Biləsuvar - Bəhrəmtəpə magistral yolunun Nəsimikənd kəndindən keçən hissəsində günorta radələrində piyada vurulması ilə nəticələnən yol - qəza hadisəsi qeydə alınıb. Belə ki, rayonun Bəydili kənd sakini Tofiq Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus hərəkətdə olarkən yolun kənar hissəsində piyada, 20 yaşlı Rəşad Rauf oğlu Əkbərovu vurub. İlkin məlumata əsasən, sürücü qarşısına qəfil çıxan inəyi vurmaqdan yayındığı üçün idarə etdiyi nəqliyyat vasitəsini yolun sağ kənarına çəkib. Məhz bu zaman telefonla danışaraq yol kənarı ilə hərəkət edən piyadanı vurub. Ağır xəsarətlər alan Rəşad Əkbərov elə sürücünün öz maşını ilə dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ciddi xəsarətlər alan Rəşad Əkbərov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bir neçə saatlıq tibbi prosedurlardan sonra həkimlərin səyi ilə onu həyata qaytarmaq mümkün olub.