Zəlimxan Yaqubun Almaniyanın Münhen Ürək Xəstəxanasında xəstə yatarkən yazdığı şeir Ədalət Dəlidağlının ifasında...
Ey qərib məmləkət,ey qürbət diyar,
Demə yollarımı azıb gəlmişəm.
Alna nə yazılıb,Allahım bilir,
Mən öz dastanımı yazıb gəlmişəm.
Köküm, çiçəklərim,tağım ordadı
Mən burda xəstəyəm,sağım ordadı.
Qayalı, bulaqlı,dağım ordadı,
Damlayam, qayadan sızıb gəlmişəm.
Özün bil, özgəyə bildirmə məni,
Ağlada-ağlada güldürmə məni.
Sən Allah, qürbətdə öldürmə məni,
Vətəndə qəbrimi qazıb gəlmişəm.
Almaniya, Münhen Ürək Xəstəxanası.
12.03.2008