Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Silahlı Qüvvələrin şəhid olan giziri Səfərov Elimdar Səlimxan oğlu bu gün dəfn edilib. 24 yaşlı gizir Neftçala rayonunun Aşağı Qaramanlı kəndində torpağa tapşırılıb.
İzdihamlı keçən dəfn mərasimində Müdafiə Nazirliyinin və rəsmi dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Neftçala və ətraf rayonlardan minlərlə sakin iştirak edib. Ailədə 3 bacının tək qardaşı olan Elimdar Səfərov 2012-ci ildən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edirdi. Ən böyük arzusu isə torpaqlarımızın düşməndən azad olunması, üçrəngli bayrağımızın Qarabağ torpaqlarında dalğalanmasını görmək idi. Elimdarın bu arzusu onu şəhidlik zirvəsinə qovuşdurdu. Aprelin 2-nə keçən gecə təmas xəttində işğalçı erməni ordusu bütün cəbhə boyu mövqelərimizi və yaşayış məntəqələrimizi intensiv atəşə tutarkən Silahlı Qüvvələrimizin 24 yaşlı giziri də düşmən gülləsinə tuş gəlir. Vətən, torpaq uğrunda şəhid olur.
Dəfn mərasimində iştirak edən hərbçi yoldaşları Elimdar Səlimxan oğlunun şücaətindən, qorxmazlığından danışıblar. Mərasimdə şəhidin cənazəsi doğulduğu Aşağı Qaramanlı kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Bildirilib ki, döyüşçü yoldaşları Elimdarın arzusunu yerinə yetirəcəklərinə and içiblər.