Aprelin 6-da təmas xəttində erməni təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun şəhid olmuş daha bir hərbi qulluqçusu, gizir Ağayev Rusif İbrahim oğlu bu gün doğulduğu Lənkəran rayonunun Hirkan kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində Lənkəran şəhər İcra Hakimiyyətinin başçisi Taleh Qaraşov, icra aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər. Dəfn mərasimində vətən torpağının müdafiəsi uğrunda döyüşən və düşmənə sarsıdıcı zərbə vuraraq həlak olan şəhidimizin daim yaddaşlarda yaşayacağı və qanının yerdə qalmayacağı bildirilib. Şəhid Rusif Ağayevin nəşi torpağa tapşırıldıqdan sonra havaya yaylım atəşi açılıb. Şəhidin tabutuna çəkilən Azərbaycan bayrağı isə atasına təqdim olunub.