O, ağacdan müxtəlif heyvanların fiqurlarını düzəldir, musiqi alətlərinin kiçik maketlərini hazırlayır, yazılar yazır və digər sənət nümunələri ərsəyə gətirir. Söhbət Lerik rayon sakini Famil Qafarovdan gedir. Oyma sənəti artiq səkkiz ildir ki, onun hobbisinə çevrilib.
31 yaşlı Lerik rayonunun Cəngəmiran kənd sakini Famil Qafarov oyma üsulu ilə əl işləri hazırlamağa 2009-cu ildən başlayıb. Əsas peşəsi ticarətçi olan Familin sözlərinə görə bu iş onun hobbisidir. İlk hazırladığı əl işi isə kitab olub.
Oymaçı Famil Qafarov: “Boş vaxtlarımda işləyirəm. Misal üçün mən bu işi işləsəm sutkanın yarısını işləsəm iki günə hazırlamaq olur.”
Oymaçı deyir ki, xammal kimi isə palıd ağacından istifadə edir.
Oymaçı Famil Qafarov: “Çünki burda gördüyünüz incə işlərdir. Palıd materialı da möhkəm olduğuna görə incə işləri işləmək rahat olur.”
Müsahibimiz ağaclarla işləmək, onlardan hər hansı bir sənət nümunəsi ərsəyə gətirməyin o qədər də asan olmadığını bildirir. Çətin olmasına baxmayaraq əl işlərində müxtəlif əsərlərin kompozisiyalarını da yaradır.
Oymaçı Famil Qafarov: “Bu əl işim Fərhad və Şirin adlandırmışam. Burada Fərhad qaya üstündə qalıb və əlində külüng. Şirini də təsfir etmişəm. Burda fərhad öz sevgisini, çücaətini bildirmək istəyir.”
Gənc oymaçı hazırladığı əl işlərinin heç birini satışa çıxarmayıb. Amma müxtəlif sərgilərdə nümayiş etdirib.
Oymaçı Famil Qafarov: “Rayon üzrə sərgilər olub. “Dekorotiv tətbiqi sənət” festivalında iştirak etmişəm. Zona üzrə müsabiqədə olmuşam. Orada da birinci yeri tutmuşam.”
Famil Qafarov əl işlərini gələcəkdə daha da genişləndirmək, və bu sahədən gəlir əldə etmək fikrindədir.