüsusiyyəti - Ayın dairəviliyini simvolizə edir. Ay yağış və qida gətirən ulduz olmaqla yanaşı, ən önəmli tanrı kimi qəbul olunurdu.
O dövrdə istifadə edilən Ay təqvimi vardı. Bu təqvim əkinçilik dövrünü və adi günləri, ay və ili müəyyən edirdi. Ay tanrısının əsas rolu insanların taleyini müəyyənləşdirmək idi. Eyni zamanda, Ay Enheduannanın simasında tanrının yer üzündəki təcəssümüydü. “Heduanna”, “cənnətin bəzəyi” deməkdir.
Enheduanna, eyni zamanda, tarixə məlum olan ilk münəccim qadındır. Taxılların nə vaxt əkilib-biçilməli olduğunu və vacib dini bayramların vaxtını müəyyən etməkdən məsuliyyət daşıyıb. Bunu etmək üçün il boyu Ayı izləyib və təqvimi hesablayıb. Digər tərəfdən, fəsillərin və Günəşin qeydlərini apararaq, Yerin Günəş ətrafındakı hərəkətinə uyğun gələn ikinci bir təqvimi də hazırlayıb.
Комментарии 1