Birinci Qarabağ müharibəsi zamanı ermənilərin Qarabağdakı evlərdən birindən oğurlayaraq Amerika Birləşmiş Ştatlarına apardığı Azərbaycan xalçası Bakıya gətrilib. Los-Ancelesdə yaşayan həmyerlimiz onu erməni xalçası adı ilə satıldığı virtual hərracdan əldə edib. Həmin xalça artıq Bakıya gətirilib və Xalça Muzeyinə təqdim olunub.
Xalçalardan birinin üzərində kiril əlifbası ilə “Sərvərə anasından yadigar ad günü hədiyyəsi” sözlərinin yazıldığını görən həmyerlimiz Azərbaycan mətbuatı vasitəsilə xalçanın sahibinin tapılması üçün ictimaiyyətə müraciət edib. Amma indiyədək bu qeyri-maddi mədəni irsin sahibi tapılmayıb.
Xalçaların hər biri hərraca 800 dollara çıxarılıb. Mütəxəssislərin ilkin rəyinə görə, xalça Zəngilan xalçaçılıq məktəbinə məxsusdur və XX əsrin ortalarında toxunub. Artıq xalça üzərində elmi-tədqiqat işlərinə başlanılıb. Tədqiqat işləri yekunlaşan kimi ekspertlər bununla bağlı dəqiq məlumat verəcəklər.
Artıq bir neçə gündür muzeydə “Sahibini gözləyən Qarabağ - Los-Anceles xalçası” adı altında nümayiş olunan xalçalara təkcə yerli ziyarətçilərin deyil, şəhərimizə gələn turistlərin də marağı böyükdür. Bu xalçalar sahibini tapana qədər muzeydə nümayiş olunacaq.