Müxalif və müstəqil ekspertlər 3 günlük savaşın yekunları ilə bağlı qətnamə qəbul edib
“3 gün davam edən əməliyyatlar Qarabağ savaşı ilə bağlı uzun illər ərzində formalaşan vəziyyəti dəyişdirdi. Qısa müddətdə həm ölkə ictimaiyyətinin, həm dünya birliyinin münaqişəyə münasibətində dəyişikliklər baş verdi ”.
Bu fikirlər aprelin 12-də Müsavat Partiyasının qərargahında keçirilən “Qarabağ savaşının 2 aprel mərhələsi: Qazandıqlarımız və itirdiklərimiz” mövzusunda dəyirmi masada dilə gətirilib.
Tədbirdə 3 günlük müharibə ilə bağlı proseslər tam başa çatmasa da bəzi ilkin nəticələrin mənzərəsinin məlum olduğu vurğulanıb. “Dəyirmi masa”da qəbul edilən qətnamə qazandıqlarımız, itkilərimiz, təkliflər olmaqla 3 bölməyə ayrılıb.
Qazanc...
Qazandıqlarımız bölümündə deyilir ki, bu müharibədə xalqın Qarabağın işğalı ilə heç zaman barışmadığı bəlli olur. Bundan əlavə, xalqın özünə inamının artması, Qarabağın azad edilməsinin dünya azərbaycanlılarını birləşdirən nöqtə çevrilməsi qeyd edilir. Müəlliflərə görə, bu savaş hərbçilərin vətən uğrunda döyüşlərdə qətiyyətli olmasını ortaya qoydu.
Üstəlik müəlliflər düşünür ki, bu savaş Azərbaycanın əsas müttəfiqinin Türkiyə, Ermənistanın isə müttəfiqinin Rusiya olmasını birmənalı ortaya qoyub.